Dünyanın ən mərd qatili... - Aydın Can yazır

AYDIN CANIYEV
39416 | 2022-04-13 16:13

Gecələrimizin Dolusu – “Dolu”

 

GİRİŞSİZ-FİLANSIZ:

 

Aqil Abbasın "Dolu" romanını oxuyanda AZƏRBAYCANI ADAMIN ƏN MÜQƏDDƏS İSTƏK KİMİ ARZULAMAĞIGƏLİR: ölkəyə dolu yağsın!Fərq eləməz ki, yağanda "çölə tökülən (...) camaat onun gətirdiyi soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə ciyərlərinə çəkib xoşhallanar, əllərini onun altına tutub göylərə - buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən YARANAN, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilər", yoxsa da ki...DOLU onların dünyasını viran eylər! İstənilən halda Azərbaycan BİRCƏ ŞƏRT DAXİLİNDƏ ehtiyaclıdı: dərmanı araq olan dolu əvvəl yağsa yaxşıdı - yağı yağ üstə çıxıb ayranı ayranlıq olacaq millətin YAŞAMAQ HAQQINI QAZANANLAR öz xoşuna - onların evinə-ürəyinə-canlarına düşüb hər şeyi viran qoyan evlərini bərpa edəndən sonra - EVLƏRİNDƏN ÇIXIB DAMLARININ ALTINDA dolu dənələrini öz xoşuna öz ağzına atarlar, oradan da içlərinə ötürərlər: axşamlar yanlarını şillələyə-şillələyə təpitmə qoyulması əzabının gözləndiyi qaçılmaz olsa da!!!

... Bayram gecəsi dədəm Məmmədin Aqil Abbasın ANS-də Qədir Rüstəmova Saranı aparan sellərin mahiyyətini açmasını (gör eyyy! - mən jurnalist ola-ola tutmamışam, fəhlə dədəm nəzərimə çatdırdı!), azərbaycanca başa düşüb danışa bilməyən anamın "Etiraf"da xanımıyla münasibətini ifadə edən ("dözürəm, dözürəm, birdən partlayıram, ağzıma gələni deyirəm") fikrini dilə gətirməsi "Dolu"nun nədənini mənə anlatdı: "Dolu" "üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına" EHTİRAMIN çox yüksək səviyyədə ifadəsidir - müharibə mövzusunda yazılmış əsərlərin içində də İLKİDİR ki, alver və xaltura yoxdur!

Üstəlik və həm də bu müharibənin mahiyyətini bilən Aqil Abbasın Allaha hirsini tökməsidir, Əzrayıla istefa ərizəsi yazdırmasıdır, eyzən hirsini xanımına tökdüyü kimi, eynən Allahı Qədir Rüstəmova qulaq asdırdığı kimi!!!

EŞQ OLSUN, müharibəyə qapalı, döyüşdən uzaq, yiyəsiz millətin don vurmuş qəlblərini LAZIM MÜƏLLİM GƏLMƏMİŞ DƏ doluya tutan, doluyla döyəcləyən Aqil Abbas!

Dolu "MÜHARİBƏNİN İÇİNDƏ OLAN VƏ İÇLƏRİNDƏ MÜHARİBƏ GEDƏNLƏRİN" əsəridir!!!

Bir əsər ki, adamı varından yox eləmədi, "qribki"yə tutulmuş xəstələr kimi, adamı ürəyinin başınacan qaşındırmadı, apar qaytar - "Dolu" həm də ona görə dəyərlidi ki, adamı ürəyinin başınacan qaşındırır!!!Adamın qışqırmağı gəlir ki, Aqil Abbas, Allahın yoxdumu?!? Təbii ki, bu əsər bu reaksiyanı o oxucu-adamlarda yaradır ki, onlar "divarın bir addım o üzündəki azadlığın dadını çıxara bilirlər"...

