09 Yanvar 2025 16:36
158
ƏDƏBİYYAT

Fəxrəddin Teyyubun şeirləri

Şəkildəki oğlan

İllər yavaş- yavaş ömrümü yeyir,
Şəkildəki oğlan, toyuna qurban.
Ruhumun gəncliyi, axşamın xeyir,
Çinar duruşuna, boyuna qurban.

Yaşımın yaşından axı fərqi var,
Mən ahıl, sən cavan, necə həm yaşıq?
Hanı başındakı gur , qara saçlar?
Hanı gözündəki o nur, o işıq?

Daş üstə yatmışam, nə yorğan, döşək,
Sönən ocaqların tüstüsü qalıb.
Şəkildəki oğlan, əl ver görüşək,
Görüm əllərinin istisi qalıb?

Uzaqmış əlini üzdüyün yerlər,
Dəyirmanın daşı yerindədimi?
Yadında qalıbmı gəzdiyin yerlər?
Görəsən yaddaşın yerindədimi?

Boranda, qarda da elə baharsan,
Quş olsam, demərəm verin dən mənə.
Şəkildəki oğlan, nə yaxşı varsan,
Pay ver gözündəki ümiddən mənə.

23. 10. 2023.

Söz üstündə arıyam

Mən hər kəsin üzünü ağ istədim,
Mənim qaya inadımı qırdılar.
Göy üzündə bir quş olmaq istədim,
Daş atdılar, qanadımı qırdılar.

Demə özüm öz baxtımı yazmışam,
Tanrı yazan yazıya yol gedirsən.
Gümanların cığırında azmışam,
Can vermişəm çıxanacan yola mən.

Şeir yazdım, havalıdır dedilər,
Sözüm ötdü, axışdılar dalımca.
Süfrə saldım, çörəyimi yedilər,
Sonra da ki, danışdılar dalımca.

Dərsin məni, görən kimin barıyam?
Yaxamı ki, çəkməmişəm qırağa.
Yaz gələndə söz üstündə arıyam,
Şirə çəkib aparıram varağa.

Hər gün nələr eşitmədi qulağım,
Ümid adlı köhlənimi çapınca.
Qurutdular su içdiyim bulağı,
Darıxmadım təzəsini tapınca.

04. 12. 2024.

Anaları qoruyaq

Yuxuda gördüm ki, aləm qarışıb,
Deyirlər dünyanın anası ölüb.
Xeyir heydən düşüb, şərlə barışıb,
Daha yaşamağın mənası ölüb.

Çoxunun çörəyi daşından çıxır,
Acları görmür ki, hanı bu dünya?
Gördüm ki, tüstüsü başından çıxır,
Tonqala atıblar, yanır bu dünya.

Həsrət qara yel tək əsib dünyadan,
Məhəbbət olmasa nə qalar yerdə?
Deyirlər analar küsüb dünyadan,
Uçaq gətirməzlər dünyaya bir də.

Dünya yaman qalıb dəli əlində,
Gözü dağ axtarır, hamara baxmır.
Hər gün qan sovurur zəli əlində,
Qanı var, ya da yox, damara baxmır.

Ölürəm, yaranı sarımaq üçün,
Vallah, daş, qayadı sevgisiz ürək.
Deyirəm dünyanı qorumaq üçün,
Əzəl anaları qoruyaq gərək.

27. 02. 2022.


Mən quş deyiləm ki

Açmışam təzədən həsrətə qucaq,
Hicranla baş- başa qoymusan məni.
Mən elə bilirdim sönməz bu ocaq,
Mən elə bilirdim duymusan məni.

Pəncərən altında durdum bu gecə,
Gözlədim, işığın sönənə kimi.
Sən necə dəyişdin, ilahi, necə?!
Məni sevirdin ki, dünənə kimi.

Çəkib qoşununu üstümə kədər,
Cəhənnəm əzabı səni anmağım.
Niyə dərd verirsən mənə bu qədər,
Xoşuna gələcək havalanmağım?

Ələdin başıma qışın qarını,
Ağlıma gəlməzdi təklənəm bir də.
Qırdın ümidimin qanadlarını,
Mən quş deyiləm ki, tüklənəm bir də.

18. 09. 2023.

