Azərbaycanda ilk dəfə adaptiv cüdo turniri keçirilib

Azərbaycanda ilk dəfə adaptiv cüdo turniri keçirilib.
Adalet.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil edilən ilk adaptiv cüdo turnirində xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Yarış 21 Mart – Beynəlxalq Daun Sindromu Gününə həsr olunub. Layihə 2024-cü ilin iyulundan etibarən “bp Azərbaycan” şirkəti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə əməkdaşlığı ilə həyata keçirilir.
Turnirin açılışında çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, federasiyanın əsas prioritetlərindən biri cüdonu hər kəs üçün əlçatan etmək və sağlam, inklüziv mühiti təşviq etməkdir. O, yarışın sponsor və tərəfdaşlarına dəstəyə görə minnətdarlığını bildirib, həmçinin yarış iştirakçılarının gələcəkdə cüdoda daha böyük uğurlar qazanacaqlarına və ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
Yarışın yekununda qaliblər medal və diplomlarla təltif olunublar. Bundan əlavə, adaptiv cüdo məşqçilərinə təşəkkür plaketləri təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünəinamını artırmaqdır. Layihə cüdonun əsas dəyərlərini aşılamaqla yanaşı, uşaqların fiziki aktivliyini və əqli sağlamlığını inkişaf etdirməyi də hədəfləyir.