Qarabağ dərdimiz - Ələmdar Məmmədov yazır

“...Dağlıq Qarabağ problemi ATƏT-in MİNSK qrupunun inhisarından çıxarılsın, çünki ATƏT bu məsələni həll eləyə bilməz. ATƏT-in qərarı hüquqi xarakter daşımır, tövsiyə xarakteri daşıyır və tövsiyəni də ermənilər qəbul eləməzlər. Odur ki, biz BMT-nin Təhlükəsizlik Şurasından tələb etməliyik ki, öz qətnaməsini icra eləsin. Niyə digər məsələlərlə bağlı qətnamıə verir və dərhal həmin qətnaməni icra edir? Niyə Azərbaycanla əlaqəli qətnamə icra olunmur? Niyə Azərbaycan torpağını işğal edən erməninin nazıyla oynanılır? Niyə Dağlıq Qarabağda olan terrorçulara və separatçılara maddi yardım göstərilir? Beləliklə, terrorçuluq və separatizm həvəsləndirilir...”
İ.İsmayılov
2013-cü il
29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti quruldu. Üç gün sonra, 2 dekabr 1920-ci ildə Stalinin “Pravda” qəzetində məqaləsi dərc olundu. Həmin məqalədə Stalin Qarabağın, Naxçıvanın və Zəngəzurun Ermənistan SSR-ə verilməsinin zəruriliyini əsaslandırmağa çalışırdı.
Bundan istifadə edən bolşevik cildinə girmiş daşnaklar yenidən fəallaşdılar və xüsusi ilə Naxçıvanın statusu ilə əlaqədar 16 mart 1921-ci il tarixli Moskva müqaviləsindən sonra RK(b)P-nin MK-nə və şəxsən Xalq Komissarları Sovetinin sədri V.Leninə çoxlu sayda müraciətlər etdilər. Nəhayət 04 iyul 1921-ci ildə N.Nərimanovun da daxil olduğu bolşeviklər partiyasının 8 nəfərdən ibarət Zaqafqasiya bürosunun plenumunda mərkəzin nümayəndəsi Stalinin iştirakı ilə Dağlıq Qarabağın statusu ilə əlaqədar məsələ müzakirəyə çıxarıldı.
İki günlük gərgin müzakirələrdən sonra N.Nərimanovun səyi və nüfuzu sayəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul edildi.
Lakin ermənilər Qarabağ xülyasından heç vaxt əl çəkmədilər. Ayrı-ayrı dövrlərdə bu məsələ ilə əlaqədar müxtəlif bəhanələrlə SSRİ rəhbərliyinə müraciət etsələr də, hər dəfə oxları daşa dəydi.
Nəhayət, 20-ci əsrdə Azərbaycanın yetişdirdiyi ən böyük siyasi xadim, çoxlarının SSRİ adlı nəhəng dövlətin başında görmək istədiyi, Qarabağ məsələsini beşikdə boğan Heydər Əliyevin M.Qorbaçov və komandası tərəfindən 1987-ci ilin oktyabr ayında İttifaq rəhbərliyindən kənarlaşdırılmasından qısa müddət sonra Azərbaycanı arxasız və köməksiz görən ermənilər, necə deyərlər, bütün cəbhə boyu hücuma keçdilər.
1987–ci ilin noyabrında Parisdə Fransa Erməni İnstitutunun və Erməni Veteranlar Assosiasiyasının təşkil etdiyi tədbirdə M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Qarabağ barədə demişdi: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”.
Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın “Humanite” (L’Humanité) qəzetinə müsahibəsində də təkrar etmişdi. Hamı yaxşı başa düşürdü ki, A.Aqanbekyan M.Qorbaçovun xəbəri olmadan belə çıxış edə bilməzdi. Məhz bu çıxışdan sonra, 1988-ci ilin əvvəllərindən ermənilər uzun illər ərzində hazırladıqları planı - Qarabağın işğal edilməsini açıq şəkildə həyata keçirməyə başladılar.
200 mindən artıq soydaşımız Ermənistandan qovuldu. İqtidar və təzə formalaşmağa başlayan müxalifət liderlərinin xalqın ziyanına “ilk müştərək işi” məcburi köçkünləri Qarabağda məskunlaşdırmaq əvəzinə respublikanın müxtəlif şəhərlərində - əsasən Bakı və Sumqayıtda yerləşdirmək oldu.
“Sülhsevər” və “cəfakeş” ermənilər mərkəzi hökümətin ayırdığı pulları silahlanmağa sərf edəndə, biz düşmənə “göz dağı vermək üçün” tikinti, abadlıq, quruculuq işlərinə başladıq.
İllər ötəcək, SSRİ dağılmaq üzrə olanda, torpaqlar bir-bir işğal olunanda sovet dövlətinin qüdrətinə güvənən iqtidar liderləri “böyük qardaşın” ədalətli mövqe tutacağına xalqı inandırmağa, müxalifət liderləri daha irəli gedərək torpaqların işğalı ilə barışmayan xalqı - “Almanlar Moskvaya gəlib çatmışdılar, lakin qələbə sovetlərin oldu” fikri ilə ovundurmağa çalışacaqlar!..
Separatçı qüvvələr partiya, sovet orqanlarını ələ almaqla kifayətlənməyib, hüquq mühafizə orqanlarını da öz oyunlarına qatmışdılar. Həmin dövrdə digər hüquq mühafizə orqanları kimi prokurorluq da erməniləşdirilmişdi. Bütün vilayət üzrə, Şuşa prokurorluğu istisna olmaqla, cəmi 3 nəfər azərbaycanlı işləyirdi. Bunlar vilayət prokurorunun böyük köməkçisi Şahmalı Məmmədov, istintaq bölməsinin böyük prokuroru Qənimət Səfərov və Əsgəran rayon prokurorunun köməkçisi Siyasət Alıyev idi (bir müddətdən sonra ermənilər Siyasət Alıyevi bıçaqladılar).
Başqa sözlə, dövlət tərəfindən müəyyən edilən və sanksiyalaşdırılan, dövlət məcburetməsi ilə təmin olunan normaları həyata keçirməli olan hüquq mühafizə orqanlarının işi iflic vəziyyətinə düşmüşdü.
DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) adlı qurum yarandığı gündən vilayət prokuroru həmişə erməni olmuşdu. Axırıncı erməni prokuror Arkadi Babayan artıq öz erməni xislətini gizlətmirdi. O, hətta DQMV sovetinin sessiyasında Dağlıq Qarabağın Ermənistan SSRə birləşdirilməsi barədə antikonstitsion qərarın lehinə səs vermişdi.