Elə bil bahardı solmayan şeir

Söz oddu, alovdu, elin malıdı,
Üşüsən, isidər düşsə şaxta, qar.
Söz körpə kimidi, doğulmalıdı,
Hıqqana- hıqqana şeir yazmazlar.

Sızlaya, inləyə qəlbinin simi,
Sözündən könüllər coşmadısa, heç.
Söz gərək çağlaya şəlalə kimi,
Selə dönmədisə, daşmadısa, heç.

Elə bil bahardı solmayan şeir,
Misra ətir saçır, qafiyə təzə.
Görürsən ki, ruhu olmayan şeir,
Səni yola salır gedər gəlməzə.

Hər kəs gözləyir ki, onu öyəsən,
Gözləsə, gözünün kökü saralar.
Bilmirsən dərdini kimə deyəsən,
Töküb zəhləmizi cızma qaralar.

Gecələr Ay kimi parlayan şair,
Sənə tac yiyəsi mükafat verə.
Oxucu zövqünü korlayan şair,
Gərək oxucuya fəzminat verə.

17. 09. 2024.


Sevgi

Baharda bağ- bağçam bəhərə möhtac,
Verir nur payından əzgilə ümid.
Tumurcuq- tumurcuq böyüyür ağac,
Hər yaşıl yarpaqda bir gilə ümid.

Xurmam, mənəm sənə arxa, həyan da,
Alça yel əsəndə dağ sanır məni.
Bəzən tər gülləri sığallayanda,
Ömür- gün yoldaşım qısqanır məni.

Torpağın üzündən kədər oxunur,
Kaş bir az yağaydı qar vədəsində.
Başları əyilib, yerə toxunur,
Hamilə budaqlar bar vədəsində.

Hər qönçə, hər çiçək fikrimi çəkir,
Ləçəklər mehrimi duyur elə bil.
Gilənar gözünü gözümə dikir,
Bir xoş təbəssümdən doyur elə bil.

Ruhum səpələnə dağa, çəmənə,
Daş- kəsək, torpaq da bilə sevgimi.
İlahi, nə olar, çox görmə mənə,
Ağaca, çiçəyə, gülə sevgimi.

21. 04. 2024.


Uçmağa qanad ver

Bu hansı vədənin sevgisidi ki,
Bəlkə unutmusan yaşımı, Allah!
Bələdin ruhumu gülə, çiçəyə,
Döndərdin bahara qışımı, Allah!

Qanadı qırılan yaralı quşam,,
Vüsal hələ uzaq, həsrətə tuşam.
Nə səhər bilirəm, nə də ki, axşam,
Nə yaman qatmısan başımı, Allah!

Səndən nə dilədim, dedin baş üstə,
Gəlir günüm, ayım, ilim yaş üstə.
Bitirdin dən kimi məni daş üstə,
Nə vaxt kəm vermisən naxşımı, Allah!

Hicran şimşək kimi başımda çaxsa,
Gümanım ağlayar, halıma baxsa.
Bu sevgi quş olub uçmayacaqsa,
Uçmağa qanad ver, yaxşımı, Allah!

20. 03. 2024.


Sən oralarda ol, mən buralarda

Əşrəf Veysəlliyə

Mən necə göylərdən enim, deməzsən,
Üz gülmür, açılmır eynim, deməzsən.
Neyləyim deməzsən, neynim deməzsən,
Əlini mənə ver çətində, darda,
Sən oralarda ol, mən buralarda.

Neyləyək, bizimdi yaxşı da, pis də,
Arzular itməsin dumanda, sisdə.
Tanrı əlin qoyub çiynimiz üstə,
Qəlbimiz üşüməz boranda, qarda,
Sən oralarda ol, mən buralarda.

Əzəldən doğmayıq, məgər yadıq biz?
Sinəmiz söz dolu, ayrı dadıq biz.
Tamahı yaxına buraxmadıq biz,
Qalmadı gözümüz dövlətdə, varda,
Sən oralarda ol, mən buralarda.

Həsrətin qoxusu göz yaşındadı,
Hər kəsin sevdası öz başındadı.
Yerin ürəyimin düz başındadı,
Çağırsan gələrəm, olsam da harda,
Sən oralarda ol, mən buralarda.

Qəlbində nisgilin bir gün itəcək,
Güman bitməsə də, ümid bitəcək.
Payızlar köçəcək, qışlar ötəcək,
Görüşərik gələn neçə baharda,
Sən oralarda ol, mən buralarda.

11. 10. 2024.


Fəxrəddin Teyyub

Gedirəm

Yarpağı solmayan söz ağacıdı,
Həsrətdən su içən naz ağacıdı.
Dərd mənim gözümdə qoz ağacıdı,
Payızdan payıza çırpıb gedirəm.

Kədərli günlərim acıdı daha,,
Yaşım dost deyil ki, yağııdı daha.
Ömrümün daşlaşan çağıdı daha,
Qaya parçasıyam, qopub gedirəm.

Durum köküm üstə, düşməyim heydən,
Tökülsün ovcuma bərəkət göydən.
Bəzən quş oluram dimdiyimdə dən,
Süfrəmə ruzumu tapıb gedirəm.

Gedən, axı necə geri gələcək?
Axır ki, sözümün yeri gələcək.
Mən köçsəm, yerimə biri gələcək,
Bir həsrət ürəyə hopub gedirəm.

04. 04. 2024.

  

Məni

Özümü tapınca üzülüb getdim,
Mən düzə qoşuldum, düzülüb getdim.
Müştəri gözündə süzülüb getdim,
Sata bilmədilər bazarda məni.

İşin tərs gətirsə, demək fayda var,
Bərəkət, bəxtinə düşən payda var.
Harda oyun varsa, orda qayda var.
Elə bir səhvim yox, qızarda məni.

Həsrəti bağrıma basıram elə,
Şəklini sinəmdən asıram elə.
Mən sevinc sarıdan qısıram elə,
Axtarın azarda, bezarda məni.

Kimə yox deyib ki, uşaq ürəyim?
Gah zəmi, gah da ki, başaq ürəyim.
Başıma bəladı yumşaq ürəyim,
Qorxuram incidə məzarda məni.

29. 12. 2023.


Məni sənə görə tanıyacaqlar

Könlümün barıdı nəvə baxışı,
Qışda da gül açır çölüm, çəmənim.
Kəsilmir nəvəmin sual yağışı,
Yağır səhər- axşam üstümə mənim.

Oyanır hər səhər çağı mənimlə,
Oynamaq istəyir, gülmək istəyir.
Dolaşır bağçanı, bağı mənimlə,
Hər gülün adını bilmək istəyir.
 
Ata, darvazanı aç, deyir oğlum,
Bir boylan,qapına ağa, xan gəlir.
Kükrəyən selə bax, qaç deyir oğlum,
Üzdə hec nə qoyma, ev yıxan gəlir.

Hay- haray qoparır ağrısa dişi,
Bəzən dolmağı var, bulud kimidi.
Gəlişi bayramdı, ancaq gedişi, 
Tufandan sonrakı sükut kimidi.

Sən Tanrının payı, sirli qalaçam,
Körpə ürəyində söz var, söhbət var.
Mənim ürəyimə damıb, balacam,
Məni sənə görə tanıyacaqlar.

14. 04. 2024.

Nə yaman şirinmiş bu həyat, Allah

Gözəldi səhərin gözündən öpmək,
Oxşayıb Günəşin saçın daramaq.
Bağda qızılgülün üzündən öpmək,
Qırılan budağı görüb sarımaq.

Hər kəsin əlləri yetişə vara,
Olmaya həyatda umub küsənin.
Yol alıb gedəsən qışdan bahara,
Ehtiyac qapını döyməyə sənin.

Bəzən doludan çox boşu görmüşəm,
Kəsibdi yolumu duman da, çən də.
Suya təşnə qalan quşu görmüşəm,
Yarpağın üstündə şehdən içəndə.

Ömrümə bir az da ömür qat, Allah,
Görə bilmədiyim yerləri görüm.
Nə yaman şirinmiş bu həyat, Allah,
Qoy neçə gün üzlü səhəri görüm.

22. 01. 2024.


Ümidim körpədi

Sönməyib kül altda hələ köz, deyim,
Bilmirəm özümə necə döz deyim.
Yaşım qoymur axı sənə söz deyim,
Sevgimi gözümdən duyasan gərək.

Dərdi sinəm üstə sərmək istəsən,
Nisgilim ulduzdu, dərmək istəsən.
Həsrətin rəngini görmək istəsən,
Gecələr baxasan Aya sən gərək.

Qarşıma çıxanda yenə baş axdı,
Kövrəldim, gözümdən necə yaş axdı.
Ümidim körpədi, hələ uşaqdı,
Qolların üstünə qoyasan gərək.

