Əlisəmid Kür: “Ordan özümlə bərabər elə şeirlər çıxartdım ki…” - MÜSAHİBƏ
İnsan taleyi müxtəlifdir. Oxşar talelər olsa da, heç kəs eyni taleyi yaşamır. Kimin payına ağ günlər çox düşür, kimin payına da boz günlər. Bu gün taleyi kədər yüklü şair Əlisəmid Kürün ömür kitabını vərəqlədik.
-Təbiətən maraqlı insansınız. Bunu hər kəsdən eşidirəm…
- Qızım, ən əsas insanlarda səmimiyyəti sevirəm. Hər kəsdə də axtardığım budur. Kifayət qədər yaşım var. Bu illər ərzində çox yerlərdə olmuşam. Bir sıra yeməklər var ki, insan onu dadanda cızdığından çıxır. Yediyim xörəklərin bir başa yaradıcılığıma təsiri olur. Ağır yeməklər yeyəndə faciəli, dəhşətli yazılar meydana gəlir. Ancaq biraz pəhriz edəndə hiss edirəm ki, yaradıcılığım da sərinləyib. Həyat yoldaşım mənə pəhriz üçün xörəklər bişirəndə yaradıcılığım da körpə uşaq kimi məzlumlaşır.
-Ömrünüzdə boz günlər heç də az olmayıb. Həmin müddət sizə bir sınaq idi, yoxsa taleyin zərbəsi idi?
- Ümumiyyətlə, taleyin zərbəsi sözünü özüm üçün qəbul etmirəm. Yaşadıqlarımdan isə qətiyyən peşman deyiləm. Bilirsən, qızım, belə bir yol mənim taleyimə yazılmışdı. Mən bunu yaşadım. Maraqlısı bunu yaşamağım deyil, bunu necə yaşamağımdır. Bu məqam çox vacibdir. Ömür yolu hamı üçün eynidir. Əsası odur ki, kim o yoldan necə keçir. Hər şey insan üçün əvvəldən ölçülüb- biçilib. Əsas odur ki, hardan hara gedirsən. Bu, insan həyatında mühüm rol oynayır. Elə ağır yollar var ki, o yoldan mərd keçmək hər oğlanın işi deyil. Ancaq bu gün mən cəmiyyətə qarışmışamsa, demək mən bu gün özümü Əlisəmid olaraq təsdiq etmişəm. Çoxları türmədən çıxandan sonra gəlib deyir ki, mən çıxdım. Amma elə deyil ki, qızım. Əsas odur ki, orda necə oturursan, necə dözürsən və necə çıxırsan. Qaranlıq bir dünyadan cəmiyyətin qarşısına necə çıxdığından söhbət gedir. Türmə mənə çox şeirlər verdi. Mən ordan özümlə bərabər elə şeirlər çıxartdım ki, həmin şeirlər əsl poeziya idi.
-Demək həbsxana həyatı poeziyanıza böyük təsir edib…
-Qızım, poeziyam elə o türmənin içindədir. Bir cavan jurnalist mənim haqqımda türmədə yazdığım şeirlər haqqında elə bir yazı yazmışdı ki, həmin yazı məni çox kövrəltdi. Yazını oxuyub dəhşətə gəldim ki, bu gənc xanım mənim poeziyamı necə də əzbər bilirmiş və daha dəqiq dərk edirmiş.
Demək hələ də duyğulu, dəqiq və yaxşı oxucular var…
-Yaxşı oxucu demək ki, həmişə axtarışdadır…
-Axı bizim kimi şairlər də deyirlər ki, biz hər oxucu üçün şeir yazmırıq. Ola bilsin mənim 100 oxucum var. Ancaq o 100 oxucu sırdan 10000 oxucunun beynindən daha güclüdür. Qızım, kütlə onsuzda həmişə bayağı mədəniyyəti, bayağı poeziyanı sevib. Bu bütün vaxtlarda belə olub. Ancaq dəyərli oxucular da az deyil…
Mən muğamın milyondan bir hissəsini bilə bilərəm də təbii ki. Ancaq Alim Qasımov oxuyanda mənim bütün əzalarım titrəyir. Ruhum bədənimdə çırpınır. Bax şeir də belədir, qızım. Qulu Əsgərovun. Rübabə Muradovanın səsi məni ağladır.
Bir dəfə müsahibə verməyə gedirdim. Mən həmin ünvana çatdım və jurnalist məni qarşılamalı idi. Həmin jurnalist mənim yanıma çatan vaxtda bir kişi mənə yaxınlaşdı, salamlaşıb görüşdü. Mən bunu tanımadım. Mənə dedi ki, mən sizi tanıdım, siz şair Əlisəmid Kürsünüz. Sizin “intihar” şeiriniz məni intihar etməyə qoymadı. Məndən müsahibə alacaq jurnalist də artıq yanımda idi. Cavan oğlan təəccüblənmişdi.