Azərbaycan rəhbəliyində separatizmə qarşı qəti mübarizə tədbirlərini ilk olaraq Respublika prokuroru İlyas İsmayılov həyata keçirdi.
Belə ki, İlyas müəllim 1988-cı ilin fevral ayında Stepanakertdə (Xankəndi) DQMV-nin rayon şəhər prokurorlarının və ətraf rayonların - Kəlbəcər, Ağdam, Füzuli, Ağcabədi, Laçın, Qubadlı rayonlarının prokurorluğunun əməkdaşlarının iştirakı ilə müşavirə keçirdi.
İ.İsmayılov müşavirədə separatizmi kəskin tənqid etdi.
Bu hərəkətləri SSRİ və Azərbaycan Respublikası konstitusiyasının cinayətkarcasına pozulması kimi xarakterizə etdi. Bu konstitusiya pozuntularının qarşısının alınmasında qanunların və əsas qanun olan Konstitusiyanın icrasının təmin olunmasında prokurorluq orqanlanlarının müqəddəs vəzifəsindən danışdı. Öz çıxışında İ.İsmayılov vilayətin prokurorluq orqanlarının baş verən separatçı hərəkətlərin qarşısının alınmasında, bu konstitusiyaya zidd hərəkətlərin təşkilatçılarının mütləq məsuliyyətə alınmalarını tələb etdi. Vilayət, rayon (şəhər) prokurorlarını bir-bir ayağa qaldıraraq onlardan müəyyən edilmiş vəzifələrini başa düşüb-düşmədiklərini soruşdu. Onlar öz vəzifələrini düzgün başa düşdüklərini və onları layiqincə yerinə yetirəcəklərini vəd etdilər.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan SSR Ali Sovetinin qərarının SSRİ Ali Soveti tərəfindən ləğv edilməsi üçün, SSRİ Baş Prokurorluğuna rəsmi təqdimat verdi. SSRİ Baş Prokurorluğunun bu məsləyə ciddi yanaşmadığını görən İ.İsmayılov yenə karyerasını zərbə altına qoyaraq, kollegiya iclaslarının birində, SSRİ Baş prokurorluğu rəhbərliyinin bu sahədə fəaliyyətsizliyini tənqid etdi.
...Müşavirədən bir neçə gün sonra İ.İsmayılov həmin vaxt Respublika prokurorluğunun şöbə rəisi İ.Əsgərovla Yerevan şəhərinə getdi. Ermənistan SSR prokurorluğunda bu məsələ ilə bağlı kollegiya iclası keçirildi. Kollegiya iclasında, hətta, bəzi çıxışlarda iki xalq arasında düşmənçilik yaratmamaq üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin müsbət hal olması barədə fikirlər də səsləndi. İ.İsmayılov burada da öz çıxışında qətiyyətlə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmasından söhbət gedə bilməz. Əgər iki xalqın dostluğunu istəyirsinizsə, onların Azərbaycanın tərkibində - Dağlıq Qarabağ vilayətində dostcasına yaşamasını təmin etməliyik.
Müşavirədə söz vermələrinə baxmayaraq DQMV-də fəaliyyət göstərən prokurorluq əməkdaşları separatçıları dəstəkləməyə davam edirdilər.
1988-ci ilin mart ayının 14-də Respublika Prokurorluğunun geniş kollegiya iclası keçirildi. İ.İsmayılovun təklifi ilə kollegiyanın qərarına əsasən vilayət prokuroru A.O.Babayan və Martuni rayon prokuroru İ.R.Saakyan tutduqları vəzifələrindən çıxarılaraq prokurorluq orqanlarından xaric olundular. Vilayət prokurorunun müavini K.A.Sarkisyan, Hadrut rayon prokuroru R.A.Davidyan tutduqları vəzifələrdən azad edildilər. İ.İsmayılov Moskva havadarlarının dəstəyinə arxalanan separatçı vilayət rəhbərlərinin bu qərarın yerinə yetirilməsinə hər cür müqavimətini dəf edərək, icrasını təmin etdi.
Belə ki, 1988-ci ilin mart ayında kompromis variant kimi vilayət prokuroru vəzifəsinə Valeri Vladimiroviç Vasilenko təyin edildi (vilayət prokurorunun işdən azad edilməsi və vəzifəyə təyin edilməsi SSRİ Baş prokurorunun səlahiyyətinə aid idi). Qeyd etmək yerinə düşər ki, yarandığı tarixdən ilk dəfə idi ki, vilayət prokuroru qeyri erməni millətindən idi. Eyni zamanda vilayət prokuroruun müavini vəzifəsinə sonralar bir neçə rayonda prokuror işləyən Mübariz Bayramov gətirildi.
Haşiyə: Moskvanın nümayəndəsi kimi V.Vasilenkonun ədalətli mövqe tutmasından çox şey asılı idi. Bu təyinatdan sonra baş tutan kollegiya iclaslarından birində həmin dövrdə Respublika prokurorluğunun Ümumi Nəzarət şöbəsinin rəisi işləyən İsaxan Vəliyevin təklifi ilə Masallı rayon prokuroru Əzizağa Həsənovun, Kirovabad (Gəncə) şəhər Gəncə rayon prokuroru Mahmud Nəbiyevin, Əli-Bayramlı (Şirvan) şəhər prokuroru Eldar Sultanovun iştirakı ilə V.Vasilenkonun şərəfinə verilən ziyafətdə Ona Qarabağ həqiqətlərini çatdırmağa çalışırdıq. V.Vasilenko, öz növbəsində, Azərbaycanın haqlı olduğunu, qanunların düzgün tətbiq olunmasına çalışacağını əminliklə bildirdi. Təsadüfi deyil ki, ermənilər V.Vasilenkonu Azərbaycana rəğbətdə təqsirləndirir, ona silah tuşlamaqdan belə çəkinmirdilər Bu səbəbdən V.Vasilenko ailəsini Xankəndidə deyil, Şuşada yerləşdirmişdi.
1990-cı ilin avqustunda İlyas İsmayılov Respublika prokuroru vəzifəsindən gedəndən sonra ermənilərin şikayətləri bəhanəsilə V.Vasilenko da vəzifəsindən kənarlaşdırıldı.
İlyas müəllim bütün erməniləri deyil, separatçıları Azərbaycanın düşməni hesab edirdi. Doğrudan da, erməni millətindən olan bir çox insan özlərini Azərbaycan vətəndaşı hesab edir, separatçılara qoşulmurdu. Məsələn, Milli qəhrəmanımız Əlif Hacıyevin komendant olduğu Xocalı aeroportunun rəisi erməni qadın idi. Bu qadın vəzifəsini vicdanla yerinə yetirir, milliyətindən asılı olmayaraq, hamıdan qaydalara əməl etməsini tələb edir, “saqqalıları” aeroportun ərazisinə buraxmırdı. Bir gecə ermənilər həmin qadının evinə tank vuran qumbara ataraq, iki azyaşlı uşağı və əri ilə birlikdə öldürdülər, evini də yandırdılar.
O, qorxmaz və cəsarətli idi...
İlyas müəllim müşavirədən əvvəl DQMV Partiya Komitəsinin binasında “Təşkilat Komitəsinin” rəhbəri V.Polyaniçko ilə görüşdü. Hərbçilərin mühafizəsi altında olan V.Polyaniçko vilayət prokurorluğuna BTR-lə getməyi təklif etsə də, İlyas müəllim piyada getməyi qərarlaşdırdı. Şahidlərin dediyinə görə, İlyas müəllim üzlərini kin-küdurət bürümüş ermənilərin yanından keçərkən hamısı ayağa qalxırmış. Həmin dövrdə tam əminliklə demək olar ki, Dağlıq Qarabağda yalnız prokurorluğun hakimiyyəti qalmışdı.
Qasım İsmayılov (indiki Goranboy) RPK-nin birinci katibi işləmiş Əsgər Məmmədovun dediklərindən: “İlyas müəllim 1990-cı ilin fevral ayında rayona gəldi. Həmin vaxt erməni separatçıları qonşu Şaumyan kənd (indiki Ağcakənd) rayonunda raykom katibini girov götürmüşdülər. O, təhlükəyə baxmayaraq Şaumyan kəndə getdi. Toplaşmış insanların bir çoxu azğınlaşmışdılar. Hətta bizə tərəf daş-kəsək atanlar da var idi. Buna baxmayaraq, İlyas müəllim kütlənin içərisinə girdi və onlarla xeyli sıhbət edib, qanun pozuntusunun yolverilməz olduğunu izah etdi”.
Haşiyə: Digər rəhbərlərdən fərqli olaraq İlyas müəllim insanlarla dialoqa girməkdən çəkinmirdi. Onda insanları inandırmaq, qanunlara hörmət etmək, qanun pozuntularından çəkindirmək qabiliyyəti çox yüksək idi. Əzəmətli və vüqarlı duruşu, cəsarətli və inamlı danışığı ən çılğın insanları da ram edirdi.
Şahidi olduğum iki hadisəni danışmaq istəyirəm.
6 dekabr 1989-cu ildə Cəlilabad Rayon Partiya Komitəsinin 1-ci katibi Ələsgər Qocamanov və milis rəisi Mətləb Rzayev mitinqçilərin tələbi ilə istefa verdilər. 13 sentyabr 1989-cu ildən 3 ay ərzində davam edən aramsız mitinq və qarşıdurmalardan təngə gəlib, mən də istefa verdim və İmişliyə, evimizə gəldim. Axşam saat 10 radələrində məni telefona çağırdılar. Respublika prokuroru İlyas İsmayılov idi. Ona məlumat vermədən qərar qəbul edib, postumu tərk etməyə görə məzəmmət edəcəyini düşündüyüm halda, İlyas müəllim qayğılı səslə baş vermiş hadisəni soruşdu. Mən hadisəni müfəssəl danışıb, öz missiyamı başa vurduğumu və artıq işləmək istəmədiyimi bildirdim. İlyas müəllim dedi:
- Cəlilabaddan MK-ya xeyli adam gəlib, sənin qayıtmağını istəyirlər. Sabah günorta mənim yanımda olarsan.
Səhərisi günü saat 16 radələrində İlyas müəllimin qəbulunda oldum. İçəri girən kimi durub mehribanlıqla əl uzadıb görüşdü və məni pəncərə ağzına gətirdi. Aşağıda 30-40 nəfər şəxs əllərində plakat, İlyas müəllimin istefasını istəyirdi. O, sakit tərzdə əlini MK binasına tuşlayaraq: - Oradan göndəriblər, - dedi. Sonra aşağı düşüb, mitinqçilərin qarşısına çıxdı. İlk sözü bu oldu ki, o plakatın birində yazmısınız ki, “Qolçomaq oğlu İsmayılov”, bildirirəm ki, atam milis işçisi olub və mən körpə olarkən, cinayətkarlarla atışmada həlak olub. Mitinqçilər həmin plakatı dərhal yığışdırdılar. Sonra İlyas müəllim aksiyaçıları iclas zalına dəvət edib, iki saata yaxın onlarla söhbət etdi. İlyas müəllim suallara elə məntiqi cavab verirdi ki, insanlarla elə danışırdı ki, sanki onları illərdi tanıyırdı. Aksiyaçılar səhvlərini başa düşüb, razı halda dağılışdılar.
İlyas müəllim bu hərəkəti ilə xalqla dialoqa girməyin nümunəsini göstərirdi. O, yenə məni yanına dəvət edərək bildirdi ki, sabah Mirağa Cəfərquliyev, DİN-nin müavini Nurəddin Yusifovla birlikdə Cəlilabada gedəcək. Sən də iş yerində ol. Mən baş üstə deyib, səhərisi günü Cəlilabada qayıtdım.
Əvvəlki yazılarımda qeyd etdiyim kimi 29 dekabr 1989-cu ildə Cəlilabadda kütləvi ixtişaş baş verdi.
30 dekabr 1989-cu il tarixdə İlyas müəllim mühüm işlər üzrə müstəntiq Oqtay Qasımovla Cəlilabad Rayon Prokurorluğuna gəldi. Masallı rayon prokuroru Əzizağa Həsənov və Cəlilabad rayon prokurorunun köməkçisi Mircavan Kazımovla birlikdə hadisə yerinə - yandırılmış və dağıdılmış RPK-nın binasına getdi. Həmin vaxtı raykomun binası qarşısında, 20 min adamın iştirakı ilə mitinq keçirilirdi. Raykomun binasından çıxıb, prokurorluğa qayıdan İlyas müəllimi və onu müşahidə edən şəxsləri mitinqçilər görürdülər. Mitinqi idarə edən şəxs aksiyaçılara müraciətlə dedi:
- Görürsünüz, qanunların keşiyində dayanan, ədalət carçısı, Respublika prokuroru İlyas İsmayılov da mafiyanı müdafiə edir, gələn kimi raykomun binasına getdi. O da xalqdan qaçır, xalqın içərisinə gəlmir.
