70 yaşa 70 cümlə...  - Aydın Canıyev yazır

AYDIN CANIYEV
196113 | 2021-01-16 10:38

Tarix statistikasında 14 yanvar xroniki ardıcıllıqda yalnız rus dövlətində "köhnə yeni il” anlamında şərəflidir. Amma və lakin... istər Azərbaycanda, istərsə də elə həmin o köhnə rus, bugünkü müstəqil Rusiya Federasiyasında həm də 20 ildir ki, ayrı bir anlamı var!!!

 

Tarixdən və həyatdan bildiyimiz kimi, rus tarixçiləri öz dövlətlərinə və dövlət başçılarına yaxın olan şəbəkəni həmişə diqqətdə saxlayıb, kimin hansı statusda olmasını əsr-əsr ötürüb sələflərinə! Və... aşırı qısqanclıqla ən xırda ştrixləri, nüansları belə abardıb – mayasında şovinizm də olsa, bunu dövlətçilik adına sırıyıblar. Yadıma gəlir, Heydər Əliyev ümumittifaq əhəmiyyətli pensiyaçı olaraq, Moskvada yaşayanda və haqq etdiyi pensiyanı alanda, "AiF” bunu sürmanşetdə vermişdi ki, nə münasibətlə dağılmış SSRİ rəhbərliyində təmsil olunan azərbaycanlı Heydər Əliyev o pensiyanı almalıdır və Moskvada yaşamalıdır! İronik sual olaraq...

İndi... bu gün... 20 ildir Rusiya Federasiyasında bilirlər ki, onların prezidentinin çevrəsində dəyişilməz isim olaraq... bir azərbaycanlı var! O azərbaycanlı istəsəydi... Heydər Əliyevin bir vaxtlar Moskvada Cabir Novruzu dəvət etdiyi kabinetində (SSRİ Nazirlər Soveti sədrinin müavini) dediyi sözün qüvvəsini-gücünü sıfırlayardı, bunun üçün ona azərbaycanlılıqdan yox, Azərbaycan vətəndaşı olmaqdan imtina etmək bəs edərdi!

 

SÖZƏ SÖYKƏK: Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin müavini olanda, SSRİ Yazıçılar Birliyinin tədbirinə qatılmağa Azərbaycandan gedən Cabir Novruzu Moskvada aeroportdan "hop-stop” edirlər, birbaşa Heydər Əliyevin otağına gətirirlər. Naturaca bir az da konservator olan rəhmətlik Cabir Novruzun rəngi-qanı qaçır. Onu otağında yüksək səviyyədə qarşılayan Heydər Əliyeviç gülə-gülə deyir ki, ay Cabir, qorxma, bilirəm, indi ürəyində deyirsən ki, bu Moskvaya da gəldi işə, bizdən əl çəkmədi, gəl otur, səninlə üz-üzə burda bir mürəbbəli çay içək, bir də allah bilir, haçan İKİ AZƏRBAYCANLI Kremldə görüşəcək!

İlham Rəhimov Kremldə, Nazirlər Sovetində-Nazirlər Kabinetində analoji vəzifədən də üstün olanından imtina edib! Xatırlayanlar varsa Voloşini, şəxsən vəzifəni adıyla, perspektivdəki təyinatları ranqı və rütbəsiylə çatdırıb!

 

İlham Rəhimov Azərbaycan vətəndaşı olaraq qalmağı... Rusiya Federasiyasında ən yüksək vəzifədən də yüksək tutub!

Danılmazdır!

Deyəcəyim simvolik 70 cümlədən birincisi bu: hər zaman hər yerdə heç nəyə baxmayaraq, heç nəyə aldanmayaraq AZƏRBAYCANLI VƏ Azərbaycan VƏTƏNDAŞı olaraq qalmaq... İlham Məmmədhəsən oğlu Rəhimovun yaşam fəlsəfəsi, kredosu, prinsipi! Özü özünün imkanları, ləyaqəti və qüruru, eləcə də şansları hesabına özünü millətin, vətənin övladları üçün ETALON VƏ NÜMUNƏ səviyyəsinə, statusuna qaldırmaq!

