30 Oktyabr 2024 09:24
2602
MÜSAHİBƏ

Rza Rzayev: “Ölkədən çıxışıma “Stop” qoyulub, o götürülsün çıxıb gedəcəm” - MÜSAHİBƏ

Adalet.az xəbər verir ki, Lent.az-ın müsahibi kinoaktyor, kinorejissor, “Rza Drakon” ləqəbi ilə tanınmış Rza Rzayevdir.

- Rza bəy, sizinlə söhbət edərkən Naxçıvan ləhcəsini ən tünd şəkildə eşidirəm və maraqlı gəlir. Necə deyərlər siz Naxçıvandan çıxmısınız, Naxçıvan sizdən çıxmayıb?

- Çıxmaz. Naxçıvan başqa bir ruh halı, başqa bir sevgidir. Naxçıvan camaatı əslində Bakıdan göründüyü kimi deyil. Fərqli insanlardırlar. Daha üsyankar, daha dövlətə bağlı, daha milliyyətçi. Mən bir nüansı qeyd edim. Naxçıvanda rus məktəbini bitirən naxçıvanlılar da düz əməlli rus dilini bilmirdilər. Orada dini təəssübkeşlik ən üst səviyyədə olub. Biz Heydər Əliyevin Moskvada rusca çıxışlarını görəndə dil bilməyə - bilməyə əvvəldən axıra qədər oturub ona baxırdıq, televizoru öpürdük. Mənim şəxsiyyət kimi Heydər Əliyeva münasibətim tamam başqa idi.
Sovet vaxtı qoşunları tökürdülər ki, biz “aşura-taşura” (biz tərəfdə onu belə adlandırırdılar) mərasimi eləməyək, yenə edirdik. Mən bunun şahidiyəm. Naxçıvanlılar yerlipərəst deyillər, bizdə özünü qoruma instinkti var. Çünki ada şəklində başqa dövlətlərin arasında qalmışdıq. Naxçıvanlı burda elədiyi hərəkəti Naxçıvanda edə bilmir.

- Bu aralar nə işlə məşğulsunuz?

- Təzə çıxmışam. Hələlik heç nə. Mənim kimi insanlara iş verilmir. 

- Bəs necə dolanırsınız?

- Hamı necə mən də elə.

- Bir dəfə kinoya təsadüfən gəldiyinizi demisiniz. Aktyor təhsiliniz var? 

- Aktyorluq yox, rejissorluq üzrə magistr təhsili almışam. Azərbaycanda hüquq üzrə oxumuşam və bir də Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Sonra da Türkiyədə sinema məktəbini. 12 il təhsil almışam. Nyu-York sinema akademiyasından müəllimlər gəlmişdi, 39 türk və bir azərbaycanlı onlardan dərs aldıq. Türkiyənin Prezidenti Ərdoğanın ölkəsi üçün ən böyük xidmətlərindən biri kinonun inkişafına verdiyi dəstəkdir. Çünki kinonun güclü təbliğat maşını olduğunu anlayır. Ona görə, türk serialları dünyanı  fəth edir. Həm ideoloji təbliğat aparır, həm də yaxşı pul gətirir.

- Öyrəndiklərinizi kinoda tətbiq edə bildiniz?

- 2016-cı ildə Qarabağda nələr baş verəcəyini, bu günün reallığını çəkmişdim öz filmimlə. Və gözəl də qarşılanmışdı.

- Filmin adı necə idi?

- “Geyinilməmiş ayaqqabılar”. İllər öncə o filmdə Xankəndini aldığımızı göstərmişdik. 

-  Bu gün niyə çəkmirsiniz?

