Ağdamın Ağ günü... - Aydın BAĞIROV yazır

AYDIN BAĞIROV
24002 | 2021-11-19 15:18

Səhər o başdan, saat 8-i yenicə keçmiş telefonumun zənginə oyanıram.

- Yatmışdın?

Zarafata salıb, "yox, futbol oynayırdım" deyirəm. Amma bu erkən və qəfil zəngdən narahat oluram, düzü. Cavab verir ki, bəs gəl, elə indi çıxaq yola, gedək Ağdama.

- Sabah getməliyik, axı. Səfərə icazəmiz həmin günədir.

Amma inadından əl çəkmir:

- Olsun da. Gəl, indi çıxıb gedək. Gecəni qalarıq Mingəçevirdə, sabah da gedərik Ağdama.

TƏZƏ AĞDAM KÖHNƏDƏN GÖZƏL OLACAQ!

İşğaldan azad olunan şəhərə getmək üçün günlərdir səbirsizlənən Anarın, mənim bu kəmhövsələ əmim oğlunun hisslərini artıq onun inadına təslim olub yola çıxanda daha yaxşı başa düşməyə çalışıram. 1992-ci ildə yaşadığı Bakıdan məktəbə getmək adıyla dəmiryolu vağzalına gəlib, ordan da qatarla təkbaşına od-alov içində olan Ağdama, ata yurdu Muğanlı kəndinə gedəndə cəmi 14 yaşı olub. 1-2 gün orda qaldıqdan sonra əlbəttə, Ağdamda yaşayan babamız Zahid Bağırov onu Bakıya qaytarıb. Ta o gündən, 29 il idi ki, Ağdamı görmürdü.

Və indinin özündə də sayı yüz mini keçən ağdamlı var ki, işğal bitdikdən sonrakı bu bir ildə məlum səbəblərdən hələ də doğma el-obasına ayaq basa bilməyib. Bəli, insanlar darıxır, günü bu gün və nəinki bu gün, lap elə bu dəqiqə geri qayıtmaq istəyir. Amma onu da anlayışla qarşılayırlar ki, indi səbir edib dövlətin həyata keçirdiyi yenidənqurma və minatəmizlə işlərinin yekunlaşmasını gözləməlidirlər. Məlum, ev yox, yol yox, su yox, qaz yox, işıq yox...

Əslinə qalanda bu gün heç Ağdamın özü də yoxdur. Yəni cismi gedib, ruhu qalıb. Və düzü, Ağdamın 27 illik işğal dövründə onu yaddaşımızda alınmaz bir qala kimi qoruyub şüurumuza, qanımıza yeridən də o ruh olub. Hə, o ruh həmişə olub, var və bundan sonra da olacaq. O ki qaldı yox olan Ağdamın cisminə, o da 2020-ci ilin noyabrın 20-dən üzü bu yana hər an, necə deyərlər, geri qayıdır. Amma görünən odur ki, bu proses çox uzun zaman aparacaq. Məlum, ermənilər işğal dövründə tək binaları, dəbdəbəli evləri yox, adi kasıb daxmasını da salamat saxlamayıblar. Ona görə də bu faktla barışmaq çətin olsa da, deməliyik ki, artıq köhnə Ağdama qayıtmaq mümkün olmayacaq. Amma yeni Ağdam da köhnədən gözəl olacaq!

Əsas odur ki, bu gün Ağdam əsl sahiblərinə qayıdıb. Və orada ermənilər daha özlərini və donuzlarını yemləyə bilmirlər.

XÜSUSİ NÜMAYƏNDƏLİK

Rayonda bərpa işlərinə rəhbərliyi və nəzarəti dövlət başçısı İlham Əliyevin bu il mayın 24-də imzaladığı sərəncamla yaradılan Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi həyata keçirir. Bu vəzifə ixtisasca iqtisadçı olan Emin Hüseynova tapşırılıb. Onun da Ağdamda öz komandası var. Bildiyimə görə, xüsusi nümayəndəlikdə hardasa 10 nəfər rəsmi əməkdaş çalışır və onlar demək olar ki, elə Ağdam şəhərində də yaşayırlar. Burada nümayəndəlik üçün bir neçə müvəqqəti kiçik finsayağı evlər tikilib.

Emin Hüseynov ağdamlılar arasında qısa zamanda yaxşı mənada fərqlənən məmurdur. Ağdama nümayəndəliyin xətti ilə gələn qonaqları, o cümlədən, yerli sakinləri çox vaxt səfər boyu səbir, təmkin və hörmətlə şəxsən özü müşayiət edir, görülən işlər barədə onlara dolğun məlumat verir. Eşitdiyimə görə, yüksək insani keyfiyyəti, savadı və işgüzarlığı ilə seçilən bir şəxsdir. Mediaya müsahibələrindən də hazırlıqlı və bacarıqlı kadr olduğunu sezmək mümkündür. Bəzi rayonlarda rast gəlinən özündənrazı, yekəxana məmur obrazından tamamilə uzaqdır.

Beləliklə, həm bu uğurlu kadr seçimi, həm də orada görülən işlər Ağdamın timsalında bütövlükdə azad olunan bütün rayonlarımızın ölkə Prezidentinin xüsusi diqqətində olduğunu növbəti dəfə təsdiqləyir.