 

SÖZARASI: Başqa ölkələrin vətəndaşları olan soydaşlarımız nə qədər desələr də "biz milli kökə, vətənə bağlıyıq”, səmimi olduqları qədərincə də məhkumdurlar: yaşadıqları və vətəndaşları olduqları ölkənin qanunlarına əməl və xidmət etməyə, o dövlətin maraqlarını qorumağa, lazım gəldikdə,  qurban olmağa!

 

70 simvolik cümlənin ikincisi bu: İlham Məmmədhəsən oğlu Rəhimov üstün mövqedə olan, üstün mövqeyə can atan heç bir azərbaycanlı üçün maneə və problem olmayıb –"Mən ola bilərəmsə də, istəmirəm, olmaq istəyənin yolunda maneə də olmaram!”

 

ƏLAHƏZRƏT FAKT: 2005-ci ildə millət vəkilliyinə namizədlər verilərkən, Qənirə Paşayeva İlham Rəhimovla alternativ idi! Hamı düşünürdü ki, İlham Rəhimov artıq deputatdır! Bütün təbliğat kampaniyası dönəmində İlham Rəhimov bacardığı qədər görüş keçirtdi, bəlli bir kontingentin dərdlərinə yardımçı oldu, öz doğma elinin-obasının problemlərindən xəbərdar oldu, zaman-zaman da əlini çəkmədi yardımçı olmaqdan (silsilə yazılar da yazmışam o dönəmlərdə), ancaq... namizədliyini də geri götürdü: bu gün ölkə Qənirə Paşayeva adında möhtəşəm bir millət vəkilinin yorulmadan, dayanmadan, faydalı fəaliyyətindən məmnundur!

Azərbaycan qadınına dirəniş göstərməkdənsə, onu özündən irəli və özünü layiq bildiyin mənsəbə layiq görmək kişiliyi – yadda saxladınızmı?

 

... Təxminən 20 ildir Azərbaycanda geniş miqyasda və stabil şəkildə türkçülük, Türkiyə-Azərbaycan birliyindən danışılır!

Ancaq 20 ildən bir az az olar ki, Adnan Menderesden sonra pozulan Türkiyə-Rusiya münasibətləri bu gün ən yüksək səviyyədə formalaşmaqdadır – İlham Rəhimovun bu istiqamətdə xidmətlərinin, çalışmalarının, töhfələrinin qədərini Rusiyada və Türkiyədə dövlət adamları gözəl bilir!

Dördüncü cümlə də qoy bu olsun: Rusiyada, xüsusilə də Moskva şəhərində Ruşaylo daxil işlər naziri olanda azərbaycanlılar evdən çölə püşkatmaqla çıxırdılar çörək almağa – polis həddən artıq aqressiv davranırdı. Ruşaylo daxili işlər naziri vəzifəsindən azad olundu! Adam hər şeyi açıq yaza bilmir, amma təxmin etmək də o qədər böyük fitrət, ya da Vanqalıq tələb etmir!

 

Və bu faktı məhz ona görə SÖZƏ SÖYKƏK kimi vurğulayıram ki, hər kəs yadına salsın: bəzən "həyatımın dönəm qadınları” ilə insident yaranırdı və tez-tez polisə düşməli olurdum bir aralar. Polis rəisi olan dostlarımdan biri xahiş etməkdən yayındı! Nəinki polis rəisinin mənimlə dost olmağını bilməsini istədi, hətta polisdə üzəduran əyrimçə ilə üz-göz olmağı özünə rəva görmədi!

 

İndi siz təsəvvür edin: naturaca xırda alverçi təfəkkürlü adamlar üçün yad və mahiyyətdə düşmən ölkədə nazir ranqında biriylə düşmənçilik həddində millət adına ayağa qalxmaq nə deməkdir!

 

Neçənici cümlədi, özünüz sayın, mən deməyimdə olum: bəzən Azərbaycanda klan atamanları da İlham Rəhimovun əleyhinə qarayaxma kampaniyası apardılar. İstəkləri də nə az, nə çox, oydu ki, Rusiya Federasiyasının Prezidenti V.V.Putinə Azərbaycan üçün elçi düşsün!!!

