21 Noyabr 2024 14:34
1439
MƏDƏNİYYƏT

“Sərin adam” kimi tanıyırdım onu, amma…- Əntiqə Kərimzadə yazır

Təxminən 2017-ci il olardı… Vasif Qurbanzadə ilə  pantomima tearından danışırdıq. Mən də o zamanlar  həmin teatra daha çox maraq göstərməyə başlamışdım. Hər gün teatr haqda nələrsə öyrənirdim. Hər gün daha çox sevirdim o teatrın maraqlı səhnəsini. Mənə elə gəlirdi ki, o səhnədə məni özünə çəkən güclü bir bağ var. Amma bu bağ nədir? Yaranışı necədir? Nədən qaynaqlanır?… Bu kimi suallara cavab tapa bilmirdim.

Uzun-uzun söhbətimiz davam edir. Adətən Vasif bəy dinləyən tərəf olurdu. Çünki mən çox danışırdım. Bir azca pauza etmişdim ki, sakit səslə pıçıldadı:

-O teatrda bir aktrisa var tanıyırsınız?

-Kimi deyirsiniz?

-Səbinə Hacıyevanı.

-Şəxsən, yoxsa aktrisa kimi?

-Təbii ki, rollarını deyirəm. O aktrisanın tamaşalarına baxmağı tövsiyyə edirəm- deyib, məni dinləməyə davam etdi.

Mən isə əməkdar artist  Elman Rəfiyevlə müsahibəmdən danışıram. O, təəbəssümlə məni dinləyir:

-Gedin, ara-sıra o aktrisanın tamaşalarına baxmağa gedin. Bilirsiniz necə mükəmməldir… Adam oynadığı rolların fərqindədir. Hələ rollarının fəlsəfi tərəfi bir başqa mövzudur.

Susuram… Çünki bu qadınla qiyabi tanışlığım məni sehr kimi özünə çəkir.

Vasif bəyin bu tövsiyyəsini heç unuda bilmirəm. Günlərdir beynimdədir Axır ki, yolumu Pantomimadan salıram.

…. “Dejavü”başlayır … Qaranlıq səhnədən boylanan işıq  adamı qəribə təsirə salır. Sehr kimidir, sanki sən də aktyorlarla birgə səhnədəsən. Yəni deyildiyi qədər də varmış. Aktyorların performansın sevməmək mümkünsüzdür. Möhtəşəmdir. Hər jesti bir mesajdır. Haqqında bəhs etdiyimiz aktrisa bir göz qırpımında səhnəni  canlandırır. Tamaşaçıların heyrəti gözümdən yayınmır. 

Təbii ki “Dejvü” son olmur… Hər dəfə onu yeni obrazda görürəm… Hər biri də tamam fərqli. Sonra Səbinə xanımla həmsöhbət olanda anladım ki, o özü fərqlilik aşiqidir. Payızda doğulan adamları həmişə “sərin adamlar” hesab edirəm. Ancaq onunla söhbətimizdə bu firkim alt-üst oldu. Sanki illərdir bir- birimizi tanıyırmışıq kimi söhbət edirik. Əllərini bir- birinə sıxıb gözlərini diqqətlə pəncərəyə zilləyərək deyir: “Bilirsən, bizim məmləkətdə qadın olmaq çətindir,  aktrisa olmaq isə olduqca çətindir.  Qadınlar ümumən zəhmətkeş olurlar. Aktrisalar isə bir ömür boyu bu cəmiyyətlə mübarizə aparmaq məcburiyyətində olurlar”.

O, nitqinə əl hərəkətlərini və üz mimkasını da əlavə edir. Qəribədir kənardan ona tuşlanan baxışları hiss edirəm.

Rol aldığı “Adagio”da onu aktirsadan əlavə qadın kimi tanıdım.

“Mənim balığımsan”nı görəndə onun sevgisinə sığınan kişinin xoşbəxtliyini və o sevginin əbədiyyət rəngini gördüm. Ümumiyyətlə, mənim düşüncəmdə bütün sevgilərin rəngi günəş rəngindədir. Bütün bu əbədi sevginin kökü isə “Üfüq”dən gəlirdi.

Ömrünün “peyğəmbərlik yaşı”nı keçmiş əməkdar artist ruhunun işığını teatr səhnəsində tapır.