Bu zaman İlyas müəllim tribunaya tərəf vüqarlı addımlarla irəlilədi. O, yaxınlaşdıqca insanlar dəhliz açır və ona yol verirdilər. İlyas müəllim tribunaya qalxıb, əlini mikrofona uzatdı. Mitinqi idarə edən şəxs mikrofonu ona verdi. İlyas müəllim ondan soruşdu:
– Sənin adın nədir?
– Səxavət.
– lyas müəllim üzünü camaata tərəf çevirərək dedi:
– Səxavətin danışdıqlarının hamısı yalandır.
Mitinqdə uğultu əmələ gəldi. Sonra İlyas müəllim çoxsaylı suallara cavab verdi. Bütün cavablar qanun çərçivəsində və normasında idi. Bundan sonra yenə mitinqçilər dəhliz açdılar və İlyas müəllim prokurorluğa gəldi (video görüntü qalır).
Haşiyə: Məlumdur ki, xalq hərəkatı ilk öncə BDU-da başlamışdır. Tələbə hərəkatının genişlənməsindən ehtiyatlanan Respublika rəhbərliyi danışığa adətən Respublika prokuroru İlyas İsma- yılovu və intellektual səviyyəsi digərlərindən fərqlənən MK katibi Həsən Həsənovu göndərirdi. Universitedə tələbə və müəllim heyəti ilə görüşlər sakit məcrada keçir, adətən kompromis variantla yekunlaşırdı.
İnanılması zor olsa da, İlyas müəllimin və tabe prokurorların insanlarla danışıb razılaşması, öz fərsizliyini və acizliyini görüb etiraf etməyən nomenklaturanı qıcıqlandırırdı.
Bir misal çəkəcəyəm: 1988-ci ildə respublikada siyasi vəziyyət bir qədər də gərginləşmişdi. İnsanlar Topxanada baş verənlərə ciddi etiraz bildirir, kütləvi aksiyalar keçirirdilər. Respublika rəhbərliyi isə vəziyyətə nəzarət edə bilmirdi. Məlumat aldım ki, Göytəpədə yaşayan 18 erməni ailəsini köçürmək üçün mitinq təşkil olunub. Rayonun vəzifəli şəxsləri mitinqdə söz demək istəsələr də, aksiyaçılar onları qovmuşdular. Mən dərhal ora yollandım. Mitinqi alovlu şair Abbasağa idarə edirdi. O, məni görən kimi dedi:
- Onlar xalqdan qorxub qaçdılar. Sən necə, xalqın qarşısında çıxış etmək istəyirsənmi?
- Əgər xalqın şairi söz verərsə, əlbəttə danışaram, - deyə, cavab verdim. Abbasağa məni lazım olduğundan da artıq təqdim etdi və mən mitinqdə 35 dəqiqə çıxış etdim, insanları başa salmağa çalışdım, təxribatdan çəkinməyə səslədim. Dedim ki, bu gün erməni evlərinə hücum etmək düşmənə dəstək verməkdir. Çoxsaylı suallara cavab verdikdən sonra aksiyaçılar dağılışıb getdilər. Səhərisi gün 1-ci katibin otağında MK-dan gələn yoldaşla aramızda xoşagəlməz söhbət oldu. Adını çəkmək istəmədiyim həmin şəxs məndən soruşdu:
- Yoldaş Məmmədov, nə üçün katibi və milis rəisini fitə basıb qovan aksiyaçılar Sizi alqışlarla qarşıladılar?
Mən çox pərt olmuşdum. Təşəkkür və minnətdarlıq gözlədiyim halda, çətin sual qarşısında qalmışdım. Bir qədər susduqdan sonra ironiya ilə dedim:
- Yoldaşların bəziləri heç bir il deyil ki, Cəlilabadda işləyirlər. Mən isə 4 ildir işləyirəm. Yəqin ki, camaat onları tanımayıb. Ona görə də fitə basıblar.
Xalqın İlyas İsmayılov şəxsiyyətinə inamını, etimadını təcəssüm etdirən daha bir xatirəni sizinlə bölüşmək istəyirəm. Şair Musa Ələkbərli İlyas müəllim barədə yazdığı xatirədə deyir: “90-cı illərin əvvəlləri idi. Respublikamızın siyası ab-havası çox qarışıq, demək olar ki, xaos içində idi. Xalqımızın istiqlalçı şairi Xəlil Rza Ulutürk şəhərin müxtəlif yerlərində - ali təhsil ocaqlarının, dövlət idarələrinin, mətbuat orqanlarının qarşısında mitinqlər təşkil edir, piketlərlə çıxış edirdi. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə çağırış, bədnam qonşularımızın respublikamızdakı nümayəndələrinin uyğun bir şəkildə yola salınması idi. Belə piketlərdən birində mən də iştirak edirdim. Xəlil Rzanın arxasınca gələn insan seli Respublika Prokurorluğunu üzük kimi dövrəyə aldı. Rəhbərliyə qarşı müxtəlif şüarlar səsləndirilirdi. Adamlar hələ də bu mühüm dövlət orqanında ermənilərin işləməyini qəbul edə bilmirdilər. Xəlil Rza Ulutürk çıxış edərək xeyli sayda erməni soyadı daşıyan adamların adını çəkdi, onların mühüm dövlət orqanında, ali qanunlarımızın keşiyində olmalarını rüsvayçılıq adlandırdı və qəzəblə baş prokurorun, yəni İlyas İsmayılovun ünvanına səsləndi. Bu məqamda İlyas müəllim ağır, təmkinli, vüqarlı addımlarla piket iştirakçılarının önünə gəldi. O, gülümsəyirdi. Elə bil ki, bu hay-küyün fərqində deyildi. Onun təbəssümü bu piketin ürəyincə olmağına sanki bir işarə idi. Asta, düşündürücü bir ifadə ilə piket başqanı Xəlil Rzaya üz tutdu və: “Xəlil bəy, sizin o sadaladığınız familyaların bir çoxu artıq bizdə işləmir. Narahat olmaya bilərsiniz. Sizin qışqıra-qışqıra dediklərinizi biz sakit, təmkinli şəkildə icra edirik. Yəni bizim - Azərbaycan Prokurorluğunun işi belədir – reklamsız şəkildə öz missiyamıza davam edirik. Bizim şairlərə, ədəbiyyat adamlarına böyük hörmətimiz var. Şair, vətən sevgisində, milli dəyərlərimizin qorunması sahəsində biz də çalışırıq ki, sizdən geri qalmayaq. Nə vaxt istəsəniz, mən sizi qəbul edərəm, ikilikdə söhbətimizi davam etdirərik, adamları işindən-gücündən eləməyin, qoy dağılışıb getsinlər”, - dedi.