Əsəri oxuduqca istəyirsən ki, tez oxuyub qurtarasan! Ki, bu müharibə də qurtarsın - Komandir əsgərlərinə dediyi kimi: ya döyüşə girin, ya da girib qaçsanız, özüm güllələyəcəm! Bu, Aqil Abbasın yazıçı kimi böyüklüyüdü: adam roman kimi də yazdığı bu müharibədə adamı axıracan döyüşdürür - Komandiri, əsgərlərini pırıl-pırıl balıqların dalına salıb varından yox etdiyi kimi! Oğulsan, getmə arxasınca - "arxada ana-bacılarımızdı!!!"

Romanın hər iki fəslində o qədər saysız-hesabsız məqamlar var ki, fikirləşməli olursan: deyəsən, Aqil Abbas heç Milli Məclisin deputatı deyil, elə bil, "Ədalət" qəzetinin baş redaktoru olmayıb, ƏSL XALQ YAZIÇISIDIR Kİ, VAR!Çünki "Dolu"da "çolum-çocuğun baxışları adamı dışardakı Doludan da bərk döyür", həyatda Aqil Abbasın deputatı olduğu Milli Məclis! Bunları da öz əsərinin qəhrəmanı Komandir kimi elə Aqil Abbasın özü qələmə alır!

Bax, bu kişiliyə EŞQ OLSUN!

Daha bir məqam: "Amma Qeyrət bədbəxt oğlu neyləsin? Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə çatmırdı..."

Yazıçı Aqil Abbasın böyüklüyü SİYASƏTÇİ Aqil Abbasdan da dərs almağa yetərlidi: Düşmənə qalib gəlmək üçün nə lazımdırsa (topdan-tüfəngdən tutmuş Böyük Saraylardakı ssenaristlərə qədər) deyən Aqil Abbas siyasilər üçün də QƏLƏBƏ İNSTRUKTAJI cızır: söz danışmaq, qeyrətli olmaq bəs eləmir!!!Silahınızı tapın!!!

Roman işıq üzü görəndən sonra "ədəbi tənqid cəngavərləri", "ştatlı məddahlar", "amansız qələm sahibləri"nin təqdimatları düz çıxsaydı, indiyə gərək ya Aqil Abbasın ili çıxaydı, ya da əsərin!Əsərin ili çıxdı və sanki... heç nə olmamış kimi keçdilər ayrı söhbətlərə! Lap elə Şuşanın, Laçının, Ağdamın çıxan illərini yola saldığımız kimi.

Məni indidən "Dolu"yla bağlı daha bir dolu vurur: biz o müqəddəs torpaqlar kimi bu əsərin də necə əziz olduğunu bilsək də, onu da unudacağıq, yaddan çıxaracağıq! Fəqət BORCLUYUQ: gecələrimizin, ölkəmizin, dövlətimizin, vətənimizin DOLUSUNU görmək istəyiriksə, "Dolu"nun DOLU qiymətini verək ki, ömrümüzü DOLULAR dağıtmasın, viran qoymasın!!!

 

II

 

Roman süjet və kompozisiyasına görə cəmiyyətin müəyyən zaman kəsiyini ifadə edən həyatıdır, eyni zamanda, xarakterlər toplumunun personajlar mehmanxanasıdır!

Aqil Abbas Azərbaycan həyatının müharibə dövründəki yaşamının ssenari müəllifi olmasa da, romandakı personajların toplaşdığı mehmanxananın sahibi kimi çox unikal "müştəri qalereyası" toplayıb!

Burada oğraş oğraş kimi, düşmən düşmən kimi, kişi kişi kimi elə verilib ki, İlham Musaoğlu şeirlərinin birində yazdığı sayaq, "tapılmaz özündən oğraşın (düşmənin, kişinin) biri".

Ləzzət eləyən odu ki, obrazların hər biri mükəmməl işlənib!

Ləzzət eləyən odu ki, hər personajın özünün dili var!

Ləzzət eləyən odu ki, şişirtmə və bayağı dialoqlar yoxdu - bizim adını dəqiq bildiyimiz Dünyanın Ən Varlı Şəhərinin portreti belə ən incə ştrixlərinə qədər bədii təsvir və ifadə vasitələrinin bütün imkanlarından peydərpey yararlanmaqla verilib!

Ləzzət eləyən odu ki, süni patriotizmin və millətçiliyin, pafosla mayalanan partizanlığın, geydirmə qəhrəmanlığın heç bir peyzajı yoxdur, iyi-həniri gəlmir!

