adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yuxu kimi

FAİQ QİSMƏTOĞLU
1909 | 2021-10-22 12:25

İstedadlı və unudulmaz müğənni Səyyad Əlizadənin xatirəsinə

 

...Onu ilk dəfə yaxın qohumum və dostum Kamran Əhmədovun oğlunun kiçik toy məclisində görmüşdüm. O qədər səliqəli, o qədər sadə və o qədər səmimi idi ki, elə ilk tanışlığımızdan aramızda bir doğmalıq, bir şirinlik, bir məhəbbət yarandı. Toyu tək özü aparmırdı, yanında bir xanım müğənni də var idi: Rahidə Baxışova. Onunla da tanış oldum. Rahidəyə dedim ki, mənim qızımın sənə hörməti var. Çünki o xanım müğənni də tərbiyəli, əxlaqlı bir qız idi...

...Elə gözəl toy apardılar ki, həmin toy bu gün də mənim yaddaşımda, hafizəmdə qalıb. Elə bil bir şey yadımdan çıxmışdı. Onu da deyim: toydan qabaq Xaçmazda istirahət parkında, Şərqin böyük xanəndəsi Ağabala Abdullayevin oğlu Nizami Abdullayevlə Manaf Ağayevi gördüm. Onlar bilyard oynayırdılar. Soruşdum, siz Xaçmazda xeyir ola? Dedilər ki, Kamran müəllimin oğlunun kiçik toyuna gəlmişik...

...Toyda Nizami Abdullayevlə Manaf Ağayevin «Dolanım başına, Füzulim mənim!», «Ay Vətən oğlu!» və eləcə də «Qarabağ şikəstəsi» bizim hamımızı həyəcanlandırdı, kövrəltdi və hətta ağlatdı. Yadımda o da qaldı ki, Füzuli rayonun sabiq polis rəisi, polkovnik Binnət Məmmədov və icra hakimiyyəti başçısının müavini rəhmətlik Məhərrəm Nəzərov o mahnıların kövrək notlarından özlərini saxlaya bilməyib qəhərləndilər...

... Səyyad Əlizadə ilə o toyda elə bir səmimi münasibət yarandı ki, elə bildim onu 40-50 il bundan qabaq tanıyıram. Çünki bizi birləşdirən, bizi bir-birinə doğmalaşdıran həm də o Vətəndir, torpaqdır. Bəhmənli ilə Səyyadgilin kəndi Babının arasındakı məsafə 15 km ola, ya olmaya. Və bu 15 km bizi bir-birimizdən ayırmırdı, əksinə Babı ilə Bəhmənli elə bil qardaşdır. Və qohumlarımızın da əksəriyyəti Babıda yaşayır, xeyrimiz, şərimiz bir yerdə olur...

... Deyirlər ki, istedadlı adamlar, yaradıcı insanlar heç vaxt ölmürlər. Bu sözlərdə çox böyük məna və gizlin mətləblər var. Çünki uzun illər və hətta əsrlər keçib böyük sənətkarları ya yazdıqları romanlar, povestlər, şeirlər yaşadıb, ya da bəstələdikləri mahnılar, ifa etdikləri musiqilər yenidən onlara bir ömür verib. Elə müğənnilər də bu qəbildəndir. Səyyadın bir-birindən gözəl mahnıları çox olub. Hər hansı mahnını elə ifa edirdi ki, bu ifa yalnız ona məxsus olurdu...

...Təkcə bir mahnını – «Bəyaz gecələr»i yada salmaq bəs edir. Onun ifa etdiyi bu mahnı milyonlarla insanın ürəyini, qəlbini fəth edib. Və milyonlarla insanın kədərini, həsrətini, nisgilini əridib. Onların üstünə işıq salıb, məlhəm qoyub və ən nəhayət, dərdli adamların dərdini unutdurub. Nə vaxta qədər ki, «Bəyaz gecələr» var, o vaxta qədər də Səyyad Əlizadə olacaq. Özü qədər səliqəli, özü qədər səmimi və özü qədər də sadə müğənni az olub...

...Onu çox vaxt televiziyalarda çıxış edəndə ağ kostyumda görmüşəm. Və ağ kostyum ona çox gözəl yaraşıb. Sanki o ağ kostyumda dördqanadlı, altıqanadlı mələklərə bənzəyirdi. Dördqanadlı, altıqanadlı mələklərə bənzəyən Səyyadın çöhrəsindən nur tökülərdi. Və bəzən tamaşaçı elə düşünərdi ki, bunun dərdi yoxdur. Amma onun sağalmayan və heç vaxt yaddan çıxmayan oğul dərdi vardı. Səhv etmirəmsə, oğlunu 9 yaşında itirmişdi. Amma bu dərdi, bu kədəri heç vaxt kiməsə bildirməzdi...