 - Bütün dünyada belədir. Ssenarini büdcəyə, maliyyəyə görə yazırsan. Tutaq ki, o filmdə 10 dənə avtomobil, ev yandırmalıyam. Öncə onları alacaq gücüm olmalıdır ki, sonra yandırım. 1 milyon pulun varsa, ona görə ssenari yazırsan. Pulunun miqdarını bilmədən yazdığın  ssenaridən ssenari olmaz. Rejissor hər dəqiqəyə nə qədər pul ayıracağını bilir. Ayrılmış büdcədən artıq pul xərclənərsə, bunu da öz cibindən verir. Hollivud aktyoru ilahiləşdirdi, Avropa rejissoru. Avropa gördü ki, Hollivud qədər kinoya böyük maliyyə ayıra bilməz, başladı dekubaj sistemini tətbiq etməyə. Burada çoxlu kameralar qurulur, bir səhnəni çəkirlər. Hansı kadr daha uğurludur, onu seçirlər. Avropa kinonun dilini, sistemi dəyişdi. Rejissoru önə çıxardı. “Sənət sənət üçündür” devizini əsas tutdular.

- Müxtəlif festivallarda böyük mükafatlar almış o sənət üçün olan filmləri çox zaman kütlə qəbul eləmir. Sıxıcı, qaranlıq, anlaşılmaz filmlər olurlar.

- Festivalları yaradan təşkilatlar, insanlar, bu təşkilatların da məqsədi var. 

Həm də mənsub olduqları millət və dövlətləri var, üzdə söhbət kinonun, sənətin dəyərləndirilməsindən gedir, alt qatda isə ideoloji, teoloji, politoloji və iqtisadi məsələlər yatır. Əslində bunlar tək festival filmlərinin sirləri deyil, kinonu “yenidən” yaradanların və bu gün kinonu idarə edənlərin sirləridir. Onlar üçün isə bu sirlər əvvəl özləri üçün məcburi qanun, sonra isə başqalarını məcburetmə qaydasıdır.

- Müasir Azərbaycan kinosu özünün hansı dövrünü yaşayır? Tənəzzüldürmü, yenidən başlamaqdırmı? Kinomuza nə lazımdır?

- Kino Azərbaycanca danışmayana qədər bizi yad düşüncələr, yad xəyallar təhdid edəcək. Müasir dövrdə kinosu olmayan cəmiyyət inkişaf edə bilməz. Kino atom bombasının mənbəyidir. İran kinosunu yaradandan sonra atom bombası yaratmağa başladı. Türkiyə son dövrlər serial, yəni öz dilini yaratmaqla cəmiyyətin inkişaf mərhələsini müəyyənləşdirir. Dövlət bu məsələ ilə ciddi məşğul olmalıdır. Xarici ölkələrdə təhsil almış rejissorlara nəzarət edilməlidir.

Kino birbaşa milli və yeni düşüncənin yaranmasına səbəb və vasitədir. 

Ayrıca kino akademiyası yaradılmalı, ancaq milli düşüncəyə malik ziyalılar tədris proqramı hazırlamalıdırlar. Kinonun qayda-qanunları çox sürətlə dəyişilir. Dünən aldığın təhsil bu gün köhnədir. Azərbaycan kinosunun əsasları yoxdur, yazılmayıb. Bizdə də kinonun milliləşdirmə prosesinə keçməsi üçün ciddi əsaslar yaratmaq lazımdır. 

Bu gün dəbdə olan festival filmlərinin çəkilməsindən imtina edilməlidir. Çünki festival filmlərini hansısa təşkilatlar həyata keçirdir, həmin təşkilatların özəl maraqları və şərtləri var. Bu maraqlar və şərtlərlə, bizim dövləti və milli maraqlar üst-üstə düşmür. Bu düşüncə dəyişməlidir. Öncə Azərbaycan və azərbaycanlılar üçün film çəkilməlidir. Filmin dilindən tutmuş aktyor oyunu və rejissor quruluşuna qədər azərbaycanca danışmalıdır.

Şərq kinonu bizdən öyrənib. Məsələn, İranda  “Əhmər haradadır?” filmi nümayiş etdiriləndə camaat 3 gün işə getməyib. Halbuki, Moskva onu üçüncü dərəcəli, zəif film adlandırıb. Əsla zəif deyil, yaxşı filmdir. Çünki orada özümüz varıq, azərbaycanlı ruhu var.

