Boşanmaların əsas səbəbkarları fəhlə balalarıdır , ya da... - Əntiqə Rəşid yazır... 

Əntiqə RƏŞİD
3745 | 2024-07-15 12:07

Dövlət Statistika Komitəsi yenə bir maraqlı məlumat yayıb. Yazır ki, cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halları qeydə alınıb.


Yəni ki, çaşıb evlənənlərin yarıdan çoxu ayrılıblar. Ailəliklərini davam etdirməyə gücləri çatmayıb.
Bəli, bütün valideynlərin arzusudur ki, övladı ailə qursun, xoşbəxt yaşasın, nəsli tükənməsin , nəvə sahibi olsun! Bu arzuya qoşulmayan valideyn təsəvvür etmirəm. Üzərilərinə düşəni edən valideynlər, oğlu üçün elçi gedir, nişan aparır, toy edir, bütün dost –tanışı çağırıb hamını sevincinə şərik edir. Amma elə həmin gün sevincləri qursaqlarında qalır.

Məlum olur ki, restoran onların toydan əldə etdikləri “nəmər”in ən azı 60 faizinə şərikdir. Qeyd edim ki, restorana borclu qalan toy sahiblərinin müsibəti ilə bağlı xəbərlərə dəfələrlə rast xəlmişik. İstər mediadan, istər gündəlik həyatımızda. Bəli, hər toy sahibinin işi deyil ki, restorana borclu qalmadan toyu başa vursun!


Yeri gəlmişkən, binamızda bir ailə var Ata qaynaqçıdır. Fəhlədir. İki otaqlı mənzildə özü, həyat yoldaşı və birqız, bir oğlan övladı ilə birgə yaşayır. Oğulun səhv etmirəmsə 28 ya 29 yaşı var. Şahidəm Aprel döyüşlərinin iştirakçısı olsa da , heç veteranlığı da yoxdu. Ala bilməyib. Bakı Biznes Universitetinin maliyyəyə aid fakültəsinə öz biliyi ilə daxil olub və oranı əla qiymətlərlə bitirib. Ailə oğula böyük ümidlərlə baxırdı. İşləyəcək , yaxşı maaş alacaq özünə ev, maşın da qazanıb ailə quracaq. Ailənin arzuları o zaman suya düşdü ki, oğul 10-larla “sivi” göndərdiyi şirkət və dövlət müəssələrinin heç biri onu yaxına buraxmadı.

2 ili ancaq ixtisasına uyğun iş axtarmaqla keçirdi. Sonda anladı ki, “yuxarda” adamı, tapşıranı olmasa heç vaxt istdiyi işi tapa bilməyəcək və nəhayət artıq əvvəllər qürur və sevinc verən indi isə kədərdən başqa heç nə ifadə etməyən diplomunu atıb evin bir küncünə! Hazırda hansısa tikinti briqadasında suvaq çəkmək, hörgü hörmək sənətinə yiyələnir. Ailə məlul, övlad məlul. O gün anasından soruşuram ki, toy etmirsiniz, gələk toya, qadın övladının əziyyətindən necə danışdısa, sual verməyimə peşman oldum. Deyir düz 4 il ancaq qələm-dəftər, kompyüterə öyrənmiş əllər qabar-qabardı:”Evlənmək adı gələndə sstres keçirir, deyir mama, gəlini hara gətirəcəyik?O gəlinin geyiminə, geciminə, qızıl və bəzək əşyalarına, nişana-toya hansı pulu xərcləyəcəyik?”.


Düzdür, hər oğul belə düşünmür, evləndikdən sonra "ağlı başına gəlir", onda  qərara gəlir ki, işim yox, gücüm yox, ailəni necə saxlayacağam? Hələ bir uşaq doğularsa… Doğulanda xəstəxanalardakı böyük problemlər, doğulandan sonrakı pampers, yemək problemi.
Bu düşüncə və qənaətdən sonragənc ailələrin “ailəlilklərinin soyqırımı” başlayır.
Statistika Komitəsi sonra da bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb..
Bu o deməkdir ki, gənclərin ümidləri ötən ilkinə nisbətdə bu il daha bərbad şəkil alıb. Ailəlik dönəmi daha ağır məişət çətinlikləri ilə qarşı-qarşıya qalıb.

Bunu deməsəm ürəyim partlayar: Musavat.com saytı sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov haqqında yazdığı bir araşdırma qarşıma çıxdı. Xəbərdə deyilir ki, hələ gənc yaşındaykən ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olan Anar indi də dillərdə dastandı.  Yəqin , yadınıza gəlir,  Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi. Həmin o Anarın, sabiq nazirin oğlunun İngiltərədə 20 restoranı və 30 milyon dolları aşan daşınmaz əmlakı  üzə çıxıb. Belə bir ailədə məişət problemləri , zorakılıq halları ola bilərmi? Qətiyyən!

Hələ ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib ki, ailələrin boşanmasının əsas səbəbi zorakılıqdır” İkinci yerdə qərarlaşan səbəb sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur ”.

Sən Allah, biri ordan hüquq üzrə fəlsəfə doktoru Elgün müəllimə desin ki, evdə adi məişət çətinlikləri ilə yüklənmiş, gündəlik tələbat mallarını yoxsulluq ucbatından ala bilməyən, adi insani tələbatlarını ödəmək üçün, kasıbyana  yaşamaq üçün normal iş yeri olmayan, ildə bir dəfə adam kimi istirahətə gedə bilməyən, yatanda yuxusunda, oyananda gerçəklikdə problemlərlə əlləşən, sevdiyi qadının, canından çox istədiyi övladının yanında başıaşağı olan  gənc ailə başçısını düşünün! Sonra da uzun müddət bütün çətinliklərə susan, görməzdən gələn gənc qadının “partlama” kuliminasiyasını düşünün! Bu qarşılıqlı ittihamlara, təhqirlərə, zorakılığa gətirib çıxaran hal deyilmi? Niyə birinci zorakılığı var edən səbəbləri yox, zorakılığı səbəb göstərirsən?

Sizcə, Anar Məmmədov kimi lüks həyat keçirən bir ailədə zorakılıq, “partlama”, boşanma ola bilərmi? Qaynaqçıların, fəhlələrin, yuxarıda “adam”ı olmayanların övladlarının məhv olduğuna susub, boşanmaların gün-gündən artmasına göz yumub, Azərbaycanda vaxtıilə ən güclü Ailə insitutunun son çırpıntılarınımı seyr edək?
Bəs, bu problemin həlli üçün addım atan olmayacaqmı? Gənclərin baş götürüb Azərbaycandan qaçması, qızlarımızın müxtəlif xoşagəlməz yollarla özünə gün-güzaran yaratmasının günahını kimdə görək?

 P.S. Ötən il mediamız SOS siqnalı çalırdı ki, Azərbaycanda boşanma halları rekord həddə çatıb. SK-nin indi ki rəqəmlərinə baxanda görünür ki, vəziyət rekordun, rekordunun, rekordunu keçib.

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV