adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Rza Rzayev yazır: "GEDƏCƏK YER AXTARAN AZƏRBAYCANLILAR..."

RZA RZAYEV
62674 | 2018-01-24 18:29

Həmişə fırlanan mövzudur və heç vaxt da dayanmayacaq, dayanana az qalmış yenə kimsə təkrar fırladacaq – "volçok" kimi.

Niyə köhnə söhbətə qayıtmaq istəyirəm, çünki bütün təzə söhbətlər, yəni baş verənlər və verəcəklər köhnəyə bağlıdır.

Heç kim deməsin "olan olub, keçən keçib", heç kim heç nəyi unutmayıb. "Unutmuşuq" deyənlər də, "barışanlar" da məqsədli barışıb, görüblər başqa yolları yoxdur, vaxt qazanırlar, fürsət gözləyirlər, qisas gününə qədər "dost" kimidirlər.

Bu söhbət indi daha çox keçmiş müxalifətçilər arasında "gedir", ya da hərdən mətbuatda müzakirə edilir – çoxları ittiham olunur. Suçlamalar belədir – satılmışlar, satqınlar, çünki hansısa "faizin" qarşısında mövqe dəyişikliyi olub. Yeni ofislərə köç etsələr də, yerlərini dəyişsələr də adlarını dəyişməyiblər, müxalifətçi adını saxlayıblar – şərtin son bəndini. Yəni şərt belə olub ki, adı saxlayasan, müxalifət olmayasan, müxalifətçi kimi danışasan.

Danışılanlar o qədər yaxın tarixdir ki, ad günlərini yadında saxlaya bilməyənlər belə bu günləri yaddaşlarına yazıblar.Yenə adları sadalamaq istəmirəm, keçmişdə çox qatı, islaholunmaz, barışmaz müxalifətçi kimi ad çıxaranlar var idi ki, kütləonların bu fərdi göstəricilərinə görə meydanlarda onların uğrunda ürək və can qoydular, sonda da unuduldular, taleyin ümidinə buraxıldılar. Bir müddət sonra "çayxanadan çıxanlara" "qərargahın" çayxanasında çay da satmadılar, onlar da dağılışdılar çay içə biləcəkləri çayxanalara, səhərdən-axşama kimi keçmiş xırdalamağa, sonda da hər kəs cibində olan xırdasını stolun üstünə qoyub çayın pulunu bağladılar.

Keçək bir az əvvələ, yəni dövran o dövran idi ki, dövranı dönməyənlər at oynatmaq istəyirdilər, dövr də elə dövr idi ki, buna tam imkan vermirdi, imkan düşən kimi, atı qamçılayanlar olurdu ki, üstündəki yıxılsın. "Dövranım gələcək" – düşünənlər isə yaxşı atları gözaltı edirdilər. İçlərində bir nəfərin boyuna vəzifə biçilməmişdi, o da vəzifə haqda heç düşünmürdü. Xəyalları böyük idi, düşünürdü ki, nə vaxtsa çayın suyunu qurudacaq, Araz susuz axacaq.

Kütlə isə bütöv idi, mübarizə fərdə, şəxsə qarşı deyildi – dövlətə, böyük imperiyaya yönəlik idi. Kim bunlara qarşı daha aqressiv, barışmaz idisə,kütlə onları daha çox sevirdi və qəhrəman sayırdı.

Məqsəd ümumi olduğundan, kütlə içində ayrıseçkilik hiss olunmurdu, ayrılıq da yox kimi idi. Hələ ki hakimiyyət dəyişikliyi gözlənilən deyildi, elə ki güzgü çat verdi, hakimiyyət yıxıla bilər görüntüsü yaranmağa başladı, güzgünün çat vermiş "hissələrində" başqaları da özlərini gördü. Kütlə də getdikcə şəxslər arasında bölünməyə başladı, əsas məqsəd köhnə qalsa da, kimlər ilə bu məqsədə çatmaq artıq yenilənmişdi.

