Avropa SAĞlaşır...Bəlkə SAĞALIR??? - İradə Tuncay yazır
 

İRADƏ TUNCAY
3943 | 2024-06-11 14:21

Qədim yunan mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış qızıdır. Həmin bu oğurlanma süjeti bir çox məşhur rəssamların yaradıcılığında istifadə olunub.

Yunanlar "Europe" sözünü assuriyalıların "Ereb" - yəni qərb sözündən götürüblər. O vaxtlar Egey dənizindən qərbdə yerləşən ərazilər Europe adlanırmış. Tarixi mənbələrə inansaq bu materiki kritlilər eramızdan əvvəl XVI əsrdə kəşf ediblər. Yəni görünür, materikin ilkin mənbələrdə təsviri o vaxtdan var. Həm mifologiyada, həm də tarixdə Krit adı hallandığından Avropanın bu ada ilə yaxın qohumluğu qənaətinə gəlmək olar. Amma sözüm onda deyil.

Bizim bu gün görməyə öyrəşdiyimiz gözəl-göyçək, zəngin, təmiz-tarıq Avropa hardasa XIII-XIV-cü əsrlərə qədər kasıb, yoxsul bir yer olub. Tarixin ilkin qüdrətli dövlətləri eramızdan əvvəl şərqdə yaranan dövlətlərdir. Sonralar antik yunan dövlətləri və Roma imperiyası həmin mədəniyyətin üstündə bərqərar olub. Tarixçilər (qərbli) bunu elə-belə sətirarası qeyd edirlər. Sərf eləmir. Nə isə, səlib yürüşlərinə qədər Avropada Şərq ölkələrinin zənginliyi, gözəlliyi haqqında əfsanələr gəzirmiş. Valter Skottun cəngavər romanlarını oxuyanlar o dönəm Avropası haqqında müəyyən qədər məlumat alıblar.

Qərblilərin ən böyük sərvəti onların ağlıdı. Bu artıq isbat olunmuş bir həqiqətdir ki, həyat şəraiti çətin olan yerlərdə insanın beyni yaxşı işləməyə başlayır. Onlar da beyinləri yaxşı işlədiyindən Şərqi necə ələ keçirmək haqqında düşünməyə başladılar. İlk olaraq dənizçi-səyyahlar kəşfiyyata çıxdılar. Şərq dünyasının zəif və güclü nöqtələrini öyrəndilər. Sonra ruhani missionerlər gəlməyə başladı. Lap sonra Şərqdən aparıb satdıqları ədviyyat vasitələrindən qazandıqları pullarla banklar, şirkətlər yaradıb (təsəvvür edin ki, o vaxt qara toz bibərin qiyməti qızıldan baha imiş) yenidən Şərqə döndülər və istila etdilər. Hər zaman zirvədə qalmaq mümkün deyil.

Həmin vaxtlar Şərq tənəzzül dövrünü yaşayırdı....İndi isə Qərb ,yəni Avropa SAĞlaşır...Bəlkə SAĞALIR???

TƏQVİM / ARXİV