Nə yaxşı varıymış bu yazı- pozu,
Sızlayan ürəyim bir mələr quzu.
Qonub əllərimə hicranın tozu,
Vüsalın şehiylə yuyasan gərək.

12. 02. 2024.

Ürək itirməkdi ana itirmək

Faiq  Balabəyliyə.

Ürəyin təşnəydi elə bil dərdə,
Bəd xəbər gətirən səhərdən içdin.
Ağladı halına yerlər, göylər də, 
Hamının içdiyi zəhərdən içdin.

Hicrandan qırılar qanad da, qol da,
Qəlbini dərd oxu dəlib keçəcək.
Ana məzarına gedən bir yol da,
Ruhunun içindən gəlib keçəcək.

Ucadan ucasan qüssə tacınla,
Daha indən belə quş olacaqsan.
Bilirdim, sızlayan ağrın, acınla,
Bir gün gəlib mənə qoşulacaqsan.

Əl çəkmir ömürdən kədər axır ki,
Nə vaxt əriyəcək duman, çən soruş.
Bu elə yara ki, elə ağrı ki,
Kəsilər, kəsilməz həsrətdən soruş.

Ümid köhlənini çapa bilməzsən,
Çətindi bir dünya dərdi ötürmək.
Ha gəz, ömür boyu tapa bilməzsən,
Ürək itərməkdi ana itirmək.

20. 03. 2024.

Dünyaya gəlməyin sirrin biləsən

İstəmirəm işin dərinə düşə,
Hahaqdan alova, oda düşəsən.
Etdiyin yaxşılıq yerinə düşə,
Özgə süfrəsində yada düşəsən.

Duyğumu könlümə dirək bilirəm,
Bəxtimi güldürər zaman görəsən?
Ümidin yuvası ürək, bilirəm,
Harda gecələyir güman görəsən?

Ömrün üstündəki qaşıdı naxış,
Doğma bir veribsə, beşin yad verib.
Bəzən görürsən ki, bir isti baxış,
Uçmağa adama qol- qanad verir.

Zəhmətin işığı düşsün hər paya,
Kimsədən gözləmə sənə bal verə.
Arzunu qoymağa yerin olmaya,
Qarşına çıxanın bir çuval verə.

Həyat kitab kimi oxunmaz asan,
Birin bilməyəndə, birin biləsən.
Gərək gecə- gündüz baş sındırasan,
Dünyaya gəlməyin sirrin biləsən.

23. 03. 2024.

Hamı darıxır

Kimdi ürəyimi Günəşə sərən?
Üşüyən evimin damı darıxır.
Bu nədi, nə olub dünyaya görən?
Kimi dindirirsən, hamı darıxır.

Ötən köhnə ildən gileylənirsən,
Deyirsən təzə il gözəl olacaq.
Bir də görürsən ki, nə göy, nə yersən,
Arzun nə biləsən xəzəl olacaq.

Babalar tikəni sökdük hərəmiz,
Aləmdi ayağın üstə durmağın.
Ümidin zəhləsin tökdük hərəmiz,
Ötüşdü vədəsi xəyal qurmağın.

Susuz bağ- bağçanın üzü ağ olmaz,
Suyu quruyanda çay darıxmasın.
Adam darıxanda dünya dağılmaz,
Günəş darıxmasın, Ay darıxmasın.

09. 01. 2024.


Ruhum tək ümidə təşnə, acıydı,
Günüm yarı şirin, yarı acıydı.
Atam şah deyildi, arabaçıydı,
Halallıq atını sürüb gəlmişəm.

Dostlar, demirəm ki, məni arayın,
Ya da ki, dərdimin saçın darayın.
Qəlbimin içində dostluq sarayın,
Sədaqət daşıyla hörüb gəlmişəm.

Sözümü deməyə zaman var hələ,
Bəxtəvər olmağa güman var hələ.
Yaşımdan, başımdan uman var hələ,
Çoxuna nəsihət verib gəlmişəm.

Məni şux görənlər, o şux deyiləm,
Sarıtel zəmiyəm, başaq deyiləm.
Yaşımı neynirsiz, uşaq deyiləm,
Adəmi, Həvvanı görüb gəlmişəm. 

25. 10. 2024.