Bölgü hissi bölünməni labüd edirdi.Çoxları özünü ağ atın üstündə görürdü, həyatda bu günə qədər at minməyənlərdə; hətta o qədər sadə düşünənlər də var idi ki, deyirdilər, əsas atı minməkdir, sonra işləri at aparacaq. Və yaxud kiçik atları yüzləri minmək istəyirdi, üzdə olmasa da, könüllərdə bu proses gedirdi. Çoxları da ata özləri minməyə can atmır, başqasını mindirmək istəyirdilər, bunun üçün çoxlu əziyyət çəkmiş olurdular, atın altında qalıb şil-küt olanlar da oldu, həyatını itirənlər də, varını itirənlər də və s.

Ümumi məqsədin içində fərdi dava özünü belə göstərdi, əslində bu şəxsi bölünmə ümumi ayırım, müstəqillik üçün yox, ondan sonrakı dövr üçün idi və liderlər buna hesablayırdı ayrı-ayrıtərəfdə durmağı, ayrılmağı, adda – ümumi ilə mübarizənin fərqliliyi idi.

Vəziyyət o yerə gəlib çatdı ki, ata minə bilməyəcəklərini başa düşənlər ata minmək istəməyəni məcburi ata mindirdilər. "Yol yoldaşları" sonra özləri ata minə bilsinlər deyə, onu məcburiyyət qarşısında qoydular, məcbur etdilər, sonra atı yox, atın üstündəkini qamçılamağa başladılar – hakimiyyəti saxlayıb yerdəyişmə etmək istəyənlər çox idi.Hakimiyyətdə olanlar hakimiyyəti özlərinə partiyalar yaratmaqla zəiflətdilər, hakimiyyət bir neçə partiyaya bölündü və bir il keçmədi ki, hamısı partiya rəhbəri olaraq fəaliyyət göstərdi.

Ata məcburi mindirilən özü atdan könüllü enib, artıq atın hərəkət imkanları tam tükənəndə təhvil verdi ki, çoxları anlasın –artıq bu iş onların girəcəyi kol deyil.Əsas məsələ bu prosesə qədər olanlar idi, kütlə şəxslər arasında bölünmüşdü, bölünənlər də düşünürdülər ki, Azərbaycana daha çox həmin şəxs xeyir gətirə bilər, onun tərəfini tuturdular. Bu cür düşünən əsasən səmimi kütlə idi ki, heç bir şəxsi maraq peşində deyildi, bir də başqasının tərəfində vəzifə tuta bilməyəcəyindən tam əmin olanlar vaxtında məcburi dəstək verib taktiki gediş edirdilər.

Xalqın arasında böyük inama və nüfuza malik olan şəxs Heydər Əliyev hələ mərkəzdə (paytaxtda) tam siyasi və kütləvi dəstək qazana bilməmişdi, tərəfdarları toplaşa bilmirdi, az görünürdü, azlıqda qalırdı, çünki kütlə imperiyaya qarşı mübarizə apardığı üçün Heydər Əliyevi də imperiyanın bir elementi kimi görürdü və yaxud bunu məqsədli göstərənlər var idi. Həm də – imperiyaya düşmən kəsilmiş kütlə o vaxt görülən ən yaxşı işləri belə qəbul etmir, şəninə sığışdırmırdı, keçmiş sevgi unudulmuş, aşiqlər yeni sevgililərinin təsirində, cazibəsində idilər.

O dövrdə sadiq Əliyevçilər var idi, onu sevən təmənnasız kütlə var idi, onun təkrarsızlığını, liderliyini birmənalı qəbul edirdilər. Bir də – ağıllı, cəmiyyəti bilən, siyasətdən, dövlətdən anlayan və Heydər Əliyevin tərəfini tutanlar var idi. Sözsüz ki, bu qüvvə də Heydər Əliyevə dəstək verirdi. Aralarında savadlı, bilikli adamlar da var idi ki, onlar da həqiqətən keçmişə görə Heydər Əliyevə sadiq idilər. Atdıqları addım, hərəkətlər risk sayılırdı, hətta həyatları bahasına başa gələ bilərdi bu hərəkətlər və olanı da oldu – daha dönməzi, güclüsü aradan götürüldü – göz qorxsun, dərs olsun. Amma, bunu edənlər hadisənin episentrini nəzərə almamışdılar, mənbənin (bölgənin) xarakteri, psixologiyası nəzərə alınmamışdı, bu da mərkəzi kütlədə özünü daha çox göstərirdi, onu daha dönməz, sadiq, əzmkar edirdi –Lideri kimi!

