21 Oktyabr 2024 15:18
3150
MÜSAHİBƏ

Toğrul Rüstəmov: Sağlam sümükləri qorumaq və saxlamaq üçün nə etmək lazımdır? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi Toğrul Rüstəmov nazirliyin saytına müsahibə verib.

Adalet.az müahibəni təqdim edir.

- Toğrul müəllim, ilk olaraq bilmək istərdik ki, osteoporoz nədir?

- Osteoporoz sümük kütləsinin azalması və toxumasının mikrostrukturunun pozulması nəticəsində qırılmalar və defromasiyalara yol açan proqressiv metabolik sümük xəstəliyidir. Osteoporozun əsas ağırlaşması kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir.
Osteoporoz hər hansı bir sınıq yaradana qədər səssiz bir xəstəlikdir.
Osteoporoza və osteopeniyaya yol açan bədən çəkisin azalması, cinsi hormonların az olması, oturaq həyat tərzi, siqaret, alkoqol və narkotik vasitələrindən istifadə, D vitamininin çatışmazlığı, kalsium mübadiləsinin pozulması, qalxanvariətraf vəzin xəstəlikləri kimi amillər rol oynayır.

- Doktor, osteoporozu yaradan səbəblər hansılardır?

- Bədənimizin sağlam sümüklər yaratmaq və onları qorumaq üçün kalsium və fosfat minerallarına ehtiyacı var. Həyat boyunca vücudumuz həm köhnə sümüyü reabsorbsiya etməyə, həm də yeni sümük yaratmağa davam edir. Bədənimizdə yeni və köhnə sümüklərin balansı tarazlıqda olduğu müddətdə sümüklərimiz sağlam və güclü qalır. Yeni sümük meydana gəlməsindən daha çox köhnə sümük reabsorbsiya edildikdə, sümük itkisi baş verir.
Bəzən sümük itkisi naməlum səbəbdən baş verir. Digər vaxtlarda sümük itkisi və nazik sümüklər irsi olur. Kövrək sümüklər bədənimizin kifayət qədər yeni sümük əmələ gəlməsinə mane olan hər hansı bir şeydən qaynaqlana bilər. Yaşlandıqca vücudumuz bu mineralları sümüklərimizdə saxlamaq əvəzinə, sümüklərdə kalsium və fosfatı yenidən absorbsiya edə bilir. Bu da, öz növbəsində, sümükləri zəiflədir.
Əsas risk yeni sümük toxuması yaratmaq üçün kifayət qədər kalsium itirməkdədir. Ona görə də, yüksək kalsiumlu qidaları qəbul etmək vacibdir. D vitamini də lazımdır, çünki o, vücudumuzun kalsiumu mənimsəməsinə kömək edir. Əgər kalsium və D vitamini ilə zəngin kifayət qədər qida qəbul etmirsinizsə, mədə əməliyyatlarından sonra və ya digər sistemik xəstəlikərə görə bədən qidadan kifayət qədər kalsium və D vitamini ala bilmirsə, sümüklərdə qırılma ehtimalı daha yüksək ola bilər.
Menopauza zamanı qadınlarda estrogenin və yaşlandıqca kişilərdə testosteronun azalması, uzun müddət davam edən xəstəlik səbəbiylə yataqda qalmaq, Kron xəstəliyi və ya revmatoid artrit kimi bədəndə iltihabın artmasına səbəb olan müəyyən şərtlərin olması, sümük itkisi yarada bilər.

- Osteoporoz daha çox hansı simptomlarla özünü göstərir?

- Osteoporozun ilkin mərhələlərində adətən heç bir əlamət olmur. Çox vaxt insanlar bu xəstəliyə sahib olduqlarını öyrənməzdən əvvəl artıq sınıqları olur. Onurğa sümüklərinin qırıqları, onurğanın demək olar ki, hər yerində ağrıya səbəb ola bilər. Bunlara “compression” qırıqlar deyilir. Onlar adətən heç bir travma olmadan baş verir. Ağrı qəflətən və ya yavaş-yavaş baş verə bilər. Zamanla boy itkisi (15 santimetrə qədər) yarana bilər.

- Osteoporozun diaqnozu zamanı hansı sınaq və testlərdən istifadə olunur?

- Osteoporozun diaqnozu sümük mineral sıxlığının ölçülməsi, ya da aşağı travmalı bir qırığın inkişafı ilə qoyulur. Əsasən rentgen, ultrasonoqrafiya, komputer tomaqrafiya görüntüləmələri ilə diaqnoz qoyulur. Diaqnoz müəyyənləşdirmək üçün “dual X-Ray” absorbsiometriya vasitəsilə sümüklərdəki mineralların sıxlığını ölçən rentgendən istifadə olunur. Çox vaxt onurğa və çanaq sümüklərində sıxlığı ölçür.

- Bu xəstəliyin müalicəsi necə aparılır?

- Müalicənin məqsədi sümük gücünü artıraraq, sınıqların qarşısını almaq, fiziki möhkəmliyi maksimum səvəiyyəyə çatdırmadır.
Zərərli vərdişləri imtina etmək lazımdır. Belə ki, siqaret çəkmək sümük itkisini sürətləndirir. Eyni zamanda, alkoqol qəbulu da sümük sıxlığına ciddi təsir göstərməklə, sizi yıxılma və sümük qırma riski ilə üz-üzə qoyur.
Yaşlı insanlar tərəfindən yıxılmaların qarşısını almaq vacibdir. Belə ki, yuxarı qalxanda və hərəkət edərkən daha diqqətli olmaq tövsiyə olunur. Məsələn, yıxılmamaq üçün dəzgahlardan və ya möhkəm mebellərdən tutmaq lazımdır. Yıxılma riskini azaltmaq üçün tutunma yerlərinin olması, evdə uyğunsuz künclərin, döşəmələrin aradan qaldırılması vacibdir. Vanna otağında təhlükəsizlik tutacaqlarını quraşdırmaq, sürüşməyə qarşı xüsusi döşəmələrdən istifadə etmək tövsiyə olunur. Yaxşı oturan və aşağı dabanlı ayaqqabıları, dabanı olmayan tərliklər geyinməmək lazımdır.
Müvafiq miqdarda kalsium və D vitamini təmin edən pəhrizə əlavələri xəstələri təyin edilir.

- Osteoporozun qarşısının alınması üçün nə etmək lazımdır?

- Sağlam sümükləri qorumaq və saxlamaq üçün kifayət qədər kalsium və D vitamini qəbul etdiyimizdən əmin olmalıyıq. Sağlam, balanslaşdırılmış pəhrizdən sonra bu və ya digər minerallarla zəngin qidaları əldə edə bilərsiniz.
Bu xəstəliyə meyilli və 50 yaşdan yuxarı hər bir kəsin osteoporoz riskinə görə həkim konsultasiyasında olmağını tövsiyə edirəm.