BU DÜNYADAN MAXARADZE KEÇDİ… - Aqil ABBAS yazır

AQİL ABBAS
53890 | 2022-11-04 09:38

İndiki cavanlar bilməz, bir Maxaradze vardı. Stalin rolunun ifaçısı Maxaradze yox, məşhur futbol şərhçisi Kote Maxaradze. Şirin gürcü ləhcəsi ilə rus dilində şərhçiliyi adama ləzzət edirdi. O vaxtlar futbolu Ozerov, Pereturin, Maslaçenko, ya da Maxaradze şərh edərdi, hərəsinin də öz üslubu vardı. Hamısı da ləzzətliydi. Gennadi Xazanov onların hamısını parodiya edərdi, hətta bir dəfə də onların gözünə bizim Çingiz İsmayılovu da qatmışdı. Bu barədə bir az sonra.

Avropa Çempionlar Liqasında «Kopenhagen»lə «Borussiya Dortmund» qarşılaşırdı. Meydanda 7 nəfər türk vardı. Üçü «Borussiya Dortmund»un oyunçusu idi, dördü də oyunu idarə edən hakimlər.

Vaxtilə bizim dünya şöhrətli hakimlərimiz olub: Tofiq Bəhramov, Eldar Əzimzadə və Rüstəm Rəhimov. Çox maraqlıdır ki, onlardan ikisi - Tofiq Bəhramov və Eldar Əzimzadə əslən şuşalı idilər. Bunlar ayrı bir yazının mövzusudu. İndi sevinirəm ki, Azərbaycan hakimləri Avropa Çempionlar Liqasının oyunlarına təyinat alırlar, uzun illərdən sonra.

Söhbəti çox uzatmayım, gələk mətləbə. Maxaradzenin çox qəribə bir şərhi vardı. Həmin dövr SSRİ yığma komandasında dörd gürcü oynayırdı: Mesxi, Metreveli, Kipiani, deyəsən Anzor Kavazaşvili , bir az əvvəl oynayırdı, amma o da vardı, Daraseliya da ehtiyat oyunçular siyahısında idi. Maxaradze oyunu elə aparırdı ki, futbolu sanki Gürcüstanla hansısa bir Avropa ölkəsi oynayır. Yalnız top gürcülərdə olanda adlar çəkərdi: «Top Metrevelidədi, Metreveli gedir-gedir, topu Mesxiyə ötürür, Mesxi topu Kipianiyə atır…». Sonra uzun müddət susardı, gözləyərdi ki, top bir də nə vaxt gürcülərin əlinə düşəcək. Ya da meydanda dörd gürcünün adını çəkərdi, sonra da deyərdi ki, yerdə qalanları da «Dinamo» Kiyevin oyunçularıdı. Arada da məşhur heykəltəraş Seretelidən danışardı , operator da dərhal Seretelini göstərərdi. Ya da Lobanovskini göstərərdi, onda da deyərdi ki, Lobanovski Daraseliya ilə məsləhətləşir.

Xazanov da onu çox gözəl parodiya edirdi. Bu barədə bir qədər sonra.

İndi oyuna baxıram - «Kopenhagen» ilə «Borussiya»ya, istər-istəməz könlümdən keçirdi ki, elə bizim şərhçi də Maxaradzedən bir az öyrənərdi. Məsələn, nəyi: Top Tolqadadı, Tolqa topu atır, Əmrə Can gedir, Özcan sağ tərəfdən irəliləyir, Əliyar Ağayev diqqətlə izləyir, Zeynal Zeynalov bayrağını qaldırır, Əmrə Canı yıxırlar. Hakimlərimiz oyunu çox gözəl aparır. Cərimə zərbəsi, topun arxasında Tolqadı və sair və ilaxır. Təbii ki, şərhçilərimiz Maxaradzeni dinləməyib və oyunu da belə aparmırdılar. Yəni elə şərh edərdilər ki, elə bilərdik meydanda yalnız türklərdi. Necə ki Maxaradze SSRİ yığma komandasını belə şərh edərdi.