Vaxtilə Moskva Kinematoqrafiya İnstitutu dünya üçün kino məktəbi idi. Bizim rejissorların çoxu o məktəbi bitirmişdilər. Bu ənənə bizdə olub, niyə başqasına bənzəməyə çalışmalıyıq? Daha dünyada Hollivud filminə baxmırlar, Hollivud tənəzzül yaşayır. Dövr dəyişib. İndi dünyada ən çox baxılan filmlər İran filmləridir. İranda kinonun iki dili var, fars və  azərbaycanlıların filmləri. Hər ikisi ən üst səviyyədədir. Türkiyə serialları satışına görə birinci yeri tutur. Hollivudda indi pullar başqa əllərdədir. Spilberq və Polonski Hollivudda ən böyük gücə malik iki prodüsserdir. Onları da yəhudilər maliyyələşdirir. Yəhudilər ağıllı siyasət yürüdərək, Hollivudu ələ keçiriblər. Bizim Rüfət Əsədov adlı bir rejissorumuz var. O yəhudilərin sponsorluğu ilə film çəkdi və bu film bütün dünyanı gəzdi. Yəhudilər istedadı dəyərləndirir. Bəs bizdə aktyora rejissora, ümumiyyətlə, istedada nə qədər dəyər verilir? Bizdə şəxsiyyəti və sənəti üst-üstə düşən Fuad Poladov kimi ikinci aktyorumuz yoxdur. Biz nə elədik? Sıxdıq bir küncə, vərəmlətdik, öldürdük. Hansı Xalq artistimiz var ki, dövlət başçısı ilə görüşəndə öz maddi istəklərindən yox, sənətimizin problemlərindən danışsın? Bu reallıqdır. Gerçəyi dediyimə görə bütün qapılar üzümə bağlanıb. “Stop” qoyulub ölkədən çıxışıma, o götürülsün çıxıb gedəcəm. İnkişaf etmiş dövlətlərdə bunu eləmirlər. Sənətin ümumi bir dili var və sənət ən yumşaq ən böyük gücdür. Onunla ölkələri yox, xalqların düşüncələrini fəth edirsən. Biz dünya vətəndaşı olmaq istəyirik. Niyə mən öz kökümdən qopmaq istəməliyəm ki? Sənətimizin kökündə, məğzində Azərbaycançılıq ideyası, özümüz olmaq arzusu olmalıdır. Sənət üç dayaq üzərində qurulur. İrqçilik, teologiya və politologiya. Dördüncü dayaq yoxdur. Kinomuzu sistem halına salmalıyıq. 

- Senzura necə? O da olmalıdır?

- Müasir dövrdə senzuranı aradan qaldırıb bir şeyi dəyərdən salmaq üçün onun çoxluğunu yaradırlar. Məsələn, bu gün hər əli qələm tutanın roman yazması, kamerası olanın film çəkməsi, sponsoru olanın oxuması kimi. Ən yaxşılar yaradılmış çoxluğun içində itib-batır, üzə çıxa bilmir, lap altda qalır, canı çıxır, istedadlı şəxs dolanışıq üçün başqa işlə məşğul olmaq məcburiyyətində qalır. Bütün ölkələrdə və istənilən sahədə gizli və açıq senzura vardır. Senzura dəyərlilərin üzə çıxmasına imkan yaradır. 

-  Siz ailəlisiniz?

- Yox. Ailə qurmamışam.

- Həbsdə keçən illəriniz üçün peşmansınız?

- Əsla. Həbsdə keçən illərim mənim həyatımın ən şərəfli dövrüdür. İnsan var bədəni antibiotik götürmür. Mənim də bədənim yalan, yaltaqlıq qorxaqlıq, şərəfsizlik götürmür.

Qarşı tərəflə heç bir barışa getmədim, alçalmadım. Bu mənim mübarizəmin simvoludur. Və sonuna qədər gedəcəm. Onlar üçün bitmiş ola bilər, mənim üçün yox. Haqsız yerə həbs olunmuşam. Geci-tezi həqiqət üzə çıxacaq, direktor qanun qarşısında cavab verəcək. Əxlaqsız hərəkətlərinə cavab verəcək. O, direktor məktəbdəki xanımlara cürbəcür sarsaq sözlər deyirdi. Buna görə əl qaldırmışam. Başqalarının şərəfinə, namusuna görə yatmışam. Etməməliydim?