Göy daş

Çəkib sinəsinə dumanı, çəni,
Əlini hamıdan üzüb deyəsən.
Süzür daş gözüylə yoldan keçəni,
Soyuq adamlardan bezib deyəsən.

Demir ki, eləcə yerimdə qalım,
Demir ki, kimsəyə ötürün məni.
Dilim yox danışam, necə səs salım?
Yolun ortasından götürün məni.

Gedənin, gələnin gözünü yorub,
Günah ümmanında batan utansın.
Niyə utanırsan boynunu burub?
Qoy səni kimsəyə atan utansın.

Ölərəm, ümidim şam kimi sönsə,
Baxım gözlərinə, gözləri göy daş.
Kim bilir nə deyər danışsa, dinsə,
Bilsə ruhum bilər, özgə yox, ey daş.

06. 04. 2024.

Bəlkə Ay göndərib yerə baharı

Hər kəsə əzizdi baharın xətri,
Daha yerin, göyün gülən çağıdı.
Məni məst eyləyir gül- çiçək ətri,
Ləçəklər qızaran qız yanağıdı.

Qış yığıb köçünü, gözdən itib ki,
Nə şaxtası, nə də sazağı gəlir.
Ağaclar yuxuya elə gedib ki,
Yazın, oyatmağa yazığı gəlir.

Haqqı var, yam- yaşıl çəmən öyünə,
Yoncanın, tərənin bir bax dadına.
Qoşulub gedirsən yaz küləyinə,
Geriyə dönməyin düşmür yadına.

Yerin nə sirri var, sirr göydə olur,
Bəlkə Ay göndərib yerə baharı.
Adamın qəlbinə min şübhə dolur,
Gecikən görəndə qaranquşları.

02. 04. 2024.

Uçmağa qanad ver

Bu hansı vədənin sevgisidi ki,
Bəlkə unutmusan yaşımı, Allah?
Bələdin ruhumu çiçəyə, gülə,
Döndərdin bahara qışımı, Allah!

Qanadı qırılan yaralı quşam,
Vüsal hələ uzaq, həsrətə tuşam.
Nə səhər bilirəm, nə də ki, axşam,
Nə yaman qatmısan başımı, Allah!

Səndən nə istədim, dedin baş üstə,
Gəlir günüm, ayım, ilim yaş üstə.
Bitirdin dən kimi məni daş üstə,
Qızıldan eylədin naxşımı, Allah!

Hicran şimşək kimi başımda çaxsa,
Gümanım ağlayar, halıma baxsa.
Bu sevgi quş olub uçmayacaqsa,
Uçmağa qanad ver, yaxşımı, Allah!

20. 03. 2024.

Mənə baş qoşma, Allah

Yolu düz getməsəm, heç coşma, Allah,
Ağlım bu qədərdi, etmirəm qəsdən.
Nə olar, sən mənə baş qoşma, Allah,
Səhv etsəm, keçginən səhvimin üstən.

Nəyinə gərəkdi, başımın tacı?
Mən hardan gəlirəm, hara gedirəm.
Qurmuşam içimdə bir dar ağacı,
Bəzən səhv edəndə dara gedirəm.

Əzrayıl istəmir öldürə məni,
Bilir ki, hələ də saxlayanım var.
Biri tapılmadı güldürə məni,
Mənim neçə- neçə ağlayanım var.

Günüm yarı qara, yarı ağ gəlir,
Sünbülsüz zəmidi, çörəksiz tabaq.
Elə ki, evimə bir qonaq gəlir, 
Ruzusu gəlibdi özündən qabaq.

Mürgülü ruhumu sükut qorusun,
Ruhum ayılacaq, getsəm dərinə.
Məni Ay qorusun, bulud qorusun,
Qorxuram yük olam mələklərinə.

13. 03. 2024.


Bu ümid hələ çox yaşadar məni

Yaşım qılıncını çəksə üstümə,
Kədərim çən kimi çöksə üstümə
Buludlar hirsini töksə üstümə,
Döysə yağış məni, boran, qar məni,
Bu ümid hələ çox yaşadar məni.

Haqqım yox, doğmadan, nə yaddan küsüm,
Uça bilməmişəm, qanaddan küsüm?
Qoymadı darıxım, həyatdan küsüm,
Bağçamda, bağımda bəhər, bar məni,
Bu ümid hələ çox yaşadar məni.