...Bir dəfə də Nizami Abdullayevlə onun studiyasında görüşdük. Çox gözəl və müasir tələblərə cavab verən bir studiyası vardı. O, studiyada tək özü deyil, həm də təmənnasız olaraq digər sənət yoldaşlarına mahnıları yazdırmağa şərait yaradırdı. Daha doğrusu desək, o heç kəsin paxıllığını çəkməz və hamının uğuruna sevinərdi. Çünki Səyyad Əlizadənin çox böyük ürəyi vardı. Heç vaxt bayağı, zəif mahnılar oxumazdı...

...Onun repertuarına fikir versəniz, görərsiniz ki, bütün ifa etdiyi mahnılar ya xalq mahnısıdı, ya da bəstəkar mahnısı. Əlbəttə, o mahnıları ifa etmək elə də asan deyil. Ara mahnısını oxumağa nə var ki?! Oğul odur ki, xalq və bəstəkar mahnılarını ifa eləsin. Bunun üçün zəhmət, təcrübə, səbr və bir də istedad lazımdır. Bax, bunların hamısı Səyyad Əlizadədə daha yaxşı alınırdı və bəzən də düşünürdün ki, onun nə boyda səbri var...

...Qədim, unudulan və yaddan çıxan mahnıları çox əzab-əziyyətlə üstündə işləyər, tər tökər və yeni aranjimanda tamaşaçılara təqdim edərdi. Yəni o əziyyət çəkməkdən, işləməkdən heç vaxt çəkinməyib, əksinə, ən çətin mahnılara belə ürəklə girişib və axırda da gözəl bir mahnı ifa edib...

...Onun ifa etdiyi qeyri-adi bir mahnı var: «Yarəb, hanı o vəfalı günlər...» Özü də bu mahnını dəfələrlə tək oxuyub. Sonradan duet formasında müğənni Mənzurə ilə birgə ifa edib. Və bu mahnı bizim tələbəlik illərinin ən sevilən və unudulmaz musiqilərindən olub. Hər iki müğənni bu gözəl mahnını özünəməxsus bir formada ifa edir, tamaşaçının, dinləyicinin qəlbini riqqətə gətirir və bir daha insanların qəlbində əbədi sevginin və əbədi məhəbbətin daim yaşarlığını oyadırlar...

...O mahnı ki, hamı tərəfindən sevilir və xitə çevrilir, bu mahnılar həmişə yadda qalan, unudulmaz və şirin bir xatirə kimi insanların ürəyinə, qəlbinə hopur. Müğənnidən çox şey asılıdır. Muğənni var ki, yaxşı mahnını yaman günə qoyur, müğənni də var ki, pis mahnını elə gözəl oxuyur ki, o mahnını dinləyən hər bir insan özünü çox rahat hiss edir. Bax, Səyyad Əlizadə belə bir istedadlı müğənnilərdən olub. Hansı mahnını ifa edibsə, o mahnıya özünün şirinliyini, bal səsini və səmimiyyətini qatıb. İnanın, mahnı səmimi ifa ediləndə, müğənni də yadda qalır, mahnı da, hətta onu müşayiət edən ansambl da... ...Onun barəsində neçə vaxt idi ki, yazı qələmə almaq istəyirdim. Amma alınmırdı. Səyyadın Allahın dərgahına qovuşması nəinki onun doğmalarını, hətta pərəstişkarlarını da çox kədərləndirib. Elə bir eloğlu kimi mənim də həddindən artıq sarsılmağıma səbəb olub bu ölüm. O, öz elinə-obasına, böyüyüb başa çatdığı Füzuli rayonunun Babı kəndinə çox sədaqətli olub. Hər müğənni məşhurlaşandan sonra elinə-obasına tez-tez getmir. Amma Səyyad Füzulinin ən ağır günündə cəbhədə əsgərlərimizin yanında olur, doğma kəndinə baş çəkir, el-obanın xeyir-şərində iştirak edirdi. Yəni, o təpədən-dırnağa doğma kəndi Babıya bağlı idi...

...Dünyasını dəyişməmişdən öncə də vəsiyyət eləyib ki, onu Babıda, ata-anasının yanında dəfn eləsinlər. Elə həmin qəbiristanlıqda da Səyyadı dəfn ediblər. Qardaşı deyir ki, hələ də onun ölümünə inanmırıq. Elə bil ki, yuxu görürük. Bəli, onun ölümü yuxu kim idi. İndi öz ata-anasının uyuduğu qəbiristanlıqda əbədi yuxuya gedib...

...Amma Səyyad Əlizadənin ifa etdiyi «Bəyaz gecələr»i və digər mahnıları heç vaxt ölməyəcək. Əgər onlar sevilirsə, ürəkləri və qəlbləri riqqətə gətirirsə, Səyyad da yaşayacaq. Hər dəfə o mahnılar səslənəndə, onu ağ kostyumda, ağ libasda tamaşaçı yenidən görəcək. Ruhun şad olsun, məzarın nurla dolsun, Səyyad Əlizadə!...

TƏQVİM / ARXİV