14 Aprel 2025 12:19
241
ELM VƏ TƏHSİL

Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzaladı - FOTOLAR

Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Adalet.az xəbər verir ki, konfransdan sonra Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb. 

Sənədi Baş prokurorunun müavini Heydər Məmmədov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.

Qeyd edək ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin  araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması,  toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində 
funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq  əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.

Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək ECOLEAD layihəsi, Azərbaycanın təhsil və hüquq sahəsindəki inkişafını dəstəkləyən, elmi araşdırmalar və bilik mübadiləsini təşviq edən mühüm bir addım olaraq qiymətləndirilir. 

Universitetin bu layihəyə qoşulması Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə ilə birgə fəaliyyətlərini genişləndirməsinə imkan verəcək.

Xatırladaq ki, indiyə kimi bu layihəyə Qarabağ Universiteti ilə yanaşı, Bakı Dövlət və Naxçıvan Dövlət universitetləri qoşulub.