Unutdular ki, heç özü üçün heç bir təmənna ummayan İlham Rəhimov kiməsə yengəlik edən deyil, etməz də!

Bax, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamı oxumaq, Onun təltifini, təbrikiniqəbul etmək üçün İlham Rəhimovun alnı açıq, üzü ağdır!

İlham Rəhimov 70 ilini şərəflə yaşayıb və "Şərəf” ordeni Onun halal haqqıdır! Nəinki 60, nəinki 50, nəinki 40, elə 30-35 yaşda mənsəb, sərvət üçün şərəfini, qürurunu, ləyaqətini medala-ordenə dəyişən elita və ierarxiya zəncirində yaltaq və kəmfürsət elektorat orbitində diri qalmaq özü də bir şərəf nümunəsidir!

Bəzən media və siyasi konqlomerat da İlham Rəhimovdan Azərbaycan adına çox şeyi tələb ediblər bu 20 ildə. Özü də o adamlar ki, milyonlar, minlər demirəm e, cüzi və ötəri nəfi belə doğma dədəsinə keçməyiblər! Ancaq istəkləri o olub ki, İlham Rəhimov V.V.Putinin yaxasından tay-tuş, tələbə dostu kimi yapışsın və desin ki, sən mənim dostumsan və belə et!

A kişi, sənin istəyini heç Prezidentin 4 ölkə ilə İttifaq qurduğu halda belə, demir, deyə bilmir, fəsadı proqnozlaşdırılmayan bir istəkdir!

Bəli, əlində bir balaca möhürü olan vəzifə təkəbbürü sərgiləyənləri bu 20 ildə hər oxuyanda İlham Rəhimovun səbrinə heyran qaldım!

Nə özü dindi, nə də dinib cavab verməyə qoydu: onlar özümüzünkülərdir! İnsanların bizdən gözləntiləri var! Qoy onlar istəsin, umsun, biz də bacardığımızı, əlimizdən gələni edərik. Allah görür!

İlham Rəhimov 250 milyonluq ölkədə ən gənc hüquq elmləri namizədi olmaqla və elmi fəaliyyəti ilə də ümumxalq sevgisini haqq edərdi – taleyin və tarixin ona açdığı geniş maliyyə imkanları olmasaydı belə!

Vaxtında atası Məmmədhəsən kişinin etdikləri üstündə azı bir 30 il yaşaya bilərdi – özü xeyriyyəçilik etməsəydi də! Bərdə-Tovuz bildiyini bilir, gördüyünü görüb – nəsilbənəsil ötürəcəklər bir-birinə!

 

SÖZÜMÜN CANI: Adam var 70 il yaşayır, bir cümlə də çox olur xarakterizə etməyə - yarımçıq cümlə ilə tamamlanır həyatı! Adam da var yaşadığı bir ömrü yüz, min, on min ömrə proyeksiyalanır! 

Deməyin həm də yeri var: İlahinin lütfü! Bax, İlahinin lütf etdiklərini adi, öləri, sıravi bəndələr dəyərləndirməlidir. Tələbə yoldaşı, sinif yoldaşı, həmkəndli, həmşəhərli, soydaş olmaqla deyil ki! Mən də İlham adlı Məmmədli soyadlı soydaşla oxumuşam, Vladimir Vladimiroviç Putin də İlham adlı Rəhimov soyadlı ölkə vətəndaşı ilə!

V.V.Putinin bəxti gətirib ki, tanıdığı ilk gündən İlham Rəhimov bugünəcən (50 (əlli) il!!!) dost qalmağı, dost olmağı bacarıb!