Özünəməxsus təbəssümlə başladığı söhbətə elə eyni ovqatla da xitam verdi”.
* * *
Dağlıq Qarabağdakı ümumi vəziyyəti və baş vermiş hadisələrin səbəblərini başa düşmək üçün ixtişaşlarla bağlı yoxlamalara və istintaqa rəhbərlik etmiş SSRİ Baş prokurorunun müavini A.F.Katusevin SSRİ-nin Baş prokuroru A.M.Rekunkova ünvanladığı məktuba baxmaq lazımdır: “...Son illərdə Ermənistanda yaranmış Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qızğın tərəfdarlarının dayanıqlı qrupu yaranmışdır. Onlar DQMV-yə öz nümayəndələrini göndərərək, DQMV-də yaşayan ermənilərin “sıxışdırıldıqları” haqqında böhtan xarakterli uydurmalar, müxtəlif “tarixi təhqiqatları”, müraciətləri kütləvi şəkildə yaymaqla, vilayətin erməni əhalisini birləşmə uğrunda hərəkata qoşulmağa təhrik edirdilər. Yerevandan vilayətə gəlmiş ekstremist əhval-ruhiyyəli şəxslər əhalini bu hərəkata cəlb etmək üzrə iş apararaq, təsərrüfat rəhbərlərini, sovet işçilərini, yerli ziyalıları, ələ alırdılar”.
Moskvanın ermənipərəst mövqeyini və Respublika Prokuroru İlyas İsmayılovun üzləşdiyi çətinliyi Onun öz dilindən eşidək: “Dağlıq Qarabağ separatçılarının o vaxtki rəhbəri Manuçarovun haqqında Azərbaycan Respublikası Prokurorluğunda dövlət əmlakını xüsusilə külli miqdarda oğurladığına və rüşvətxorluqla məşğul olduğuna görə cinayət işi qaldırılıb, Respublika prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi V.T.Boqomolovun rəhbərliyi ilə istintaq aparılırdı. İstintaq çox uğurlu gedirdi. Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özləri Manuçarovu ifşa edən ifadələr verirdilər. Əşyayi-dəlillər də əldə edilmişdi. Cinayətkarlar tərəfindən binanın divar hörgüsündə gizlədilmiş qiymətli qızıl sikkələr və bəzək əşyaları da əldə edilmişdi. İfşa olunduğundan hədsiz qəzəblənən Manuçarov Xankəndində vilayət prokurorluğunda istintaqı davam etdirən Boqomolova hücuma keçdi. Məqsədi cinayət işini ələ keçirib onu məhv etmək idi. Mən deyərdim ki, Boqomolov bu işi böyük qəhrəmanlıqla ondan xilas edə bildi. Manuçarov Azərbaycandan Yerevana qaçdı. Sonralar ermənilərin şikayətinə əsasən (guya, biz işi qərəzli aparırdıq) bu işi SSRİ Prokurorluğu bizdən alıb öz icraatına götürdü və istintaqı xüsusilə mühüm işlər üzrə baş müstəntiq K.K.Maydanyuka tapşırdı. Maydanyuk da, həmçinin SSRİ Baş prokurorunun istintaq üzrə müavini A.F.Katusev də işə çox vicdanla yanaşdılar, 10 nəfərdən çox adam həbs edildi, o cümlədən Manuçarov Yerevanda tutulub Şuşa türməsinə gətirildi. Həmin ərəfədə (tarixi dəqiq yadımda deyil) SSRİ Baş prokuroru A.Y.Suxarev mənə zəng edərək bildirdi ki, səhər Bakıya uçur, onu qarşılayım. Onun istintaq üzrə müavini A.F.Katusev də Bakıda idi. Səhər Suxarevi qarşılayıb mehmanxanada yerləşdirdim. O, müavini A.F.Katusevi, Manuçarovun işini istintaq edən K.K.Maydanyuku və məni yanına dəvət edərək, Manuçarovun haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilib onun azad edilməsi barədə fikrimizi soruşdu. A.F.Katusev və Maydanyuk işin tam sübutlu olduğunu ona bildirdilər və xüsusilə təhlükəli cinayətkar olan Manuçarovun azad edilməsini mümkünsüz saydılar. Onda Suxarev Manuçarovun Moskvaya etap olunması məsələsini müzakirə etdi. Müstəntiq bunun işin istintaqı baxımından ziyanlı olduğunu bildirdi. O dedi ki, həbsdə 10 nəfərdən çox müqəssir var, bu müqəssislər də Manuçarovla üzləşməlidir. Müqəssir və şahidləri Moskvaya etap eləmək isə ağılsızlıqdır. Suxarev bu dəlillərlə razılaşdı. Elə bu vaxt Moskvadan ona zəng oldu. O, zəng edənə işin sübutlu olduğunu, Manuçarovun da azad edilməsinin mümkün olmadığını bildirdi. Zəng edən şəxs çox narazı qaldı və “ermənilərə qarşı repressiya aparırsınız” dedi. A.Y.Suxarev bizə bildirdi ki, bu şəxs məhz Sov. İKP MK katibi, Siyasi Büronun üzvü A.N.Yakovlevdir. Sonra mənə aydın oldu ki, Suxarev məhz onun tapşırığı ilə Bakıya gəlibmiş. Ardınca daha dəhşətli hadisələr baş verdi: səhər hərbi vertolyotla Manuçarovu qanunsuz olaraq Şuşa türməsindən Moskvaya apardılar. Qanuna görə, müqəssirin bir türmədən başqasına köçürülməsi ancaq işin istintaqını aparan müstəntiqin onun barəsində etap olunmaya dair prokuror tərəfindən sanksiyalanmış qərarı əsasında ola bilərdi. Belə bir qərar olmadan Moskvadakı azadlıqdan məhrum olunma yeri də müqəssiri qəbul edə bilməzdi. Tez bir müddətdə Manuçarovu Ermənistan Ali Sovetinə deputat seçdilər. Ermənipərəst olmaları ilə tanınan, Azərbaycana düşmən kəsilmiş A.Saxarov və Q.Starovoytova türmədə ona deputat mandatını təqdim etdilər və onlun azad olunmasına nail oldular.
