16 Noyabr 2024 18:20
1479
MƏDƏNİYYƏT

Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub

İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə noyabrın 14-16-da Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib.

Tədbirlə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbərliyi ilə Azərbaycandakı dini icma nümayəndələrinin İspaniyaya səfəri təşkil olunub.

Mərkəzdən Adalet.az-a bildiriblər ki, ölkəmizin İspaniyadakı səfirliyinin, eləcə də Maqos Fondunun təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə Azərbaycan guşəsi təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti, habelə ölkəmizdə tarixən mövcud olan tolerantlıq, multikultural və çoxkonfessiyalı zəngin mədəni irsin qorunması istiqamətində dövlətimizin apardığı siyasət, həyata keçirilən layihələr haqda İspaniyanın geniş ictimaiyyətini, eləcə də medianı məlumatlandırmaq məqsədilə tədbir çərçivəsində “Azərbaycanın multikulturalizm modeli” mövzusunda xüsusi seminar da təşkil olunub.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdə məruzə ilə çıxış edib. O, Azərbaycanda mədəni müxtəlifliyin, tolerantlığın və multikulturalizmin təbliğinə diqqət çəkərək bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın tolerantlıq ənənələri, multikulturalizm siyasəti, eyni zamanda, bu gün Azərbaycanda olan din-dövlət münasibətləri haqda geniş məlumat verən R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədəki fəaliyyəti, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi haqda da danışıb. Azərbaycanın qlobal miqyasda multikulturalizmin təbliğinə verdiyi töhfələrdən söz açan Rəvan Həsənov ölkəmizin mədəni müxtəliflik və harmoniya istiqamətində dünya üçün örnək bir model olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən, eləcə də qədim Qafqaz Albaniyasının irsi olan kilsələrdən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar.

Səfər çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov Malaqa Şəhər Şurasının Xarici Əlaqələr üzrə direktoru İzabel Paskual Villamor ilə görüşüb. Görüş zamanı Malaqa Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi və gələcəkdə birgə tədbirlərin təşkili imkanları müzakirə edilib. Multikulturalizm Mərkəzinin nəşrləri xanım Villamorun xüsusi marağına səbəb olub.

Noyabrın 16-da Dünya Tolerantlıq Günü münasibətilə Maqos Fondu tərəfindən təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, habelə ölkəmizdəki müsəlman, xristian, alban-udi, yəhudi dini konfessiyalarının nümayəndələri Malaqa Şəhər Bələdiyyəsinin rəsmi iqamətgahında şəhər bələdiyyə rəhbəri Fransiska Torre ilə birlikdə dünyada sülh və birgəyaşayışın təbliğatında göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində də iştirak ediblər. Nobel Sülh mükafatı laureatı Şirin Ebadi, UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser, NATO Parlament Assambleyasının sabiq prezidenti, o cümlədən İspaniya və Fransanın tanınmış ictimai xadimlərinin iştirakı ilə keçirilmiş tədbirdə Rəvan Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə Maqos Fondu tərəfindən mükafat təqdim olunub. Çıxışında Azərbaycandakı multikulturalizm ənənələrinə toxunan R.Həsənov mədəniyyətlər və dinlərarası dialoqun dünyada sülhün təminatının əsas qayəsi olduğunu, bu məqsədlə Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın yayılması istiqamətindəki sülhpərvər fəaliyyətlərini davam etdirəcəklərini bildirib. R.Həsənov daha sonra yerli media qurumlarının suallarını cavablandırıb.

Tədbir qala şam yeməyi ziyafəti ilə davam edib.