Səmimi Elçibəyçilər də var idi, onun səmimiliyi, sadəliyi, həyat yolu, dünyaya baxışı kütləyə daha xoş gəlirdi, amma "yol yoldaşlarını" narahat edirdi.Heydər Əliyevin keçmişdə vəzifə verdiyi insanlara baxanda, az qisim olsa da, ona sadiq qalanlar oldu, Elçibəyin vəzifə verdiyi adamlardan, demək olar ki, hələ hakimiyyətdə ikən çox az qisim ona sadiq qaldı. Sonra getdikcə hakimiyyətə gəlmək şansından uzaqlaşan müxalifətin tanınmış fərdləri Elçibəyin yanından uzaqlaşdılar. Vəfatından sonra isə, demək olar ki, heç kim qalmadı, qalan sadə kütlə, heç nəyi olmayan fərdlər, Allahın umuduna yaşayanlar, heç bir siyasi qüvvəyə lazım olmayanlar idi.

Heydər Əliyev üçün sadiqlik ən böyük dəyər idi, o, bunu çox qiymətləndirirdi, milli psixologiyanı dərindən bildiyindən ona dövründə sadiq qalanların hamısını artıqlaması ilə dəyərləndirdi. Buna görə də, Heydər Əliyev dönəmində sadiqlik dəyər kimi özünü sona qədər qorudu, insanlar bu dəyərə daha sadiq qalıb dəyərləndirilmək istəyirdilər. Stimul yaranırdı, cəmiyyətin istənilən təbəqəsinə bu dəyər təsir edirdi.

Sonra olanlar oldu, liderlər həyatdan köçəsi oldular, Allah hər iksinə rəhmət etsin!Bununla da dövran yeni dönəmə qədəm qoydu, hər iki tərəfdə yeni siyahı tutuldu, siyahıda dəyişiklik etmək lazım oldu, kimisi adının daha öndə olmasını, kimisi olmayan adının yazılmasını istədi.Amma dövr dəyişdiyi kimi, artıq idarəetmə, hakimiyyəti saxlama düşüncəsi də dəyişmişdi, artıq hakimiyyəti saxlamaq üçün yeri gələndə bəzi keçmiş sadiqləri qurban vermək də olardı, əsas məsələ – dəyər artıq kimin nə vaxtsa nə etdiyi deyil, indiki durumdakı rolu və təhlükəsi idi – son ana qədər hakimiyyəti qorumaq düşüncəsi, qurbanların kimliyi əsas deyil…

Müxalifətdə də bu proses daha sürətli və bir az fərqli getdi, praqmatik düşünənlər, müxalifət daxilində tam gücə malik olmayanlar, tez hakimiyyət tərəfindən gələn təklifləri qəbul etdilər, özlərinə gün ağladılar, mövcudluqlarını qorudular, teatrın qarşısında bayraq tutan aktyorluğu qəbul etdilər. Öz gücünü daha güclü hesab edən müxalifət liderləri olduqları yerdə qalıb daha da güclənəcəklərini düşündülər, barışmaz mübarizə yolu seçib ətraflarında olanı, kütləni qurban verə-verə meydanda tək qaldılar, qurban verilmiş insanlar heç nə əldə etmədikləri üçün hakimiyyət tərəfdən dəstəklənənləri satqın adlandırdılar, onlarsa bunun siyasət olduğunu, həmişə eyni düşünməyə məcbur olmadıqlarını, mövcudluqlarını qoruduqlarınısöylədilər və əvvəl ayıb saydıqları şeyin ayıb olmadığını anladıqlarını etiraf edib ayıbına qısılanlara dərs keçdilər.