Çevirmə arxanı öz amalına,
Tanrı sevgisindən süz amalına.
Gözümü dikmədim dünya malına,
Desin, kimsə görüb könlü dar məni,
Bu ümid hələ çox yaşadar məni.

Toyda da, yasda da görünmüşəm mən,
Ruzum qaçaq düşüb, sürünmüşəm mən.
Utanıb abrıma bürünmüşəm mən,
Bəzən ac qoyubdu həya, ar məni,
Bu ümid hələ çox yaşadar məni.

Ürəyə məlhəmdi bir isti baxış,
Ömrü uzadandı hər dua, alqış.
Mənə, neyləyəcək axı qarlı qış?
Gətirib dünyaya ilk bahar məni,
Bu ümid hələ çox yaşadar məni.

04. 02. 2024.

       Fəxrəddin Teyyub

Məni özgə tapmaz, özün tap, ana

Dalğası olmuşam dəniz anamın,
Ləpə tək sahilə sürünmüşəm mən.
Bəlkə də son dəfə əziz anamın,
Məzarı başında görünmüşəm mən.

Məni kim deyir ki, gündə görüblər?
Dərələr boyunca çən olmamışam.
Deyirlər döngədə, tində görüblər,
Mənim kölgəm olub, mən olmamışam.

Qəbristan yolunda itən ümidlər,
Bir gün tapılacaq, zamana qaldı.
Çətin ki, bar verə bitən ümidlər,
Göyərər, göyərməz gümana qaldı.

Soruşa bilmərəm gəlib keçəndən,
Məni özgə tapmaz, özün tap, ana!
Mən yoxam, itmişəm anam köçəndən,
Muştuluq, mükafat düşür tapana.

27. 01. 2024.


Məni barışdırın

Yer deyil, göy deyil əzən adamı,
Çay kimi axırsan düşüb axına.
Səhv, girov götürür bəzən adamı,
Qənim kəsilirsən azadlığına.

Hər ulduz Ay kimi sayrışa bilmir,
Yanır yad ocaqlar, hamı ayrıdı.
Özündən küsənlər barışa bilmir,
Özündən küsməyin tamı ayrıdı.

Gərək öz tərəzin, öz çəkin ola,
Fərqi yox, köhnədi səhvin, ya təzə.
Səhv etsən, içində bir hakim ola,
Gedəsən hökmüylə gedər gəlməzə.

Həqiqət hardadı, yeri tapılmaz,
Mən kimə gərəyəm axı düzümlə?
Özümdən küsəndə biri tapılmaz,
Gələ barışdıra məni özümlə.

24. 02. 2024.


Doğman deyiləm ki

Lap elə min kərə könlünü alım,
Doğman deyiləm ki, ögeyəm yenə.
Uçur göy üzündə şair xəyalım,
Peşman olma, məni sevmədiyinə.

Bəlkə dərd gələrdi üstünə dərdin,
Qara gözlərindən doyub gedərdim.
Bəlkə də gözümdə adiləşərdin,
Səni gözü yaşlı qoyub gedərdim.

Qəlbinlə danışma daha gündə sən,
Qalan, qaladığın oddu, ocaqdı.
Ayrılıb gedərdik hansı tindəsə,
Kim bilir, sonra da nə olacaqdı.

Bu dünya, dünyanı sevən kəsindi,
Eşqi asıb daşsın gülən səhərin.
Bəxtindən istəmə heç nə, bəsindi,
İsinsən oduna xatirələrin.

20. 02. 2024.


Günah

Bəzən bir arzunu duman aparır,
Bilmirsən, harasa güman aparır.
Haramın qazancın dərman aparır,
Çapıb taladığı varı da günah.

Ruzu cəm əlində, de, tək neyləsin?
Əlin öyrəşibsə, ətək neyləsin?
Balın tamı qaçıb, pətək neyləsin?
Arıda günah var, arıda günah.

Dünya görünməsin gözümə mələk,
Söz desəm, deməyin sözümə mələk.
Heç vaxt deməmişəm özümə mələk,
Mən yarı savabam, yarı da günah.


Kaş rəssam olaydım

Bağçama, bağıma qar yağıb yenə,
Bəyaz təbəssümdü, bu qar deyil ki.
Lopalar bənzəyir ağ göyərçinə,
Göydə uçuşurlar, bahar deyil ki.