Komandirin jurnalistlə həm hərbi hissədə, həm də həbsdən sonrakı qarşılaşmada portret ştrixlərinə həyat verərkən KİŞİLİYİN-ZİYALININ-QƏHRƏMANIN ƏDƏBİ TƏRİFİNİ düşüncələrdə formalaşdırdığı üçün Aqil Abbasa minnətdarlığım sonsuzdur: harada oxumaqla, hansı diplomu almaqla deyil, kimdən dərs almaqla, harada diploma layiq görülməklədi!

Komandirin dilindən səslənən Nitsşenin dahiyanə sözləri elə Aqil Abbasın özünə də, qəhrəmanlarına da aiddir: "Qulaq as, Nitsşe deyir ki, ölsəm, məni bu torpağa basdıracaqsınız, sonra bu torpağı mənə görə daha çox sevəcəksiz"Doğrudan da, indi Aqil Abbası çoxları etdiyi xeyriyyəçiliyə, ona-buna tapşırmalarına, aşırtdığı işlərinə görə sevsələr də, vaxt gələcək, Onu yazdığı "Dolu"ya görə arzulayacaqlar: mənim indi istədiyim kimi!!! Həm də

Dünyanın Ən Mərd Qatili sayılacaq Aqil Abbas!

Pələngin Drakonun pencəyi üstündə canını tapşıran ölüsünü Dünyanın Ən Gözəl Ölüsü kimi təqdim etdiyinə görə rəğbətim artdı - adam KİŞİNİ DÖYÜŞDƏ ÖLDÜRƏR! Və mən Pələngin - dünyanın bütün gözəl qızlarını görən Rəşid Behbudovun papağını-xəncərini həm oğurlayan, həm də ondan hədiyyə alsa da, "mən qız görmədim ey" deyib ölən igidin ayağında bir ömür boyu hönkür-hönkür ağlamağa yox, onun qisası üçün hər an döyüşməyə hazıram!!!

Ədəbi əsərlər məhz bu qənaətlər üçün yazılmalıdır!

Fantastikaya, o cümlədən Qarabağ döyüşlərindəki məğlubiyyətlərə özlərimizinkini-döyüşçülərimizi ləkələyib don geyindirməklə düşmən əlaltılarının dudkasına meylli şayiəbazlarımıza Pələngin döyüşdə ölməyini şübhə altına almağa imkan vermədiyi üçün Aqil Abbasa "əhsən" deyirəm!

Ölmək ehtimalı sıfır tam milyardda bir faiz də olmayan Drakonu təzədən döyüşə atıb öldürmək DÜNYANIN ƏN GÖZƏL QATİLLİYİDİR!

"İçində ağlamağa bircə damla da göz yaşı qalmayan" Komandiri Azər Hüseynin kababxanasının altındakı kəhrizdə pırıl-pırıl balıqlara qoşub AYDINLIQLARA ÇIXARMAĞI adamın içinə bir QARABAĞ DOLUSU yağdırır - ağlamağa bir ömür boyu göz yaşı olsun!!!

Bu Vətən uğrunda döyüşənləri bu vətənin At Üstündə Olan Adamlarının əliylə yox, İlahinin adıyla onların öz öhdəsinə buraxdığı üçün, daha doğrusu, öldürdüyünə görə də Aqil Abbasa təşəkkürlər etməyə dəyər!

Sizləri deyə bilmərəm, bu boyda faciələrdən bu qədər AQİLANƏ, TƏMKİN VƏ HEYRƏTLƏNDİRİCİ üslubda yazmaq məni dəhşətli dərəcədə üşəndirdi - Aqil Abbas, doğrudan da qatildir! Yalnız qatil belə eləyə bilər - haqsızlığın, düşmənçiliyin, ədalətsizliyin qatili!

Amma həm də necə də gözəl və mərd qatil!