Sadiqləri cəzalandırmaq cəmiyyətdə, hakimiyyət tərəfdarlarında artıq sadiqlik stimulu yaratmır, müxalifətdə saçını ağartmış, ömrünü, canını qoymuş tərəfdarların görkəmi yeni müxalifətçilərdə hər an yerdəyişmə stimulu yaradır, ancaq hakimiyyət tərəfdən gələcək təkliflərin və bunun müqabilində olan ödəmənin peşindədirlər. Artıq hakimiyyət tərəfə keçmək öncə müxalifət tərəf olmaq anlamına gəlir.

Artıq kimsə kiməsə sadiq qalacaq gücdə deyil.Dünyanın başqa tərəfi olsaq da, eyni yerdə yaşayırıq, artıq hər şey qayıdır təməl qanuna, dəyişməyən maraqlardır, dəyərlər zəiflərin qalxanıdır. Artıq getdikcə ölkəmiz başqa mərhələyə keçir, münasibət formaları tam dəyişir və tezliklə radikal dəyişəcək. Parçalanmalar, birləşmələr və bunların təkrarı. Pəncərə eyni olacaq, amma pəncərənin içindəki çərçivələr dəyişəcək, sonra isə çərçivənin içindəkilər.

Artıq kimsə kiməsə görə özünü qurban vermək istəmir, hamı gözü çıxarılmış qardaşından dərs götürür, vətən, millət hissləri də köhnəlir, insanlar qarınlarını harada doyura bilirlər, harada xoşbəxt ola bilirlərsə, oranı vətən sayırlar.Hansı millətdən olmaq isə heç maraqlı deyil, ölkəni tərk edənlərin hansı millət adı altında getdiyinə baxın. Ammahəll edilməmiş problemlər var ki, bunlar qurban tələb edir, həm də insan qurbanı, canlı qurban, say isə getdikcə azalır, düşüncə dəyişikliyi baş verir – heç kim qurbanlıq olmaq istəmir.

Ən pis hal pəncərənin şüşəsinin qaralmasıdır, çirkləndikcə və təmizlənmədikcə, heç nə aydın görünməyəcək, açılan atəş qaraltıya olacaq, kimin sağ qalması bəxtə-bəxt olacaq.

Ən dəhşətlisi, düşmənlə üz-üzə duran əsgərdir, axı o, söylədiklərimin hamısını xidmətə getməmişdən öncə cəmiyyətdə görüb və məcburi xidmətə yollanıb, dayandığı postda önündəki düşməni yox, hansısa bahalı maşında gəzən və dayanacaqda dayanmış nişanlısına maşın saxlayan icra başçısının oğlunu, ya hansısa barda qızla qol-boyun olan dostunuvə yaxud saxta sənəd hazırlayıb ölkəni tərk etmək istəyən alt qonşusunu gözlərinin önünə gətirir.

Çıxış yolu varmı? "Film Akademisi"ndə təhsil aldığım vaxt Xocamız Hollivudda gedən dəhşətli mübarizədən danışırdı, o danışdıqca düşünürdüm, bəs belə amansız mübarizədə belə böyük işləri necə görə biliblər, dünyanı bir-biri ilə amansız mübarizədə olanlar necə fəth ediblər? Xocam gerisini gətirdikcə, anladım ki, orada həm də bu mübarizənin, savaşın bir adı da var –rəqabət.Savadın, biliyin, bacarığın, istedadın və bunları üzə çıxarmaq üçün o qədər böyük meydan var ki, – meydan da insanlarla dolu, seçim çətin, üzdə qalmaq çətin, sıradan biri olmamaq çətin, – ən üst səviyyə seçilir, sayılır, yer tutur.Qanunlar, adətlər, protokol qaydaları pozulmur və udan da, uduzan da narazı qalmır, pis olmur, pis baxmır.