O vaxtlar mən artıq Azərbaycan Respublikası prokuroru deyildim, Moskvada SSRİ Prokurorluğunda işləyirdim, Manuçarovun işi ilə də daim maraqlanırdım. Onu qeyd etməyi özümə borc bilirəm ki, həm A.F.Katusev, həm də K.K.Maydanyuk bu işə vicdanla yanaşırdılar, böyük təsirlərə baxmayaraq, qanun pozuntusuna və ədalətsizliyə yol vermirdilər. Onların məlumatlarına görə, hələ Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna da zəng edərək işin xitam olunmasını xahiş edirmiş.
Qanuna hörmət bəsləyən insanlar işi xətm etmədilər, əksinə, ittihamnamə ilə baxılması üçün SSRİ Ali Məhkəməsinə göndərdilər. Burda da ağlagəlməz hadisə baş verdi - SSRİ Ali Məhkəməsi işə baxmadı və onu Belorusiya Ali Məhkəməsinə göndərdi. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, onu Brest Vilayət məhkəməsinə göndərdi. Vilayət məhkəməsi də işi uydurma əsaslar üzrə qanunsuz olaraq təkmili istintaqa qaytardı. SSRİ Prokurorluğunda - vilayət məhkəməsinin bu qərarından protest hazırlanırdı ki, SSRİ dağıldı, Yakovlev və digərlərinin köməyi ilə dövlət əmlakını xüsusilə külli miqdarda talayan, rüşvətxor Manuçarov cəzasız qaldı. Bu da Yakovlevin şəxsində Sov. İKP MK Siyasi Bürosunun separatçılara dəstəyi idi.”
O, ən yüksək dairələrdə Azərbaycanın mövqeyini qorumağı bacarırdı...
1989-cu il iyun ayının 22-23-də Moskva şəhərində SSRİ Hüquqşünaslar İttifaqının təsis qurultayı keçirilirdi. Qurultayda Azərbaycan Respublikası prokurorluğunun Təşkilat Analitik şöbəsinin rəisi İdris Əsgərov, Sumqayıt şəhər prokuroru İsmət Qayıbov və nümayəndə heyətini rəhbəri kimi Respublika prokuroru İlyas İsmayılov iştirak edirdi. Qurultaym gündəliyinə çıxarılmış təşkilati məsələlər həll edilərkən, yaradılan qurumlardan birinə İ.İsmayılov Sumqayıt şəhəri prokuroru İsmət Qayıbovun namizədliyini irəli sürdü. Ermənistan nümayəndələri İ.Qayıbovun adını Sumqayıt hadisələri ilə əlaqələndirərək, onun namizədliyinə qarşı səs-küylü etirazlar səsləndirdilər və elan etdilər ki, İ.Qayıbovun namizədliyi geri götürülməsə, onlar qurultayı tərk edəcəklər. Məsələ xeyli müzakirələrə səbəb oldu. Gərginliyi yatırmaq üçün tənəffüs elan edildi. Digər respublikaların prokurorları, eləcə də SSRİ Baş prokurorunun müavini Bajenov İ.İsmayılovdan xahiş edirdi ki, İ.Qayıbovu başqa bir namizədlə əvəz etsin. İ.İsmayılov bütün bu təklifləri qətiyyətlə rədd edərək dedi ki, bu təklifləri qəbul etmək Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyini etiraf etmək demək olardı. İ.İsmayılov çıxış edərək, Sumqayıt hadisələrinin erməni separatçıları tərəfindən himayədarlarının ssenarisi üzrə quraşdırılmış fitnəkarlıq olduğunu inandırıcı dəlillərlə ortaya qoydu. İ.Qayıbov namizədliyi irəli sürülmüş quruma seçildi.
İlyas müəllim SSRİ Baş prokurorluğunda şöbə müdiri vəzifəsində işləyərkən, Azərbaycan Respublikasının Ədliyyə naziri olarkən, partiya sədri və millət vəkili kimi həmişə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Məsəslən, 2001-ci ildə Milli Məclisdə dinləmələr zamanı etdiyi çıxışında deyir: “Hesab edirəm ki, Qarabağ məsələsi ilə əlaqədar hər kəs partiya mənsubiyyətini, şəxsi və qrup maraqlarını yadından çıxarmalıdır və məsələnin mahiyyəti üzrə danışmalıdır”.
İlyas müəllim bütün həyatı boyu Qarabağ məsələsində iqtidarın yanında olmuşdur. O,”sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” prinsipini əldə rəhbər tutaraq, öz yazılarında qiymətli və məntiqli fikirlərini həmişə ictimaiyyətə çatdırmışdır.
Zəfərdən sonra
Tarixdə ilk dəfə Azərbaycan dövlətini imperiyaya çevirmiş şəxsiyyət Şah İsmayil Xətainin belə bir kəlamı var: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra xalqa belə bir müraciət etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu tarixi qələbə - keçən əsrin sonlarından 2020-ci ilə qədər davam edən Azərbaycan Vətən Müharibəsi Azərbaycan xalqının, Azərbaycan ordusunun, Ordunun başında dayanan Ali baş Komandanın qələbəsi idi. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış torpaqları azad etməklə, bu torpaq uğrunda canını fəda etmiş oğulların, o oğulların yolunu gözləyə-gözləyə dünyasını dəyişmiş anaların, ataların, Azərbaycan dövləti, Azərbaycan torpaqları, Azərbaycan xalqı uğrunda son damla qanına qədər vuruşmuş xətailərin, babəklərin, cavadxanların, mübarizlərin, poladların... ruhunu şad etmiş oldu.
Yaxın keçmişə boylananda 30 illik işğal deyirik, əslində isə, Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoydu.