 

III

 

Oxudum, tənha gecələrimin birini öldürdüm - çox məsud oldum!Amma içimdə bir göynərti qaldı. Sakitcə oxuya-oxuya qeydlər apardığım vərəqləri yenidən çevriməyə başladım: davranışında da, yaşamında da kifayət qədər azad insan olan Aqil Abbasın dil bölümündə də sərbəstliyi çox gözəl idi: ifadələrinsəsləniş tonu belə duyğuluydu, amma və lakin mən heç cür ağlıma gətirə bilmirdim ki, ŞƏHİD ANASININ ADI ÇƏKİLƏN əsərdə "qəhbə" ifadəsi işlətmək olar - mən əminəm ki, vaxt gələcək, Pələngin anası bütün şəhidləri özoğlu bilib uyuduqları qəbiristanda gül əkdiyi kimi, bütün analar da şəhidləri öz oğulları biləcək, bu roman-kitab onlara da əziz olacaq və onlar oxuyacaqlar!Belə anaların düşüncəsində "qəhbə", "qəhbəlik" anlamı yoxdur, onların, dünyaya şəhidlik zirvəsinə yüksəlməyəcən dünyaya oğul gətirmiş anaların genetikasında bu ifadə tapmaca olduğundan ərşi-əlanı bir-birinə qatmalı olarlar - eynən Əzrayılın Bayılda görməli olduğu işin dalınca Maqadana getməsi kimi!

Mənim yaşım qədər yazıçılıq bir yana, redaktorluq stajı olan Aqil Abbasa irad kimi yox, qənaətim kimi çatdırmaq istəyirəm: "bu"lar o qədər çoxdur ki, onların tay dadı çıxarılıb.Əsas və köməkçi nitq hissələrinin bütünü üzrə təsnifləşdirmək olar - qüvvətləndirici ədat və yaxud da ki, təkrir funksiyasında qəbul etmək çox çətin olur!Doğrudanda,Aqilmüəllim, "bu"larlapçoxduey...

Birdəki...Kİməsələsi...

Mən ilk əsərdir ki, Kİ-ni bitişik görürdüm.Kamil Vəli Nərimanoğlunun bütün zəhmətini bada vurmaqdı bu. Olmaz - "düşünəndə ki" ifadəsini "düşünəndəki" kimi verəndə, nəzərə almaq lazımdır: bu, beyindəki prosesi yox, o prosesin getdiyi yerin sahibi də ehtiva oluna bilər!

 

SÖZARASI:

 

Aqil müəllimin romanının dilinə bir arzın qədər də kölgə salmadığımın sübutu kimi bir faktı yazıram: Nurəddin adlı döyüşçü döyüş mövqeyindən başının qanı axa-axa, pulemyotunu sürüyə-sürüyə qərargaha gələndə indi Müdafiə Nazirliyində çox böyük vəzifədə olan general-polkovnik soruşur:

- Asqar, papaqın xanı?

Nurəddin:

- Ə, xiyar, papaq vaxtıdı?

... O boyda faciələri gözləriylə görən Aqil Abbasın onları qələmə alanda "bu"nun biri çox, "o"nun biri az ola bilər, amma... biz də sözümüzü deyib Maqadanda ağ ayıları görənləri nəzərə alırıq.

 

IV

 

"Dolu" Qarabağdan çox, Qarabağın adını bildiyimiz Dünyanın Ən Varlı Şəhərinin rekviyemidir!Ancaq ümid etməyə dəyər ki, Dünyanın bu Ən Varlı Şəhərinin At Üstündə Olan Adamının polisdə işləyən oğlu da, - hərçənd, Aqil Abbas Komandirin diliylə bunu şübhə altına alır, - illər keçəndən sonra belə, həbsdən çıxan Komandiri tanıya, yadına sala, qiymətləndirə bilirsə, ümid etməyə dəyər: "Dolu"dan dolu yağacaq! Azərbaycan o günü görəcək!

Dünyanın Ən Varlı Şəhəri yenə də AĞDAM olacaq!

Buna böyük inamla yazını bitirirəm və arzulayıram ki, EVLƏRİNİZƏ DOLU YAĞSIN - gecələrimizin "Dolu"su: Dünyanın Ən Mərd Qatilinin Allaha tökdüyü hirsi, Əzrayıla yazdırdığı istefa ərizəsi!

 

 

11 aprel 2009

 

TƏQVİM / ARXİV