Torpağa xeyirdi, yerə xeyirdi,
Baharda dil açar, ruzu, var altda.
Dünən nərgiz gülü gülümsəyirdi,
Bu gün gözə dəymir, qalıb qar altda.

Göydən qayğı yağır, sevinən deyil,
Soruşmayın, qəlbim niyə gülmədi?
Ağappaq xalıdı torpaq elə bil,
Üstündə ağaclar ilmə- ilmədi.

Deyirəm dünənki çal- çağır hanı?
Küçələr saxlamaz adam səsini.
Səhər ayrı cürə gördüm dünyanı,
Gördüm ki, dəyişib qiyafəsini.

Yerin bəyazlığı arzu ki, kam ki,
Əzəldən torpağa başımı əydim.
Kaş rəssam olaydım, elə rəssam ki,
Uşaq sevincinin rəngin çəkəydim.

14. 01. 2024.

28 ildir ki, anamın yolunu gözləyirəm.
Dünən gecə gözümə yuxu getmədi. 
Ta bu şeir doğulanacan. 5 yanvar- ömrümün ən ağrılı günü.

Anam, göylərin də anası imiş

Bu gecə Ay səni soruşdu, ana,
Gözümdə yaş görüb, Ay da ağladı.
Ulduz balaların yığıb başına,
Şivən də qopardı, yas da saxladı.

Görürəm, göyləri necə dərd alıb,
Göylər sola bilmir, çəmən deyil ki.
Ayın çöhrəsində nuru azalıb,
Daha işıq saçmır, həmən deyil ki.

Çən kimi hər yanı bürüyüb sükut,
Bu yorğun dünyanı yormaq istəyir.
Niyə fikirlidi görəsən bulud?
Yas üçün çadırmı qurmaq istəyir?

Nə gündüz, nə də ki, gecə mənimdi,
Ürəyim bir ömür yanası imiş.
Mən elə bilirdim, təkcə mənimdi,
Anam göylərin də anası imiş.


Fəxrəddin Teyyub

Bu ağacın...

Bu ağacın dərdi məni öldürər,
Solan yarpaq sarı yara qolunda.
Ölsəm, mənə bu dünyanı güldürər,
Adam ölməz axı ağac yolunda.

Nə desin ki, hikkəsinə yağışın?
Bahar eşqi ürəyində, huşunda.
Necə dözsün şaxtasına bu qışın?
Əsir soyuq küləklərin tuşunda.

Deməyin ki, bu ağacdan sənə nə?
Kaş biləydin səni necə duyuram.
Çıxardıram öz köksümdən sinənə,
Gecə vaxtı ürəyimi qoyuram.

Külək, yağış...

Sevinc aşıb daşır, ümid bir ətək,
Şükür ki, bir təhər ötürdüm qışı.
Döyməyin qapımı qəfil külək tək,
Nə səni sevirəm, nə də yağışı.

Qızılgül küləkdə necə dikəlib?
Buta gözlərində qəmi  nisgili.
Elə bil uşaqdı, dalaşıb gəlib,
Çeçələ barmağı sınıb əzgilin.

Ləçək bir ömürdü, yarpaq bir ömür,
Qoxusu ayrıdı çiçəyin, gülün otun.
Mənə gözəlliyin sirrini demir,
Gözümü oxşayır barı xar tutun.

Yağış nə vaxt kəsər, görəsən, Allah,
Silin göz yaşını, qönçə ağlayır.
Külək, dayan bir az, əsmə, sən Allah,
Görmürsən ağaclar bala saxlayır?

Payız lövhəsi


Xəzəllər torpaqda yallımı gedir?
Nə vaxtdı düzəlmir havalar, yağır.
Narın yarpaqları göydə rəqs edir,
Bağçama, bağıma sarı qar yağır.

Yerə səpələyir göylər zərini,
Ağaclar torpağın gözəlləridir.
Küləklər çıxarıb əlcəklərini,
Üşüyən budaqlar qız əlləridi.

Boynunu uşaq tək əyib ağaclar,
Yer göylə, göy yerlə yenə cəngdədir.
Baharda yuxular yaşıla çalar,
Payız yuxuları sarı rəngdədir.

Əsəndə, ruhumu kəsir elə bil,
Küləklər payızın neştəri kimi.
Göydə buludlara boylanır torpaq,
Gözləyir yağışı müştəri kimi.

