11 Oktyabr 2024 11:17
3952
MÜSAHİBƏ

 Hüseyn Əliyev: “Oynaqda ağrı, şişkinlik, qızartı olarsa həkimə müraciət etmək tövsiyə olunur” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Hüseyn Əliyev nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Hüseyn müəllim, ilk öncə bilmək istərdik ki, uşaqlarda artrit nədən yaranır?

- Artritə səbəb ola biləcək bir çox xəstəlik var. Artrit deyildikdə ilk ağıla gələn revmatizm xəstəliyi olsa da, mikroorqanizimlərin oynağa nüfuz etməsi, travma nəticəsində yaranan yaralanmalar, bəzi metabolik və hormonal xəstəliklər də artritə səbəb ola bilər.

- Artrit uşaqlar üçün nə dərəcədə ciddidir?

- Artrit xəstəliyi əsasən ağırlaşmalarına görə təhlükəlidir. Düzgün diaqnozun təyin edilməsində gecikmələr və uyğun müalicə tədbirlərinin aparılmaması gələcəkdə müşahidə olunan ortopedik ağırlaşmaların əsas səbəbidir. Belə ki, bəzi hallarda xəstəlik deformasiyaların inkişafına və ya kontrakturaların (hərəkət məhdudluğu) meydana gəlməsinə səbəb olur. Bu da gələcəkdə xəstənin iş qabiliyyətini azalda bilər.

- Septik artrit xəstəliyi nədir və xəstəlik necə əmələ gəlir?

- Septik artrit mikroorqanizimlərin oynağın içindəki mayeyə sirayət etməsi, orada çoxalması və oynağı əmələ gətirən toxumaları məhv etməsi halıdır. Xəstəlik mikroorqanizimlərin oynağa çatması ilə başlayır. Bəzən oynaq mayesində mikrobların aşkar edilə bilməyəcəyi və dolayı yolla oynaqda iltihaba səbəb olduğu hallar ola bilir ki, bu vəziyyət fərqli bir ad alır - "reaktiv artrit".
Mikroorqanizmlərin oynağa daxil olmasının üç yolu mövcuddur: hematogen (bədənin başqa yerindən qana daxil olan mikroorqanizmlər dövran yolu ilə oynağa daxil olur); mikroorqanizmlər oynaq ətrafı toxumalardan birbaşa oynağa sirayət edir; cərrahi müdaxilə və ya intraartikulyar (oynaqdaxili) dərman inyeksiyası kimi prosedurlar, həmçinin oynağın açıq zədələnmələri zamanı mikroorqanizmlərin oynağa birbaşa keçməsi nəticəsində.

- Septik artrit ən çox hansı oynaqlarda rast gəlinir?

- Septik artrit ən çox iri oynaqlarda, xüsusən yük düşən aşağı ətraf oynaqlarında bud-çanaq, diz və aşıq-baldır oynaqlarında rast gəlinir. Əksər hallarda tək oynaq prosesə cəlb olunur.
Septik artritin kardinal fiziki müayinə nəticələri oynaqda şişlik, ödem və temperaturun artmasıdır. Təsirə məruz qalan oynağın palpasiyası və hərəkəti ilə ağrı artır. Oynaq ağrısı 80-100 % spesifikdir. Yüksək hərarət, oynaq ağrısı və hərəkət məhdudiyyəti triadası septik artriti təsdiq edir. Fiziki müayinədə ağız boşluğu, udlaq, ağciyər, dəri, qulaq kimi digər müayinələrin edilməsi və infeksiyanın varlığı araşdırılmalıdır. Mövcud infeksiya septik artrit diaqnozunu təsdiqləyir.

- Doktor, septik artrit növünün diaqnozu necə qoyulur?

- Septik artrit diaqnozunun təyin edilməsi üçün oynaqda ağrı ilə yanaşı şişkinlik, qızartı, yerli hərarət və hərəkət məhdudluğu şikayətlərindən ən azı biri müşayiət olunmalıdır. Belə ki, oynaq ağrısı ilə müraciət edən 7-8% uşaqlardan yalnız 1%-də artrit müşahidə olunur. Yanaşı olaraq, laborator müayinələr qanın ümumi analizində iltihabın əsas göstəricisi olan leykositlərin sayının artması, eritrositlərin çökmə sürətinin yüksəlməsi, C-reaktiv zülalın yüksəlməsi və s., həmçinin sinovial mayedə leykosit sayının yuxarı olması kimi göstəricilərin dəyərləndirilməsi vacibdir. Ən əsas isə götürülən oynaq möhtəviyyatının mikrobioloji müayinəsi şərtdir.
Qeyd etmək lazımdır ki, septik artrit öz-özünə keçmir. Təcili və təxirəsalınmaz müalicə tələb edən xəstəlik olub, ağırlaşma dərəcəsindən asılı olaraq uzun müddətli müalicə və dinamik nəzarət tələb edən haldır. Septik artritli pasiyentlər xəstəxanaya yerləşdirilməli və dərhal müalicələrinə başlanılmalıdırlar.

- Bu xəstəliyin müalicəsi necə aparılır?

- Septik artrit müalicə olunmadığı təqdirdə ilkin müşahidə olunan ağırlaşma kimi sepsis və septik şok yarana bilər. Gecikən müalicə halları isə gələcəkdə oynaqlarda hərəkət məhtudluğuna, deformasiyalara səbəb olur. Buna görə də, septik artritin erkən diaqnozu və müalicəsi zərəri minimuma endirmək üçün çox vacibdir.
Septik artritli şəxslər xəstəxanaya yerləşdirilməli və müalicələrinə başlanılmalıdır. Müalicə zamanı oynaq boşluğundakı möhtəviyyatın erkən evakuasiyası və uyğun antibakterial terapiyanın başlanması nəzərə alınmalıdır. Eyni zamanda, oynağın anatomiyasının qorunması, ağrının aradan qaldırılması və deformasiyanın inkişafının qarşısının alınması məqsədilə oynağın immobilizasiyasına (ilk 2-7 gün ərzində ətrafın hərəkətsizləşdirilməsi) diqqət yetirilməlidir. Həmçinin, gələcəkdə müşahidə olunan kontrakturaların qarşısının alınması məqsədilə oynağın erkən reablitasiyası, hərəkətin təmin edilməsi nəzərə alınmalıdır. Septik şok əlamətləri varsa, xəstələr müvafiq reanimasiya şöbələrində müalicə edilməlidir.
Sonda qeyd etmək istəyirəm ki, oynağında ağrı, şişkinlik, qızartı və yerli hərarət müşahidə olunan istənilən şəxs həkimə müraciət etməlidir. İstənilən müalicənin uğurlu nəticəsi hər bir xəstəyə fərdi yanaşmadan asılıdır.