Günəşə at çapan oğlan -İradə Tuncay yazır

İRADƏ TUNCAY
6680 | 2024-04-01 16:04

Aqil Abbas - 70

***
Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir... Hər şey haqqında - atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və... Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib... Və harda?

Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram...

***
Universitetin uzun dəhlizi gəlir gözlərim önünə - pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla... Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli...

İlıq oktyabr ayıdır... 1979-cu ilin oktyabrı...

Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi - indi o bina yoxdu. Söküblər... Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı - Mənsur Vəliyev - deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var... Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı - amma hər zarafatın həm də bir həqiqət payı da var... Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi - Mənsur "Ədəbiyyat və incəsənət" qəzetində bir hekayə də göstərmişdi mənə "Şirinlik" adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı... İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura "Sən get" - dedi. "Bizim söhbətimiz var..."

Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər...

Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə... Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona... Neçə gün qaldı orda... Aqilin də 26 yaşı vardı...
Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində "Elm və həyat" jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada... Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq...

***
İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm... Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz... Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına... Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə...

İnqilab havası gəldi məmləkətə... Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram... Aqillə İskəndər lap gənc yaşlarından dost idilər... İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi...

Kitablar gəlməyə başladı evə - əvvəlcə jurnallarda çap olundu... "Ulduz", "Azərbaycan''... Hə, bir də heç unutmuram, yeni romanını, "Ən xoşbəxt adamı" lap mətbəədən çıxardı çapdan baş redaktor... Xoşbəxtliyi çöndü elə bil. Sındı... Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar... Sınmağını da biz unutmuruq!!!

Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş... Fraqmentlər gəlir göz önünə...

***
Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi... 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən... Ev yox, pul-para yox, amma müharibə də yox idi... Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular... Müharibənin acılarını da yanaşı yaşadılar... Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı - yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi...

***
...Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir... Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür... Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi... Mənim də deyir dişim bağırsağımı kəsir... Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil... Çoxlu peçenye, su və çörək... Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz... Dünyanın ən Varlı Şəhərinin adamları mələşir... Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa... Adamlar da havada tutur nə atırıqsa... Bunları hər xatırlayanda ağlayır...

Uzaqlaşaq ağlamaqdan - məzəli söhbətlərimiz də çox olur...

Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə... Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik - qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb... Mən onun kimi danışa bilmərəm eeee... Hövsələm daraldı dedim - sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli... Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı...

Yol gedirdik... "Yoldu dana, uzanıf gedir..." Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq... Yoxsul göründük gözünə. Saxladı... Başladı əlindəki o nə deyirlər ona - orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki:

- Ay oğul, nə axtarırsan?

- Adın niyə burda yoxdu?

- Maşın İradə İbrahimovanındı.

- Həə? Sənin familiyan İbrahimovdu?

Paaa, Məşədiyə belə söz haa?

Sürdü getdi. Serjant da, qışqırır arxadan - əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki:

- Nə qüsurum var, niyə saxladın?

- Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı.

- Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol... Bir xeyli iltifatlar... (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı...) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan... Yuxarı heyət adamları tanıyır adətən... Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər... Deyirlər, qoy problem yaşasın... Hə, bir də əyalət serjantları "əmi, dayı, ağsaqqal" müraciətlərindən qurtula bilmirlər... Və əhalinin hamısı deputat deyil...

Məşədi müraciəti təəccüb yaratmasın - sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir...
Məşədi danışıb mənə - deyir, Ağdamda "Qaz-51" şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən.
Ağdama kənddən ilk gəlişin danışıb - atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına... Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir... Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən...

***
Yaralı xatirələr. Sevmirəm... Kütləvi olanda heç yox, ayrı-ayrılıqda... Ağaclar, kollar, duman basmış dağlar... Arada gözə dəyən əsgər, polis nəfəri... Tam şəkil yaranmır... Hava da sərindi - gəndalaş, itburnu, böyürtkən... Təbiət də vəhşiləşib... Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir... Gülablıya yol aldım - xaraba qalmış təbiət. Axmayan su... Dərilməyən meyvələr... Etiraz edir hər şey... Və bu etiraz diskomfort yaradır... Doğmalıq yaranmır... Ekskursiya yaxşıdı, amma yaralıdır... Kütləvi yaralı... Sınıqdı... Və həddindən artıq çoxdu... Hər gedib əl uzadanda yad görünür... Fikirlərim də dolaşıqdı...Uzun illər gərəkəcək bu dolaşığı çözmək... Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox... Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi...

Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı - elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır...

Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora... Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram - başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq... Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə... Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq... Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar... Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir... Ağ damır gözlərə ağrı çoxalanda...

***
Səyahətlərimiz çox olub... Bircə gəmiylə gəzməmişik... Avropanın, Asiyanın görməli yerlərində... İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki:

- Kəlbəcərə oxşayır...

Mızıldandım, dilimi sürüyüb - həəə, - dedim... Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir... Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə...

Sinqapurda onların yeməklərin yeyə bilmirdi - arıqladı bir xeyli qayıdanacan... Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda... Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər - yəqin, türk nişanəsi çox idi, ondan...

...İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub... Yollarımız çox olub... Gözəl yollarımız... Arzum budur - yollarımız bitməsin, yaxşı insanlar tükənməsin... Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə... Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır...

Ad gününü qeyd etdiyimiz günlərdən biri idi - bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim... Telefonu götürən kimi - Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə - dedi)))

Əlbəttə, yaxşı ki, doğulmusan... Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı... İri gözlü, uzun kirpikli oğlan... Allah möhlət versin - Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən... Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!

edebiyyatqazeti.az

TƏQVİM / ARXİV