İndi gələk Xazanovun parodiyasına: Top Mesxidədi, topu atır (top Ukrayna futbolçusundadı, adını çəkməz, gözləyər ki, top nə vaxt Metreveliyə çatacaq. Top Metreveliyə çatanda çığırır). Top Metrevelidədi, Metreveli gedir (top yenə Ukrayna futbolçusundadı, yenə adını çəkmir, gözləyir ki, topu nə vaxt Kipianiyə verəcəklər və top Kipianiyə veriləndə ) çığırır:

- Top Kipianidədi, Kipiani vurur. Poka myaç v nebe ya xoçu poznokomit vas sostavami komand.

Guya Kipiani elə vurub ki, top göydə hələ 3-4 dəqiqə qalacaq.

Maslaçenkonu necə parodiya edirdi:

- Penalti.

Maslaçenko qapıçı olduğuna görə ona görə həmişə qapıçıya ya tövsiyə verərdi, ya da iradını bildirərdi. İndi Buryak penalti vuracaq, Maslaçenko deyir:

- Dosayev ağıllı qapıçıdır, bilməlidir ki, Buryak topu hara vurur. Adətən qapının sağ yuxarı küncünə. Dosayev, diqqətli ol. Buryak gəlir vurur, Dosayev necə də mənim ürəyimdəkini oxudu? Topu aşağı sol küncdən götürdü.

Gəlir Pereturinə. Pereturin oyunu şərh etməzdi, yalnız oyunçuların adını çəkərdi:

- Top Demyanenkodadı. Demyanenko , Zavarov, Buryak, Demyanenko, Bloxin, Zavarov, Yeremçuk, Zavarov, Bloxin… Qol.

Gəlir indi Ozerova. Ozerov da həmişə həm futbolda, həm də xokkeydə siyasi şərhlər edirdi . Deməli, xokkeyi şərh edir. Kanadanın xokkeyçisi vurub bizimkini yıxır. Ozerov deyir:

- Məgər bu xokkeydir? Bu vəhşilikdir.

İndi bizimki vurub Kanadanın xokkeyçisini əzir. Ozerov bağıra-bağıra deyir:

- Eto xokkey, eto mujskaya iqra.

Ya da, yadımdan çıxıb, gərək ki Finlandiya ilə SSRİ oynayır. Rəqib komandada ata-bala oynayırlar. Ozerov belə şərh edir:

- Finlandiyada vəziyyət çox ağırdır, yaşamaq çətindir. Ata gəlib xokkeyə, bir az çörək pulu tapıb, məcbur olub oğlunu da gətirib xokkeyə.

İndi gələk Xazanovun Çingiz İsmayılovu parodiya etməyinə. Onun parodiya etdiyi futbolçunun adını çəkmirəm. Çünki bizim millət zarafatı qəbul etmir, adını çəksəm verər məni məhkəməyə. Amma adını çəkmədiyim futbolçu «Neftçi»nin ən məşhur oyunçusu idi.

Və bunu rusca yazmaq məcburiyyətindəyəm, çünki azərbaycanca yazanda alınmır. Yazacağım Mamedov da təsadüfi familiyadı.

- Myaç u Mamedova, Mamedov idyot, idyot, idyot…

Sonra Xazanov əsnəyir və deyir:

- Mamedov idyoot !

Təbii ki, bunlar hamısı həm həqiqətdi, həm də zarafatdı.

Və sonda. Avropa Çempionlar Liqasını aparmış Əliyar Ağayevə, Zeynal Zeynalova, Akif Əmrəliyə və Kamal Umudluya daha böyük uğurlar arzulayıram.

Şərhçilərimizə də xatırlatmaq istəyirik ki, biz kar deyilik, bağırmasınlar, çığırmasınlar.

TƏQVİM / ARXİV