-Ən ağır vaxtlarınızda nəyi oxuyursunuz?
- Hələ türmənin dəlixanasında idim. Ordan çıxmağıma 2- 3ay var idi. Oranın pəncərəsindən çölə yağan qarı seyr eləmək o qədər çətin idi ki, mən həmin anlarda Nazim Hikmətin “ İnsan mənzərələri” ni oxuyurdum. O barmaqlıqlar arasında yamaşağıma səbəbkar o əsər idi. O sözlər mənim nə vaxtsa azadlıqda olacağıma və hamı kimi yaşayacağıma ümidimi artırırdı.
-Sözlər mənəvi qidadır, deyilmi?
- Əlbəttə, qızım. Söz adamı yaşamağa məcbur edir, söz adamı qoruyur. Şeir mənəvi qidadır. Əsl oxucunun xörəyi yaxşı şeirlərdir. Şairin şeirində “sən bu dünyadan nə istəyirsən”ə cavab olmalıdır.
Qızım, inan ki, indi onurğasız şairlər çoxdur. Bu onurğasızlara bəzi yaşlı şairlər də aiddir, cavan şairlər də. Ancaq onurğalı şairlər var ki, biz onları dana bilmərik. Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Eldar Baxış- bunların şeirlərinin onurğası var.
- Bu sualı səmimiliyinizdən istifadə edib verirəm. Cavanlıqda sizi tənqid edən müəllimi pəncərədən yerə atmağınıza nə gərək var idi?
- Bu hadisə 1983-cü ildə Natəvan klubunda baş verib. Məni tənqid edən oğlan heç ədəbiyyatçı olmadı. Poeziya günü idi, hamı şeir oxuyacaqdı. Cabir Novruz dedi ki, Əlisəmid gəlsin. Bu oğlan da dedi ki, Cabir müəllim, ona söz verməyin. O mənə dedi ki, səni pəncərədən atacam. Mən şeirlərimi oxudum və biraz Cabir müəllimlə mübahisəmiz oldu. Həmən şeirlər 4 aydan sonra “Azərbaycan” jurnalında çap olundu. Təəssüflər olsun ki, həmin şeirləri mən azadlıqda deyil, həbsxanada oxudum. Atam jurnalı Xarkova gətirmişdi.
Mən Xarkovda türmədə olanda bu ünvana X.R.Ulutürk məni xalqın şairi kimi dəyərləndirib namədə şeir göndərmişdi. Onda özü heç xalq şairi deyildi.
Anar müəllim mənə 2 dənə məktub yazmışdı. Məktubu alıb oxuyanda qarın içində ağlaya- ağlaya getmişəm ki, bu boyda insan mənə türmədə də olanda dəyər verir.
Bütün bunlar qayıdıb özümü təsdiq etmək üçün mənə böyük dayaq idi. Bundan bir il sonra mən kitabım çap olunmadan SSRİ Yazıçılar İttifaqına üzv olundum.
Şairliyi insan zorla özünə tale edə bilməz. Qızım, sən həyatından, yaşadıqlarından və yaradıcılığından peşman olmayan bir şairlə həmsöhbət olursan.
Şeir hadisələrdən doğulur…
-Demək taleyin hökmü ilə məcbur barışırsınız…
-Əlbəttə, bu taleyin hökmü idi. Mən özüm də bilmədən bütün bu qaranlıqların içindən özümə bir işıq yolu tapdım. Bu yolu tapmaqda şeirlərim də az yardımçı olmadı.
Mənə həmişə xəbər gətirirlər ki, Təbrizdə yüz min nəfərlik stadionda mənim şeirim oxunur.
Əbülfəz Elçibəy vəfat edən günü mən varanokda idim. Biz keçəndə varanoku dayandırdılar, Elçibəyi apardılar. Ordan bir adam qışqırdı ki, maşını saxlayın. Bu kişinin vaxtında əhf etmə olub. Elçibəyin qırx mərasimində mən artıq türmənin dəlixanasında idim. Amma Elçibəyin 40-ı günü onun qəbri üstündə mənim şeirimi oxuyublar. Onda Vaqif Bayatlı Odər yanıma gəlmişdi. Bu xəbəri o çatdırdı mənə.
Qızım, vallah mənim həbs olunmağıma da paxıllıq eləyirdilər. Elə şair dostlarımız var idi ki, deyirdilər ki, Əlisəmid tutlub amma şeirləri meydanlarda oxunur. Türmədə yatan bir şairin şeirlərini meydanlara qısqanan çəmiyyətdə yaşayırıq.
- Əlisəmid müəllim, yaza bilmədikləriniz sizi incidir?
-(Fikrə gedir…) İndi də. Yazmadıqlarım məni ağrıdır. Mən şeirlərimi yaşaya- yaşaya yazıram. Poeziyaya heç bir süni bəzəkli tərif vermək lazım deyil.
Əntiqə Kərimzadə