AĞDAM YOLU VƏ AĞDAM…

Bakıdan gedəndə Ağdam şəhərinə iki giriş var: biri Ağcabədi, digəri Bərdə istiqamətindən. Bərdə-Ağdam yolu indi sürətlə təmir olunur. Bir zamanlar eni cəmi 5-6 metr olan ikizolaqlı bu dar və narahat yol hazırda genişləndirilir. Prezidentin sərəncamı ilə inşa edilən yeni yol ərazilərdən asılı olaraq 4 zolaqlı olmaqla 18, 21 və 26 metr arasında dəyişir. İşlər tam yekunlaşandan sonra bu istiqamətdə müasir tələblərə uyğun yeni keyfiyyətli yolla hərəkət etmək olacaq. Bu da rahat gediş-gəlişlə yanaşı, həm də vaxt itkisinin qarşısını alacaq. Hələliksə o yolda da, Ağdamın bəzi kəndləri və özündə də işlər davam edir. Polis postunu keçib, Ağdam istiqamətində bir az irəlilədikdən sonra, çönüb Anara baxıram. Sükan arxasında donub qalmış kimidir. Ətrafdakı kənd evlərinin dağıntılarını görməsinin onun dərindən yaraladığını hiss edirəm. Amma necə deyərlər, bu, hələ anonsdur, kino, yaxud tragediya isə qabaqdadır. İlk dəfə ingilis jurnalist Tomas de Valın “Qara bağ” kitabında “Qafqazın Xirosiması” adlandırdığı Ağdam şəhərinin özündə.

Ağdam məscidinin qarşısına çatanda bayaqdan bir-neçə dəfə zəng vurub çatıb-çatmamağımızla maraqlanan Ümid bəylə görüşürük. O, Ağdamdakı xüsusi nümayəndəliyin 25 yaşlı gənc əməkdaşıdır. Bütün səfər boyu diqqətini bizdən əsirgəmir. Və nəinki bizə, bizdən daha əvvəl tur şəklində rayona gələn digər qonaqlara da nəzakətli münasibəti ilə seçilir. Hələlik hamımız məscidin qarşısındayıq. Məlum olur ki, ermənilərin xaraba qoyduğu Ağdam Cümə məscidində restavrasiya işlərinə hazırlıq mərhələsi başlayıb. Fəhlələr qızmar günəş altında işləyirlər. Kiçik bir çəkiliş apardıqdan sonra nümayəndəlik əməkdaşından Ağdam şəhərindəki evimizə gedib-gedə bilməyəcəyimlə maraqlanıram. İşə bax da... Böyüdüyün doğma evinə getmək üçün icazə istəyirsən.

Həmin ərazilər minadan təmizləndiyindən razılıq verilir. Son dəfə elə adı “1 May” olan küçəmizi tapmaq üçün yola çıxanda böyük bir ərazidə tikinti işlərinin getdiyini görürəm. Bura Ağdam Dram Teatrının arxa hissəsinə düşür. Şəhərin təsdiq olunmuş yeni Baş Planına uyğun olaraq yeni 1 nömrəli məktəb məhz burada tikilir. 5-10 il sonra bu məktəbdə oxuyacaq, həyətində oynayacaq ağdamlı uşaqları təsəvvür edirəm. Onda Ağdam tam bərpa olunacaq. Gözəl şəhərlərdən birinə çevriləcək. Amma bunlar hələ nə vaxtsa gerçəkləşəcək xəyallardır. Bu günə qayıdanda isə...

Mən Ağdamın xarabalıqları arasında öz məhəlləmizi, evimizi tapa bilmirəm. Uşaqkən hər gün getdiyim bu yollar arasında itirəm elə bil. Bir anlıq dağıntılar arasında gözüm qaralır. “Goople Maps” proqramından istifadə etməli oluruq. Gedib bir çətinliklə 1 May küçəsini tapırıq. Amma evimi yox, yalnız küçənin başlanğıcını. Yol dağıntılardan, kol-kosdan bağlanıb və tanınmaz hala düşüb. Xahiş olunur ki, daha hərəkət etməyək. Çünki mina təhlükəsi var. İnadkarlıq etməyə gərək duymuram. Dağılmış evimizdən kiçik bir xatirəni görməyi növbəti səfərə saxlayıram. Və onda bu yollarla son dəfə rahat hərəkət etdiyim o günü yada salıram. 1992-ci ilin fevralın 28-ni. Bu yaxınlarda bərpasına başlanacaq Ağdam məscidinin arxasındakı morqa Xocalıdan körpələrin, qocaların meyitlərinin gətirildiyi günü. Günahsız insanlarımızın cəsədlərini gördükdən sonra uşaqlığımın, uşaqlıq hisslərimin öldüyü son gecəni. Qarabağın, Ağdamın qara günlərinin başladığı o günü...

Amma bu gün daha o gün deyil...

Bu gün yeni Ağdamın doğum günü, yaxud ad günüdür.

Bu gün Ağdamın Ağ günüdür...

(Ardı olacaq)

Aydın BAĞIROV

"525-ci qəzet"

TƏQVİM / ARXİV