Bizdə bu amansız savaşın, mübarizənin qayda-qanunu yoxdur, qaydasız döyüşdür, narazılığı yaradan rəqabətin qaydasızlığıdır. Bu, inkişafın da qarşısını alır, udanı da, uduzanı da məyus edir, bədbəxt göstərir. Udan qələbənin zövqünü yaşamır, ona bunun verilmiş olduğunu bilir, içində təhqir olunur, uduzan isə nifrət edir, intiqam hissi ilə yaşayır, hər iki tərəfdə barışmaz, intiqam hissi ilə yaşayan insanlar toplumu yaranır. İqtidarın cazibəsi imkan vermir problemləri görməyə, hər şey düz görünür.

Çürük bir dişi görməmək, sonda bütün dişlərin çürüməsinə gətirib çıxarır, amma problemi görmək, göstərmək inkişafa, rahatlığa daha çoxmüddətli iqtidar olmaq qazandırır.

Yeni dönəmin "yeni" iqtidarından yeni, bu günə qədər "işlənməmiş" qanunlarla cəmiyyəti idarə etmək tələb olunur. Çünki keçmiş problemlərdən qalanı çoxdur, problemlərin mahiyyət və məzmunu yeni göz, yeni baxış, yanaşma tələb edəcək. Dünənin qanunları ilə bugünün doğrularına çatmaq mümkün deyil – dünən düz görünən, düz olan, bu gün düzü əyir.

Ən əsası dünya keçmiş deyil, onlar keçmişdə həll olunmalı problemləri indiyə saxlamayıblar, buna görə də onlar ilə də arada yaranan ziddiyyətlər var və bizim qalmış, qarımış,heç kimi bəyənməyən qızlarımıza oxşayan problemlərimiz var ki, artıq fiziki və psixoloji dəyişiklik dəyişməzliyi qəbul edir, nəinki dəyişikliyi – yəni ərə getməyi yox, getməməyi üstün tutur.Dəyişmək istəməyən qüvvələr kənardan dəyişilən qüvvələr tərəfindən təhdid olunur və sonda onların köləsinə çevrilir.Necə ki, hazır olmadığımız müharibəyə cəlb olunduq, hazırlanmalı vaxtı heç demə boş vermişik, silahla davranmaq nədir, heç düşmən qabağından necə qaçmağı doğru-düzgün öyrənməmişik. Bu nəticəsini göstərdi, zamanında həllini gözləyən problem həllsiz qaldı və sonra da dövr, gedən başqa proseslər imkan vermir köhnə problem həll oluna.

Biz düşüncəni dəyişməliyik, necə ki deyirlər – dünyanı dəyişə bilməzsiniz, dünyaya baxışınızı dəyişin.Biz hakimiyyətin dəyişməsini istəmirik, amma istəyirik hakimiyyət baxışını dəyişsin, yeni mərhələyə keçsin, hakimiyyəti saxlamaq, qorumaq haqda yox, insanları, fərdləri və cəmiyyəti daha çox inkişaf etdirmək haqda düşünsün ki, hakimiyyət dövrü daha çox uzansın.

Bu ölkədə nazirlər dəyişir, yenə də dəyişəcək – bu sifətlərin dəyişməsidir, baxışların yox.

Dövlət idarəçiliyində belə bir deyim var, – "Gələn gedəndən yaxşı olmayacaq", – çox vaxtı da təsdiqini tapır. Gələn gedənin dədəsinə rəhmət oxutdurur – Quranda olmayan kəlimələrlə. Dərdim nədir, niyə keçmişsiz keçə bilmədim birbaşa mətləbə? Çünkibiz əlimizə imkan düşən kimi, keçmişdə baş verənləri yada salırıq, keçmiş isə çox qorxulu prosesdir və göstərdiyi nəticə budur –çoxluq ölkədən getmək haqda düşünür,bunun adı köçdür – düşünən köçür.Normal yaşayışı olan da, olmayan da, ölkədən getmək istəyir, gedəcəyi yerdə onları daha ağır şərtlər gözləsə də, və bunu bilsələr də – yenə getmək haqda düşünürlər, artıq bu məsələ fiziki (maddi) deyil, psixoloji mərhələyə keçib və ən qorxulusu budur, son mərhələ.

