İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI - AQİL ABBAS yazır

AQİL ABBAS
140774 | 2024-07-16 17:54

Bu gün Aşura günüdü.

1400 ilə yaxın bundan öncə Kərbəla çölündə şəhid oldu imamlarımız. Qurbanı olduğum İmam Hüseyn, qurbanı olduğum Həzrəti Əlinin qəzəbnək oğlu Əbülfəzl Abbas, qurbanı olduğumuz imamlarımız şəhid olmadılar ki, biz zəncir vuraq, başımızı yaraq, sinə döyək, ağlayaq.

 
Onlar şəhid oldular ki, insanlar şərəfli ölümün şərəfsiz yaşamdan nə qədər ucada durduğunu öyrənsinlər.
 
Onlar şəhid oldular ki, insanların və insanlığın Allaha, dinə sevgisi, düşmənə nifrəti ölməsin.
 
Onlar şəhid oldular ki, kişilik ölməsin, mərdlik ölməsin, qeyrət ölməsin. Onlar şəhid oldular ki, bizə əqidə yolunda şəhid olmağı öyrətsinlər. Vətən yolunda şəhid olmağı öyrətsinlər. Torpaq uğrunda şəhid olmağı öyrətsinlər, xalq yolunda, millət yolunda şəhid olmağı öyrətsinlər.
 
Onlar şəhid olmadılar ki, bizə zəncir vurdursunlar, sinə döydürsünlər, ağlatsınlar.
 
İmamlarımızın şəhidliyi dünyada tayı-bərabəri olmayan, misli görünməmiş şəhidlikdi. Hələ dünya tarixində görünməyib ki, 72 şəxs (içində cavanı var, ahılı var, xəstəsi var) 15 minlik bir qoşunla döyüşə girsin. Və tarixçilərin yazdığına görə, bu döyüş 2 saat çəkib. 72 şəxsin 15 minlik bir qoşunla 2 saat döyüşməsi dünyanın ən böyük qəhrəmanlıq tarixidir. İmamlarımız şəhid olub bu tarixi yaratdılar. Və bu tarixi bizim üçün yaratdılar.
 
Bir gün yaranan insan onsuz da bir gün ölməlidir. Lap Şirəli Müslümov kimi uzaqbaşı yaşa 167 il, yaşa 200 il, sonra...
 
İnsanın bəzən ölməyi lazım olduğu an gəlir. Vətən uğrunda, millət uğrunda, torpaq uğrunda, namus uğrunda ölməyi lazım gəldiyi an. Və insan həmin an bu müqəddəsliklər uğrunda ölməyi bacarmalıdır. Əgər Vətən, topraq, millət yolunda ölümün lazım gəldiyi an qorxub qaçırsansa, ondan sonra yaşamağın heç bir mənası yoxdur, istəyirsən 200 il yaşa.
 
Necə ki biz Şuşada ölüb qala bilmədik, Ağdamda, Kəlbəcərdə ölüb qala bilmədik. Ölümün lazım gəldiyi an İmam Hüseyndən şəhidlik dərsi almış şəhidlərimizlə birlikdə ölə bilmədik. Onları ölümün pəncəsində, düşmənin qarşısında tək qoyduq. Onlar şəhidlik zirvəsinə ucaldı, Allahın yanına ucaldı, biz də yaşayırıq də... Bir az onlardan çox kabab yeyəcəyik, bir az onlardan çox kinoya baxacağıq, bir az onlardan çox nə bilim nə edəcəyik.
 
İndi İmam Hüseynə, o Həzrəti Əlinin qəzəbnək oğlu Əbülfəzl Abbasa, imamlarımıza ağlayırıq. Bizim göz yaşlarımızı qəbul etmir İmam Hüseyn. Bizim göz yaşlarımızı qəbul etmir Əbülfəzl Abbas.
 
Onlar şəhid olmadılar ki, bizə ağlamağı öyrətsinlər. Onlar şəhid oldular ki, bizə şəhidliyin nə qədər müqəddəs, nə qədər uca, Allah sevgisinə bələnmiş, Allah nuruna qərq olmuş olduğunu öyrətsinlər.
 