Gedirəm səhəri qarşılamağa

Xəyalım çox istər dolaşa ərzi,
Min ildi zirvəyə dərə tamarzı.
Bir əlimdə ümid, birində arzu,
Gedirəm səhəri qarşılamağa.

Ac quşun könlündən elə dən keçər,
Ömrün yollarından duman, çən keçər.
Vüsalın karvanı gecədən keçər,
Gedirəm səhəri qarşılamağa.

Çətin indən belə aldanım daha,
Desəm də, ucuzu alıram baha.
Ürəyim sevgiylə dolu bir kaha,
Gedirəm səhəri qarşılamağa.

Tanrı açıl desə, onda açılar,
Ayı yola salıb, sonda açılar.
Hansı qiyafədə, donda açılar?
Gedirəm səhəri qarşılamağa.

Dünya gülməz, gözü yaş olan varsa,
Hardasa ürəyi daş olan varsa.
Qoy gəlsin, mənə bir qoşulan varsa,
Gedirəm səhəri qarşılamağa.

18. 12. 2024.


         
       Mən anam tərəfdən
             gələn şairəm

Dünyaya gələndə güllü yazıydı,
Təbiət gülürdü, işvə, nazıydı.
Atamın tərəfi uyuşmazıydı,
Mən anam tərəfdən gələn şairəm

Bəxtəvər bildiyim yoluma çıxdı,
Ürəyim tərəfə-soluma çıxdı.
Mənim dərdlərimin damı açıqdı,
Ağlaya-ağlaya gülən şairəm.

Yandırmır adamı bəzən od axı,
Söz gərək yandıra dili,dodağı.
Şeir ağacımın misra budağı,
Qırılsa ürəkdə, ölən şairəm.

Mənim öz yolum var,demə sür ordan
Tanrıya yaxınam, gəlir nur ordan.
Hələ deməyiblər mənə "dur" ordan,
Əzəldən yerimi bilən şairəm.

Dünyanın dərdləri içimdən keçib

Kimin gümanı var görən sabaha?
Bəndə yox, əcəldi kəsən kəndiri.
Çətin qönçə kimi açılam daha,
Mən yarı ölüyəm, yarı da diri.

Şükür ki, hələ də nəfəs alıram,
Nəfəs də ruzudu, seçimdən keçib.
Bəzən bir sevincə həsrət qalıram,
Dünyanın dərdləri içimdən keçib.

Vurulsan həyata, vurul könüldən,
Ürəyin sevgiylə çarpa, döyünə.
Özüm də bilmirəm bu yeni ildən,
Mənim umduğum nə, istədiyim nə?

Kim gözdən düşürsə, sözündən düşür,
Hörmətin itirir baş aparanda.
Bu dünya adamın gözündən düşür,
Ömrün ləzzətini yaş aparanda.

Yadlar heç, doğmalar ayrılıb gedir,
Kara gəlirəmsə, qanım qənimət.
Ömürlər vədəsiz qırılıb gedir,
Dəqiqəm qənimət, anım qənimət.

Ay axır su kimi, il də tələsir,
Gözləmir nə çəmən, nə də çöl məni.
Ömrümdən sərsəri küləklər əsir,
Səsləyir qüruba gedən yol məni.

05. 01. 2025.

Qoşa and

Min yol sığalladım başını sənin,
Ölərəm, məndən üz çevirsən, Vətən!
Sevdim kəsəyini, daşını sənin,
Sən məni nə qədər sevirsən,Vətən!

Demə qılıncımı sıyırmamışam,
Toxunub qismətin daşa, sevmişəm.
Mən səni anamdan ayırmamışam,
Mən səni anamla qoşa sevmişəm.

Gözümdə sevgiyə bələnən taxtsan,
Qəlbimdə yerin var Günəş, Ay qədər.
Alnıma yazılan talesən, baxtsan,
Tanrının verdiyi şirin pay qədər..

Yolunda yanaram külümə kimi,
Ağrıtmaz sinəmi hər atılan ox.
Yol var ürəyimdən dilimə kimi,
O yolun yolçusu sənsən, özgə yox.

Ruhumu uçurdan qol--qanadım var,
Göydə Allahımdı, yerdə vətəndi.
Mənim bu dünyada iki andım var,
Bir ana südüdü, bir də vətəndi.

20. 12. 2024