Bir tanışım Amerikaya getmişdi, getmək haqda çox söhbətlərimiz olmuşdu, ona ağır olacağını deyirdim, bir ildən sonra bir həftəlik gəlmişdi, görüşdük, fiziki baxımdan dəyişilmiş, saç ağarmışdı, orada ağır yaşayış şərtlərindən danışdı, dedi:"40 yaşıma qədər burada gördüyüm işiorada bir ilə işlədim, qab yumaq, daş daşımaq və s.

Düşündüm, bundan sonra geri dönməz, amma dedi:"Dönürəm".

"Axı, burada oradakından az işləyib, çox qazanırsan!" – dedikdə, cavab verdi:"Burada münasibətlərdən bezmişəm, sabaha olmayan inamdan bezmişəm, orada indi vəziyyətim ağır olsa da – getdikcə düzəlir.”

Deməli, insan bugünə olan az-maz yaxşını istəmir, sabaha olan ən yaxşını istəyir –sabahı yaşamaq.Çoxumuz getmək istəyirik, hamının birdən getməsi mümkün deyil, bir-bir, iki-iki getdikcə gediş burada hiss olunmur, amma gedilən yerdə çoxluq görünür və ən qorxulusu o çoxluğun birdən birlikdə geri qayıtmaq istəyi olsa, bunu yerinə yetirmək istəyən qüvvələr olacaq.Onda başqalarının, bizlərə düşmən olanların silahına mərmi olacağıq.

Vəzifədən çıxarılan, başqa yerdə yaşamaq imkanı olanburada qazandıqlarını başqa yerə daşıyır.Qohumundan, qonşusundan, bir sözlə, hər kəsdən qorxur, hər kəsi özünə təhlükə görür. Psixoloji olaraq rahat deyil, insanlarımız bir-birinə güvənmir, artıq sevincimizi, uğurumuzu, aldığımız təzə evi, maşını qohumdan, qonşudan, dostdan, tanışdan gizlədirik, sevinc də, xoşbəxtlik də dərd kimi bölüşəndə rahatlıq gətirir. Əvvəllər isə bu "uğurlar" üçün başqalarına qonaqlıq verirdik, əldə etdiklərimizi bölüşürdük. İndi isə başqaları ilə ən adi şeyləri bölüşmək istəmirik, hətta xoş sözləri də.

Düşünürəm ki, amerikalılar ən bədbəxt xalqdır, niyə? Çünki biri bezəndə və yaxud işləri getməyəndə, bəxti gətirməyəndə öz ölkəsindən, dövlətindən üz döndərib gedir və yaxud getmək istəyir hamının xəyalı olan Amerikaya. Amerikada hər şey biz düşündüyümüz qədər asan deyil, bəs amerikalıların, yəni orada doğulanların işi gətirməyəndə hara üz tuturlar və yaxud tutmaq istəyirlər? Gedəcək "yerləri" yoxdur, buna görə deyirlər ki, hər amerikalının bir hekayəsi var, hekayəsi olmayan amerikalı özünə orada "yer" edə bilməz. Həmin "hekayəni" yaşamayan amerikalı Amerikanın qədrini bilməz, buna görə də, orada "yerləşmək" istəyən hər kəsə bu "hekayəni" yaşadırlar.Deməli, inkişaf o zaman baş verir ki, vətəndaş getmək haqda heç vaxt düşünmür, gedəcəyi yer yoxdur, olduğu yeri "düzəltmək" istəyir və düzəldir, özünə "yer" edir, yer axtarmır, bir ayağı qaçaraqda deyil. "Yerləşdiyi" yer onun üçün dəyərə çevrilir. Bunu daha bimirəm – gedəcək "yerləri" olmayan amerikalılar özlərini daha çox xoşbəxt sayırlar, ya gedəcək "yer" axtaran azərbaycanlılar. Sizcə?


TƏQVİM / ARXİV