Bazara həsir zənbillə gedin - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3757 | 2023-02-15 13:10

Ölkəmizdə pulsuz olmayan bir şey qalmışdı ki, onu da etdik pullu. Söhbət, hər gün mağazalardan içini gücümüz çatandan doldurub evimizə daşıdığımız, sonra da içini yenidən zir-zibilimizlə doldurub zibil yeşiklərinə atdığımız klok torbalardan və yaxud da politelin torbalardan gedir. Artıq onlar da pulludur. Bununla bağlı ticarət şəbəkələrinə göstəriş Nazirlər Kabinetinin müvafiq qərarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilib. Onlarda neyləməlidir ki?! Kim 6 min manat cərimə olunmaq istəyərki? Ediblər torbaları pullu.

15 fevral büdcəmizə “rasxod” la düşdü. Hər torbaya ölçüsünə görə 3-5 qəpik. Necədi?

Bununla da ekologiyamız təmizlənəcək. Bax elə bu an Söylü kimi soruşmaq istəyirsən “Ekologiya budu?”. Amma sualın ünvanı xoşbəxtliyə qafiyə tapmayan Moşu deyil...

Qəpik-qəpik büdcəmiz daralır. Hər günün qəpiyi ayın axırına babat manat edir.

Ekoloji rifahın sosial rifaha zərbəsi.

Bu dövrdən tullanım keçmiş dövrə. Yadıma düşür Ağdamda yaşadığımız dövrdə , yəni, 93-dən əvvəllər çörək alanda kağız torbaya qoyub verirdilər. İndi də bəzi yerlərdə bu tətbiq olunur. Əsasən təndir çörəyi təklif edən yerlərdə. Və o torba elə idi ki, çörək o torbaya tam yerləşirdi və bir hissəsi indiki kimi torbadan kənarda qalımırdı, ora-bura dəyib üzərinə mikrob yığmırdı.

Bazardan aldığımız məhsulları isə yığırdıq həsir zənbilə.

Baxdım qiymətinə. 5 manatdan 15 manatadək tapmaq olar.

Keçmək lazımdı həsir zənbilə. Düzdür, indiki bazar qiymətlərinin qazancımız üzərində olan qələbəsi fonunda aldıqlarımız həsir zənbilin bir küncünə yerləşsə də nə etməliyik ki?

Bir tərəfdən də baxanda elə günümüz də həsir günündədir. O qədər toxuyublar ki, bərkimişik. Bütün ağırlığa dözürük.

Ona görə əldə bir həsir zənbil tutub mağazaya getmək daha məsləhətdi.

Ən əsas məsləhətim odur ki, həsir zənbilinizi gen olsun...

 

 

 

 

TƏQVİM / ARXİV