Qüdsü xilas edən yeganə yol... - Elxan Şükürlü yazır
Suriya! Suriya! Suriya! İslam tarixində ən böyük fitnələrdən birinin baş verdiyi və "Quran" ayələrinin nizələrə taxıldığı məşhur "Siffeyn savaşı" məhz indiki Suriya torpaqlarında yaşanmışdı...
Qədim rəvayət və hədislərdə İslam ümməti üçün ən böyük və ən son fitnənin də məhz indiki Suriya torpaqlarında çıxacağı, Zühurun və Qüdsün işğaldan azad edilməsi prosesinin isə bundan sonra baş verəcəyi vəd olunur...
Hazırda Suriya ərazisində yaşananlar bütün əlamətləriylə o böyük və son fitnə dövrünə qədəm qoyduğumuzu göstərir!
Hər kəs - dost da, düşmən də "İslamçı" libasındadır və "Allahu-əkbər" hayqırır!
Siffeyndə "Quran" ayələrini nizələrə taxaraq, ümməti parçlayanların nəvələri eynilə indi də cihadçı qruplaşmaların bayraqlarına bürünüblər!
İslam düşmənlərinin əsas məqsədi son illər sürətlə yaxınlaşan Türkiyə və İranı - Qəzza sınağından qismən üzüağ çıxa bilmiş bu iki müsəlman dövlətini Suriyada yenidən baş-başa gətirmək, toqquşdurmaq və beləcə, sünni-şiə ziddiyyətini körükləməklə İslam vəhdətinin qarşısını almağa, Qüds uğrunda mübarizəni zəiflətməyə və İsraili xilas etməyə nail olmaqdır!
Qərb də, İsrail də çox yaxşı bilir ki, Türkiyə və İranın Suriyada əməkdaşlığı İslamda vəhdətə aparan və Qüdsü xilas edən yeganə yoldur!
Ən böyük fitnənin fitilinin çəkildiyi və körükləndiyi belə bir zamanda daha təmkinli və ehtiyatlı davranmalı, sosial şəbəkələr üzərindən dartıldığımız məzhəb qarşıdurmasından yayınmağı, təfriqəçi informasiyaların tələsinə düşməməyi bacarmalıyıq, qardaşlar! Çünki budəfəki fitnə atəşinin yalnız Suriya və İraqı deyil, bütün İslam coğrafiyasını əhatə etməsi planlaşdırılır!
Allah İslam ümmətinin təəssübünü çəkən, vəhdət üçün çalışan həqiqi möminləri qorusun və bu imtahandan da üzüağ çıxarsın!