29 Oktyabr 2024 14:20
2353
MEDİA

“Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi TƏQDİM EDİLİB

Bugün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin icra etdiyi “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi təqdim edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra söz Universitetin Tələbə Həmkarlar Komitəsinin sədri Şahmar Rəfiliyə verilib. Tədbir iştirakçılarına ali təhsil müəssisəsinin rektoru, professor Gülçöhrə Məmmədovanın salamlarını çatdıran komitə sədri Qərbi Azərbaycana qayıdış mövzusu günün prioriteti və ən aktual mövzusudur.

Qərbi Azərbaycandan azərbaycanlıların müxtəlif dövrlərdə deportasiyalara məruz qalmaları və soydaşlarımıza məxsus tarixi-mədəni abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair statistik məlumatları çatdıran Şahmar Rəfili bu baxımdan azərbaycanlılara məxsus olan qəbirstanlıqların məqsədyönlü şəkildə məhv edilməsi məsələsi ətrafında intensiv müzakirələrin aparılmasını vacib sayıb.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyin sədri Etibar Məmmədov bildirib ki, layihə çərçivəsində hazırlanan “Gələcəyə qarşı cinayət” adlı çarx hazırda Ermənistan respublikasının yerləşdiyi tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qəbirstanlıqların sistematik və məqsədyönlü şəkildə məhv edilməsindən bəhs edir.

O deyib ki, qəbirstanlıqların dağıdılması keçmişlə gələcək arasında mənəvi bağların qırılması, keçmiş və gələcək nəsillər arasında əlaqələri silmək deməkdir. Bu isə, təbii ki, insanlığa, bəşəriyyətə qarşı cinayətdir. Çarxın nümayişi keçirildi.

Tədbirdə iştirak edən millət vəkili Pərvin Kərimzadə bildirib ki, “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” kimi mövzunun gündəmə gətirilməsi, eyni zamanda, Qərbi Azərbaycanda mədəniyyətimizin, adət-ənənələrimizin ermənilər tərəfindən məhv edilməsi, mənimsənilməsi və bir sıra hallarda özgəninkiləşdirilməsi məsələsini də aktuallaşdırır.

O, vurğulayıb ki, bu, çox ağır və eyni zamanda siyasi erməniliyin əsl üzünü ifşa etməklə bərabər Qərbi Azərbaycana qayıdışın ilkin və bariz əlamətlərindən biridir. Pərvin Kərimzadə xüsusilə qeyd edib ki, “Gələcəyə qarşı cinayət” çarxı ölkə Prezidentinin əsasını qoyduğu ideoloji xəttə tam xidmət edir.

Millət vəkili Naqif Həmzəyev Qərbi Azərbaycanda anadan olduğunu və hətta birinci sinifə doğma kəndində getdiyini vurğuladı. O, bildirib ki, bu, onun ən müqəddəs xatirələridir və uzun illər keçməsinə baxmayaraq, doğma yurdu ilə bağlı ən kiçik an belə onun yaddaşında qalıb və bundan sonra da qalacaq.

Naqif Həmzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında çox yaxın vaxtlarda soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar və bütün dağıdılmış yerləri, o cümlədən hər kəs üçün müqəddəs olan qəbirstanlıqlarımızı bərpa edəcəklər. Çıxışının sonunda millət vəkili yaxın zamanlarda hamını Qərbi Azərbaycanda öz evlərinə qonaq dəvət edəcəyini və buna əmin olduğunu söyləyib.

Qərbi Azərbaycan İcmasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və “Qərbi Azərbaycan TV”-nin rəhbəri Ülviyyə Zülfüqar Azərbaycan cəmiyyətinin hər bir üzvünü Qarabağın işğaldan azad olunması məsələsində olduğu kimi Qərbi Azərbaycan məsələsində də güclü, sarsılmaz birliyin nümayiş etdirilməsinin həyati vacib əhəmiyyət kəsb etdiyi vurğulayıb.

Ülviyyə Zülfüqar bildirib ki, Qərbi Azərbaycan İcması bütün beynəlxalq təşkilatlarda və ikitərəfli görüşlərdə erməni vandallarının törətdikləri cinayətlər barədə müfəssəl məlumatlar verir. Onun sözlərinə görə, yaxın vaxtlarda bütün dünya Azərbaycan cəmiyyətinin Qərbi Azərbaycan məsələsində də birliyinin və əzmkarlığının şahidi olacaq.

Tədbirdə çıxış edən “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqları da daxil olmaqla, bütün maddi-mədəni abidələrin məhv olunmasına dair ekran əsərlərinin yaradılmasının və bunların beynəlxalq aləmdə yayılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Prezidentinin “biz Qərbi Azərbaycana tanklarda deyil, maşınlarımızda qayıdacağıq” sözlərini təkrarlayan BüllurMəmmədova qeyd edib ki, həmin günlər elə də uzaqda deyil və o məqamı yaxınlaşdırmaq üçün hamı bir nəfər kimi eyni amal uğrunda çalışmalıdır. Onun sözlərinə görə, “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi və onun çərçivəsində hazırlanmış “Gələcəyə qarşı cinayət” çarxı çox vacibdir və bundan sonra da bu səpkidə videomaterialların yaradılması böyük əhəmiyyət kəsb edir.

Tədbir “Gələcəyə qarşı cinayət” çarxı ətrafında müzakirələrlə davam edib.

 

 Əntiqə Rəşid