Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş - FOTOLAR

Aprelin 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin akt zalında dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Abdullayevlə kürdəmirli oxucuların növbəti görüşünü keçirmişdir.
Görüşü Muzeyin direktoru akademik Rafael Hüseynov açaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək yazıçının qəhrəmanlarının tipik xüsusiyyətləri və dünya siyasi dedektiv janr ədəbiyyatında Çingiz Abdullayevin yeri və rolu haqqında fikirlərini bildirmişdir. Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarxın nümayişindən sonra Rafael Hüseynov Çingiz Abdullayevin Dünya və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin və məhsuldar yaradıcılığından geniş bəhs etmiş, onu siyasi detektiv janrının müasir dövr üçün ustadı adlandırmışdır. Natiq, həmçinin onun Azərbaycan Yazıçılar Birliyindəki fəaliyyətindən, işinə olan məsuliyyətindən də danışmışdır.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov çıxış edərək qonaqları salamlamış, onları rayon sakinləri, kitab həvəsksrları ilə görüşündən məmnun qaldığını dilə gətirmişdir. O, möhtərəm Prezidentimiz İlham Əliyevin həm Çingiz Abdullayevin şəxsinə, həm də ümumən Azərbaycan ədiblərinə verdiyi dəyərdən söhbət açmış, yazıçının Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmasının bunun bariz nümunəsi olduğunu vurğulamışdır. O, çıxışının sonunda bu sayaq görüşlərin həm rayon ictimaiyyəti, həm də kitabsevərlər üçün böyük əhəmiyyət kəsb etməsini də qeyd etmişdir.
Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Tərsinə çevrilən dünya” filmlərindən bir epizod nümayiş etdirilmişdir.
Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyin 6-ci sinif şagirdi Mehri Ağazadə Xalq şairi Qabilin Çingiz Abdullayeva həsr etdiyi “Zəhmətkeş” adlı şeiri səsləndirmişdir.
Sonda söz yazıçıya verilmiş və o, yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti, filmləri haqqında oxucuların çoxsaylı suallarını cavablandırmış, dünyada və ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirərək onlarla fikir mübadiləsi etmişdir. Oxuculardan Namiq Ağayev, Yaqut Bahadurqızı, Sahilə Müseyibova, Mehri Ağazadə, Abduləziz Xanəhmədoğlu, Simuzər Bağıyeva və başqalarının sualları Çingiz Abdullayevi sözün yaxşı mənasında təəccübləndirmiş, savadlı və diqqətli oxucularına minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda akademik Rafael Hüseynov Çingiz Abdullayevə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialının təşəbbüsünə dəyər verərək üçüncü dəfə kürdəmirli pərəstişkarları ilə görüşə gəldiyi üçün oxucular adından minnətdarlığını bildirmiş və davamlı yaradıcılıq uğurları arzulamışdır.
Görüşün sonunda yazıçıya gül dəstələri təqdim edilmişdir. Xalq yazıçısı yeni nəşrdən çıxmış kitablarını muzeyə hədiyyə etmişdir. Oxucular yazıçını əhatəyə alaraq kitabları imza etdirmiş, yazıçı ilə xatirə şəkilləri çəkdirmişlər.