İmamlarımızın sevgisi ağlayanlara deyil, Əlif Hacıyevədi, Allahverdi Bağırovadı, Vəzirədi, Riyad Əhmədovadı, Təbriz Ulutürkədi, Şəhidlər Xiyabanında uyuyan şəhidlərədi. İmamlarımızın sevgisi Vətən yolunda, millət yolunda şəhid olan oğlanlarımızadı. İmamlarımızın sevgisi Fred Asifədi, Çingiz Mustafayevədi, Kamil Sabitovadı,Fəxrəddin Səfərovadı,Vəzir Haciyevədi...
 
İmamlarımız bizim ağlamağımız üçün şəhid olmadılar. Şəhid oldular ki, bizə düşməni ağlatmağı öyrətsinlər.
 
İmamlarımız öz şəhidlikləri ilə dünyada misli görünməmiş bir tarix yazdılar. Və bu tarixi bizim üçün yazdılar. İndi o tarixi yazmaq da bu gün bizdən umulur. Bunu bizdən Allah da umur, bunu bizdən Peyğəmbərimiz də umur, bunu bizdən İmam Hüseyn də umur, bunu bizdən Vətən də umur, torpaq da umur, analarımız da umur, bacılarımız da umur, balalarımız da umur. Və biz bunu ağlamaqla yaza bilmərik, tarix qılıncla yazılır, şəhidliklə yazılır, qaziliklə yazılır.
 
Çox xoşuma gələn və tez-tez işlətdiyim bir məsəli yenidən işlətmək istərdim...
 
... Çanaqqala savaşında üç günün içində 250 min türk övladı şəhid olub! 250 min! Atatürkə deyirlər ki, paşam, millət qırıldı, bəlkə savaşı saxlayaq? Atatürk deyir:
 
- Qırılan oğlanları doğmağa analarımız var, bacılarımız var, qarılarımız var. Bəs İstanbulu kim doğacaq? Onu göstərin mənə, savaşı saxlayım!
 
... O 250 min şəhidin qanından doğuldu İstanbul.
 
Bizdə heç kim demədi kim doğacaq Şuşanı?! Bizdə heç kim demədi kim doğacaq Laçını?! Demədi, demədilər...
 
Millət Çanaqqalada qırılan millət idi. Millət Şuşa uğrunda ölməyi bacaran millət idi. Sadəcə olaraq, millətin Atatürkü yox idi.
 
Biz şəhidlərin qanından doğacaq Şuşa! Biz şəhidlərin qanından doğacaq Laçın! Biz şəhidlərin qanından doğacaq Qarabağ!
 
Artıq erməni qoşunları o torpaqlardan çıxmağa məcburdu. Ermənistan işğal etdikləri Azərbaycan torpaqlarını azad etməyə məcburdu. Hələ ki, bizim təklifimiz sülhlə, qansız çıxmalarıdır. Çıxmazlarsa, Ali Baş Komandan buyuracaq və bizlər də Şuşa yolunda şəhid olacağıq və biz şəhidlərin qanından Şuşa doğulacaq!
 
Mən buna Allaha və Qədir Rüstəmovun səsinə inandığım kimi inanıram. Və kim buna inanmırsa, kafirdi və İmam Hüseyndən də şəhidlik dərsi almayıb.
 
Bu gün Aşura günüdü. Yığışacağıq məscidlərə zəncir vurmağa, sinə döyməyə, yas tutub ağlamağa. İmamlarımız şəhid olmadılar ki, bizi ağlatsınlar. İmamlarımız şəhid oldular ki, insanlara və insanlığa, bizə Vətən yolunda, millət yolunda, din yolunda şəhidlik öyrətsinlər!
 
Və ən böyük xoşbəxtliyimiz odur ki, imamlarımızdan şəhidlik dərsi alanların sayı Azərbaycanda yüz minlərlədir, milyonlarladır.

 

2009 "Ədalət" qəzeti

 

 

TƏQVİM / ARXİV