14 Oktyabr 2024 11:49
3622
MÜSAHİBƏ

“Uyğun kontrasepsiya üsulunun seçilməsi üçün mütləq ginekoloqla müzakirə edilməlidir” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Zərxanım Məmmədova nazirliyin saytına müsahibə verib.

Adalet.az müashibəni təqdim edir.

- Doktor, ilk öncə kontrasepsiya üsulu haqqında məlumat verərdiniz...

- Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün uşaqsalma (abort) təhlükəsi yaranmır.

Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyil və o, orqanizmə ciddi ziyan vurur. Bundan başqa, abort cərrahi müdaxilə olduğundan, hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var.

Kontrasepsiya cinsi fəallıq zamanı hamiləliyin və ya yumurtanın sperma ilə mayalanmasının qarşısını almaq üçün üsulların, cihazların istifadəsinə əsaslanır. Onun əsas məqsədi arzuolunmaz hamiləliklərin qarşısını almaqla, fərdlərə və ya cütlüklərə reproduktiv seçimlərinə və ailə planlamasına nəzarət etmək imkanı verməkdir.

- Kontrasepsiyanın növləri hansılardır?

- Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur və hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer, fizioloji (təbii), cərrahi sterilizasiya, təcili qorunma kimi hamiləlikdən qorunma üsulları daxildir.

Uşaqlıqdaxili vasitə (UDV, spiral) - hamiləlikdən qorunma məqsədilə uşaqlığa yerləşdirilən kiçik qurğudur. Buraya adi və hormonal spirallar daxildir. Metodun təsir mexanizmi ondan ibarətdir ki, mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır.

Qeyd etmək lazımdır ki, UDV uşaqlıq borusu hamiləliyinin qarşısını almır. Hormonal tərkibli spirallar isə uşaqlığın selikli qişasını atrofiya etdiyi üçün (dölün implantasiyasının qarşısı alınır) onun effektivliyi daha yüksəkdir.

Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilən oral kontraseptivlərdir (КОК). Onlar ovulyasiyanın yaranmasının qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir. Eyni zamanda, КОК seliyin qatılaşmasını təmin və uşaqlığın selikli qişasını atrofiya edir.
Hamiləliyin qarşısının alınmasının təbii üsulları da mövcuddur. Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir. Lakin bunlar effektiv vasitələr hesab olunmur.

Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgün istifadə olmasından birbaşa asılıdır.

- Süd verərkən hamilə qalmaq mümkündürmü?

- Südverən analarda Prolaktin adlanan süd hormon səviyyəsi yüksəlir. Bu hormon yumurta hüceyrənin əmələ gəlməsinə mane olduğu üçün yeni doğuş edən ananı hamiləlikdən qoruyur. Körpəsini müntəzəm olaraq əmizdirən bir qadın doğuş sonrası ilk 4-6 ay ərzində hamiləlikdən qorunmuş ola bilər. Ancaq sonrakı aylarda körpəyə əlavə qidalar verməyə başlaması ilə əlaqədar daha az əmizdirəcək və nəticədə daha az prolaktin yaranacaq.
Südverməyə baxmayaraq, yumurta hüceyrənin əmələ gəlməsi və yeni bir hamiləlik baş verə bilər. Ona görə də, südvermənin qoruma qabiliyyətinə güvənilməməlidir.
Menstruasiya başladığı andan etibarən ana körpəni yalnız ana südü ilə bəsləyirsə də, hamiləlikdən qorunmaq üçün bir üsul tətbiq etməlidir. Zahılıq dövründəki qanaxmalar (ilk 6 həftə) menstruasiya qan sızması kimi qiymətləndirilmir, qoruyucu bir üsul tətbiq etməyə ehtiyac yoxdur.

- Son olaraq qadınlara nə məsləhət verərsiniz?

- Qeyd etdiyim kimi, kontrasepsiya arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir və hamiləliyin baş verməsinin müxtəlif üsullarla qarşısını alır.
Xanımlara tövsiyə edərdim ki, uyğun kontrasepsiya üsulunun seçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərar versinlər.