 

Adamlar dəqiqəbaşı elə yazır ki, "Putinin tələbə yoldaşı”, elə bil tələbə yoldaşı olmağa özləri çox böyük önəm veriblər və nümunə göstəriblər! Biri bir qəzetə redaktor keçən kimi, hesabına redaktor keçdiyinin tələbə yoldaşının xanımı yanında ağzına gələni danışıb, biri bir şirkətə rəhbər keçən kimi xanımının qabağına çay, yemək qoyduğu dostunu işdən qovub, hələ nazir keçənləri demirəm, arvadlarını-gəlinlərini-qızlarını hara və niyə dəvət ediblər, bunlar durub ayrı millətin, ayrı ölkənin prezidentinin dostu olmağını qaxınca çeviriblər! Elə bil, erməniylə qonşu olan bunlar deyil, elə bil, erməninin öz millətinin xaricdə nüfuzu olan nümayəndəsinə dəstəyini görməyiblər, oxumayıblar!Elə bil, prezident olan tələbə yoldaşıyla dost olaraq qalmaq elə "dəm-dəm halvası”dır! Elə bil, fikirləşməyi buna qadağan ediblər ki, a bala, bax gör sənin həyatında dostluq etdiyin neçə nəfər var tanıdığın gündən bu günəcən dəyişməz qalıb!

 

İlham Rəhimovun 70 yaşına 70 cümlə də, 70 cümləli 70 yazı da azlıq edər – o qədər işləri var ki... Azərbaycan və AZƏRBAYCANLI adına!

Amma bütün o yazıların bir özəl və gözəl cümləsi olacaq: millilik və insanlıq!

 

Azərbaycanda İlham Rəhimov maddi sərvəti hesabına varlı sayılanların içində ən kasıb varlıdır, amma ruhi-mənəvi dünyası, humanizmi və xeyirxahlığı onun zənginliyi ilə üst-üstə düşən bəlkə də heç 70 demirəm, 7 də demirəm, 6 nəfər ola, ya olmaya!

Söhbət budur! 

 

70 yaşına yazdığım simvolik 70 cümlənin ən gözəli bu - xeyirxahlıq etdiyi kimsənin əleyhdarı gəlib çuğullayanda belə, yek kəlməsi var: "nə qədər mən sağam...”

 

Əziz İlham Məmmədhəsən oğlu!

Sizin 70 yaşınıza SÖZARDI kimi TƏBRİK yazanda... elmə, islama, insanlığa sevginizdən, töhfələrinizdən, əsərlərinizdən kifayət qədər sitat, nümunə, misal, fakt gətirmək olardı, əməlli-başlı da bir mədhiyyə manipulyasiyası yapmaq olardı, fəqət bilirəm ki, Siz bu dünyada İNSANLIQDAN VƏ AZƏRBAYCANDAN, AZƏRBAYCANLILIQDAN ötə heç nəyi sevmədiniz, Azərbaycanı və azərbaycanlılığı sevdirdiniz, Azərbaycan və Azərbaycanlılıq uğrunda vuruşanlara dəstək oldunuz!

Şəxsən tanıdığım 15 ildə Sizi heç 15 dəfə də görməsəm də, 15 il dayanmadan, yorulmadan dövlət və xalq adına insanlıq simfoniyanızı qələmə ala bilərəm!Ən azından, beynimdə daşlaşmış bu iki ifadəyə görə: a) insan dünyaya gələndə kişi kimi gəlir və b) "self made man”(ing.) – "çelovek, sdelavşiy sam sebya”: İlham Rəhimovu "İlham Rəhimov” etmiş İlham Rəhimovu 70 yaşınacan bir kimsə məhvərindən oynada bilmədi!

Bunun adı İNSANLIĞIN DƏYİŞMƏZ LƏYAQƏT HALIDIR! "Hər bir ismin qrammatik halından öncəki İlahi lütfü”, - demək olar!

Tələbə yoldaşları və hətta tələbələri Prezident olanlar var, AMMA VƏ LAKİN... heç biri İlham Rəhimov olmadı!

Buna görə, Sizi bir daha təbrik edirəm ŞƏRƏFli və... "Şərəf”li İNSAN!

YAZIYA SÖZARDI: "Mən nə qədər sağam...” fikrinizə əlavəm isə budur – azərbaycanlılar var olduqca, Siz həmişə SAĞ olacaqsınız!Toxumunu əkdiyiniz İNSANLIQ həmişəyaşardır!

 

Hörmətlə,

Aydın CAN(ıyev)

TƏQVİM / ARXİV