Tarixi varaqlayaq: 1736-cı ildən hakimiyyətdə olan Nadir Şah 11 ildə Dağıstan, Gürcüstan, indiki Ermənistan ərazisi, İran, İraqın böyük bir hissəsi, Özbəkistanın bir hissəsi, Türkmənistan, Pakistan və Əfqanıstanın böyük bir hissəsi, Dehli də daxil olmaqla, Hindistanın bir hissəsi, Bəhreyn və Oman kimi dövlətləri fəth edərək Azərbaycanın ərazisini 3 milyon kv.km çatdırdı. 1746-cı ildə Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra ayrı-ayrı feodal dövlətlərə və xanlıqlara parçalanan, xarici təcavüz nəticəsində zaman-zaman torpaq itirən bu nəhəng imperiyadan keçən əsrin 90-cı illərində cəmisi 86 min kv.km.lik ərazi qalmışdı ki, onun da 20 faizi ermənilər tərəfindən işğal edilmişdi. 2-ci Qarabağ müharibəsində qazanılan qələbəmiz 274 illik həsrətimizə son qoydu.
Qeyd:Hicrətin 6-cı ilində(m.628)Rumlular Farslara qalib gəldilər.Həmin vaxt Peyğəmbər(s.ə.s) belə bir fikir səsləndirmişdi:”Nə bəxtəvərdir o komandan və əskərləri ki,Konstantinopola bayraq sancacaq”.8 əsrdən sonra bu missiya 7-ci osmanlı sultanı II Mehmetə qismət oldu.(1453).Xalq o gün və bu gündə artıq 7 əsrə yaxındır ki,onu Fateh adlandırır.
Bu gün eyni sözləri Şuşamıza bayraq sancmış Komandan və əskərləri haqqında da demək olar.Bu böyük missiya bizim Prezitentimiz İlham Əliyevin üzərinə düşdü. Bundan sonra ona Fatehmi yoxsa Xilaskarmı deyiləcək-buna uca millətimiz qərar verəcək.Amma bəlli olan odur ki,əsrlər boyu bu hünərvərlik unudulmayacaq.
Azərbaycan siyasi partiya başqanları, o cümlədən Ədalət Partiyasının başqanı bir araya gələrək Respublika Prezidentinə belə bir məktub göndərdilər:
“Cənab Ali Baş Komandan!
Zati-alinizin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır.
... Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.
Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri Sizin diplomatik bacarığınız, beynəlxalq münasibətləri doğru dəyərləndirməyiniz, məntiqli arqumentləriniz sayəsində qısa zaman- da iflasa uğradı.
Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi.
Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik. İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik! Yaşasın Azərbaycan!”
...Biz o günləri də yaşadıq – Ali Baş Komandan Böyük Zəfər müjdəsi ilə də xalqını sevindirdi.
İlham Heydər oğlu Əliyevin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında söylədiyi geniş nitqdən bir hissəni diqqətinizə çatdırıram:
“Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir.
Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik!”
Yeri gələndə humanistliyi, yeri gələndə ciddiyyəti ilə seçilən, ədalətli, son nəfəsinə qədər haqqa tapınan (İ.İsmayılov bu dünyayla “Lə İləhə iləllah!” kəlməsi ilə vidalaşıb.), düzlükdən, dürüstlükdən, ali və ilahi qanunlardan heç vaxt uzaq düşməyən İlyas İsmayılov böyüklüyü, müdrikliyi ilə də həmişə öndə olub, başqalarından seçilib. İsmayılov ölkə başçısının, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin 60 illik yubileyi münasibətilə Prezidenti təbrik edən, ona xoş arzu və istəklərini yetirənlər sırasında da öndə idi.
O, təbrik məktubunda yazırdı:
“60 illik ömrünüz və 18 illik prezidentlik fəaliyyətiniz müddətində Sizin üçün ən gərgin, həm də ən fərəhli və qürurverici anlar bütün xalqımızın vahid ordu şəklində arxanızda birləşərək, düşmən üzərinə yürüdüyü və qələbəylə bitirdiyi 44 günlük Qarabağ savaşı zamanı olub. Çünki bir Rəhbərin savaş qərarı təkcə özünün deyil, həm də xalqının taleyini, aqibətini müəyyənləşdirər və mən çox şadam ki, Siz də, arxanızda birləşdirib düşmən üzərinə aparmağı bacardığınız Azərbaycan xalqı da bu 44 günlük Vətən savaşından qalibiyyətlə - alnıaçıq, üzüağ, şərəflə çıxdı”.
Və bu xoş diləkli, müdriklik təcəssümü olan təbrik Prezidentin ünvanına bir daha - Prezident İlham Əliyev (böyük qələbədən sonra) yenidən dövlət başçısı seçiləndə ünvanlandı. Bu haqda Ədalət Partiyasının qəbul etdiyi bəyanatda deyilir: “7 fevral - Prezident seçkiləri Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkilərdən kəskin şəkildə fərqləndi.
İlk növbədə, 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi.
Bununla yanaşı, 7 fevral seçkilərini ilk dəfə Azərbaycan qalib dövlət kimi keçirirdi.
Seçki təyin olunandan qısa zaman sonra ölkəmizdəki bir çox partiyalar milli və dövlətçilik mənafeyini əsas götürərək, Vətən müharibəsinin qalibi, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini açıq şəkildə bəyan etdilər. Bu, Azərbaycan siyasi tarixinin yeni səhifəsi, ayrı-ayrı siyasi güclərin milli məsələ, vətən və dövlət uğrunda birliyinin göstəricisi oldu...”
20 Yanvar faciəsi
Azərbaycan tarixində qələbə zəfəri ilə də, məğlubiyyət acısı ilə də bağlı günlər var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr xalqımız üçün böyük bir imtahan oldu. Azadlıq uğrunda mübarizəyə qalxan əliyalın insanların üzərinə yeriyən sovet qoşunları tarixdə misli görünməmiş vəhşiliyə əl atdı.
Bu qanlı faciə barədə çox deyilib, çox yazılıb...
Fikrim 20 Yanvar hadisələrini yenidən araşdırmaq deyil, bəzi qüvvələrin 20 Yanvar qətliamı ilə əlaqədar başlanmış cinayət işinin istintaqını nə üçün Azərbaycan SSR prokurorluğu aparmadı? Sualına cavab verməkdir.
Geniş oxucu kütləsi bilməsə də, hüquqşünaslar üçün təbəssüm doğuran sualdır.
Əvvəla, istər həmin dövrdə və istərsə indiki zamanda cinayət törətmiş onlarla şəxsin biri hərbçi olarsa qanunun tələbinə görə cinayət işinin istintaqı hərbi prokurorluq tərəfindən aparılmalıdır. SSRİ vaxtında heç bir müttəfiq respublikada, o cümlədən, Azərbaycan SSRdə Hərbi Prokuror vəzifəsi mövcud deyildi. Hərbi prokurorluq dairə, qarnizon sistemi üzrə fəaliyyət göstərirdi.
