Adətən Mirşahinin proqramını həmişə izləyirəm. Bəzən «Qarabağ»ın oyunu ilə üst-üstə düşəndə, rayonda, dağda-kəsəkdə olanda baxa bilmirəm, onda da redaksiyaya zəng edirəm ki, qoyun sayta, qayıdandan sonra saytda baxım.
Həmişə olduğu kimi, ötən bazar günü proqramı da çox maraqlı idi. Xüsusilə də tarixiçi xanım Bettani Hyuzla olan müsahibə – Mirşahinin bir-birindən maraqlı və bu xanımın dünyasını aça biləcək sualları və bu tarixçi xanımın çox səmimi cavabları.
Rusiya kanallarında təsadüfən xanım Bettaninin hazırladığı bəzi verilişlərə tamaşa eləmişdim. Və onu da bilirdim ki, onun bu tipli verilişləri bütün dünyada izlənilir. Ürəyimdən keçirdi ki, kaş ki yolunu Azərbaycana da salaydı.
Ermənilər onlara aid olmayan məbədləri, abidələri, tarixi öz adlarına çıxıb bütün dünyaya yayırlar. Biz isə bu sahədə düşmənlərə uduzuruq.
Son illər Heydər Əliyev Fondu mədəniyyətimizin, incəsənətimizin, tariximizin dünyada tanınmasında çox işlər görür, həm filmlər baxımından, həm də müxtəlif dillərə tərcümə olunmuş kitablar baxımından. Bu yöndə 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Xanım Bettani Hyuzun Mirşahinlə müsahibəsindən sonra göstərilən «Dünya xəzinələri – Azərbaycan» filmi də Heydər Əliyev Fondunun layihəsidir. Təbii ki, BP şirkətinin də əməyini danmaq olmaz.
Filmdən aydın oldu ki, bu, xanımın Azərbaycana ikinci səfəridir. Və xanım Bettani filmin araya-ərsəyə gəlməsi üçün çox əziyyət çəkib. Əsas məsələ də odur ki, xanım Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini və coğrafiyasını çox yaxşı öyrənib.
Xüsusilə Qobustandan olan hissədə apardığı araşdırmalarda bütün dünyaya elan və sübut edir ki, Azərbaycan xalqı hətta bizim eradan dörd min il, beş min il əvvəl də bu ərazidə yaşayıb.
Qəbələnin Nic kəndindən, burda yaşayan udi xalqından, kilsədən hazırladığı süjetlə bütün dünyaya Azərbaycan xalqının necə bir multikultural bir xalq olduğunu bəyan edir.
Bütün verilişi bir-bir incələmək istəmirəm, ən maraqlı yer isə müqəddəs Şuşa şəhəri ilə bağlı olan hissə idi. Şuşanı necə gözəl, ətraflı və Azərbaycan xalqına məxsus bir şəhər olduğunu və bu şəhərin binəsini qoyan Pənahəli xandan söhbət açması, Xan qızı Natəvan barədə fikirləri, onun şeirini oxuması, Cıdır düzü haqqında verdiyi bilgilər və ordan da Üzeyir Hacıbəyova dönməsi və Üzeyir Hacıbəyovu Şərqin ilk opera yaradıcısı kimi təqdim etməsi filmin ən maraqlı bölmələrindən biri idi.
Məsələ nədir? Təbii ki, xanım Bettaninin dediklərini biz bilirik, bir az az, bir az çox. Məsələ ondadır ki, bu xanımın çəkdiyi filmləri, yuxarıda qeyd etdiyim kimi, bütün dünyada izləyirlər. Bu film Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmaqda mühüm rol oynayır.
55 yaşlı bu gözəl xanım-xatın tarixçi-alim Londonda yaşayır, milliyyətcə ingilisdir. Oksford Universitetini bitirib. Səyyah kimi bütün dünyanı gəzir və belə qiymətli filmlər hazırlayır.
Belə bir həm gözəl, həm maraqlı, həm də ciddi layihənin müəllifi Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti
Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Və arzulayırıq ki, bu filmin ikinci hissəsi də olsun.
Mirşahinə də təşəkkür ki, «Bettani planeti»ni açdı və bizi bu planetlə tanış elədi.