Dələduzun cəzası azadlıq olarsa...-  Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2222 | 2024-07-08 13:36

Aprel ayının əvvələrində 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sünbülə Əliyeva hakim qarşısına çıxarıldı və 200 min manatlıq mənimsəmədə ittiham olunan bu dövlətin "ədalət sütunu"nun əməlləri hər kəsi şok etdi.
70 yaşlı Sünbülə Əliyeva konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirildi.
İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Yeri gəlmişkən, tanınmış vəkilin şüşə qəfəs içindən ilk sözü, peşmançılıq hissi keçirməsi, günahkar olduğunu bildirməsi yox, yenidən azadlığa buraxılmasını istəməsi oldu.

Xanım müttəhim və vəkili ilk olaraq vəsatət qaldıraraq həbs qətimkan tədbirinin ləğv edilməsini istəyiblər.
Həmin vaxt Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin yenidən gizlənmə ehtimalını göz önünə gətirərək vəsatəti rədd ediblər.
Buna görə də dələduz Sünbülə xanım qərardan narazı qalıb. Hakimlərə etiraz edəcəyini deyib.
Nəhayət bu gün onun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm də oxunub. Hökmə əsasən, Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və 2 il sınaq müddəti ilə şərti cəza alıb.
Loru dildə deyim, aydınca anlayın: 200 min manatlıq mənimsəmədə əli olan Sünbülə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sümbülə Əliyevanın Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

P.S. Xatırlayırsınızsa, ötən il buna bənzər bir hadisə də baş vermişdı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxıldı.

Amerikanlar demiş, Tanrı xalqımızı və dövlətimizi qorusun! 


 

TƏQVİM / ARXİV