SSRİ Baş Hərbi Prokuroru, Dairə Hərbi Prokuroru və Qarnizon Hərbi Prokuroru.
Zaqafqaziya respublikaları Zaqafqaziya Dairə Hərbi Prokurorluğunun yurisdiksiyasına aid idi. Məsələn: Zaqafqaziya Dairə Hərbi Prokurorluğunun Bakı (Kirovabad, Lənkəran) Qarnizon Hərbi prokurorluğu və yaxud Zaqafqaziya Dairə Hərbi Prokurorluğunun Tbilisi (Batumi, Kutaisi) Qarnizon Hərbi Prokurorluğu və.s.
Beləliklə, həmin cinayət işinin Azərbaycan Respublikası Prokurorluğu tərəfindən istintaq edilməsi mümkün deyildi.
Buna baxmayaraq, İ.İsmayılovun təşəbbüsü ilə kollegiya iclasında qərar qəbul edildi ki, törədilmiş cinayət faktları ilə əlaqədar yoxlama aparıb cinayət işi başlanılsın və aidiyyəti üzrə göndərilsin.
Azərbaycan Respublikasının prokurorluq orqanları Yanvar hadisələri zamanı baş vermiş bütün cinayət faktlarını aşkarlayaraq, həmin faktlar üzrə cinayət işi başlayır, bu işlərin gizlədilməsinin qarşısını almaq üçünsə həmin işlər mərkəzləşdirilmiş cinayət işlərinin qeydiyyatına alınır və onlara mərkəzləşdirilmiş cinayət qeydiyyatı nömrəsi verilirdi. Bundan sonra həmin işlər Zaqafqaziya Dairə Hərbi Prokurorluğunda istintaqı aparılan əsas işə birləşdirilməsi üçün göndərilirdi. Beləliklə, cinayət faktlarının gizlədilməsinin qarşısı alınırdı.
Respublika Prokurorluğunun səyi və təkidi nəticəsində Hərbi Prokurorluğun istintaq qrupuna 40 nəfər Azərbaycan SSR Prokurorluğunun və Daxili İşlər Nazirliyinin müstəntiqləri daxil edilmişdi.
Məsələn, Bakı şəhəri Oktyabr rayonu üzrə 100-ə qədər vətəndaşdan Yanvar hadisələri vaxtı hərbi qulluqçuların qanunsuz silah tətbiq etmələri, insanlara xəsarət yetirmələri, onların əmlakının məhv edilməsi haqqında ərizələr alınaraq bu fakt üzrə Azərbaycan SSR CM-in 94 və 251 maddələri ilə cinayət işi başlayaraq, hadisə yerlərinə baxış keçirmək, zərərçəkmişləri dindirmək və s. kimi istintaq hərəkətlərini həyata keçirərək mərkəzləşdirilmiş cinayət qeydiyyatına alınaraq 18/35103 qeydiyyat nömrəsi verilmiş, cinayət işi hərbi prokurorluğa göndərilmişdi. Belə işlər çox olmuşdur. Məsələn, Salyan kazarması ilə üzbəüz olan yaşayış binalarının gülləbaran edilməsi, Ə.Ələkbərov küçəsindəki 97 saylı evin dəfələrlə atəşə tutulması və s. faktlar üzrə də cinayət işləri başlanmış, sonra hərbi prokurorluğa göndərilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ilin fevral ayında Respublikanın Baş prokuroru Murad Babayevlə idarə rəisi İdris Əsgərov Moskva şəhərində Yanvar hadisələrinin törədilməsində, Bakı şəhərinə qoşun yeridilməsində iştirak etmiş, SSRİ Ali Sovetinin sədri A.Lukyanovun, SSRİ Müdafiə naziri D.Yazovun, SSRİ DTKnın sədri V.Kryuçkovun dindirilməsində prokurorluğun təşəbbüsü ilə toplanmış materiallardan da istifadə olunmuşdu.
Haşiyə: Hərbi Prokurorluğun Azərbaycanın yurisdiksiyasında olmamasına dair baş vermiş bir hadisəni də nəql etmək istəyirəm:
1983-cü ildən SSRİ hərbi prokurorluğu sistemində əmək fəaliyyətinə başlayan Rauf Kişiyev 1990-ci ildə Bakı Qarnizon Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilmişdi. “20 Yanvar”la əlaqədar Zaqafqaziya Dairə Hərbi Prokurorluğu tərəfindən istintaq edilmiş cinayət işinin bir çox materialları Bakı Qarnizon Hərbi Prokurorluğunda saxlanılırdı. Azərbaycan Respublikası Baş Prokurorluğu həmin cinayət işlərini tələb edərkən Zaqafqaziya Dairə Hərbi Prokurorluğundan gələn tapşırığa əsasən cinayət işləri prokuror Quşşin tərəfindən Moskvaya göndərilmişdi. Quşşinin qısa müddətli ezamiyyətdə olmasından istifadə edən Rauf Kişiyev bir hissəsi Bakı Qarnizon Hərbi Prokurorluğunda qalmış, 30-40 cildlik cinayət işini və maddi sübutları Respublika Baş Prokurorluğuna göndərmişdi. R.Kişiyevin bu “özbaşınalığından” hiddətlənən SSRİ Baş Hərbi Prokurorunun müavini zəng edərək onu həbsə almaqla hədələyir. Rauf Kişiyev təzəcə Baş Prokuror vəzifəsinə təyin edilmiş Murad Babayevin yanına gəlir. Murad müəllim telefonu götürüb yoldaşlıq və dostluq münasibətində olduğu SSRİ Baş Hərbi Prokuroru A.F.Katusevlə danışır. Təkzibedilməz faktlarla Raufun təqsirsiz olmasını sübut edir. Bir müddətdən sonra Murad müəllimin dəstəyi ilə Rauf Kişiyev Bakı Qarnizon Hərbi Prokuroru vəzifəsinə təyin edilir.
Qeyd: Bu həmin Rauf Kişiyevdir ki, 1996-cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah-sursat verməsi barədə sənədləri yalnız özünə bəlli olan üsullarla əldə edə bilmişdi. Həmin vaxt Ermənistanın dövlət büdcəsi 400 milyon dollara çatmırdı.
Digər Xəbərlər

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI
