Bakıda məktəbdə şagird digərinə kəsici alətlə xəsarət yetirdi - YENİLƏNİB
"Paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub".
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb:
"Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır".
***
Bu gün Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Adalet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.