KAMRAN HACIYEV dastanı - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
3308 | 2023-09-14 13:41

“O bir başqaydı” dedi tanıyanlar.
Ona “bizim Mübariz”,”Mixaylo” deyirdilər.
“O, əsil milli qəhrəman idi”-dedi bütün döyüş yoldaşları komandiri Səyavuş İmranov kimi.

Ərgünəş uğrunda ağır döyüşlər gedirdi. Düşmən minamyotları susmurdu. Pulemyotu təkbaşına ən uca nöqtəyə qaldırdı.Əks-hücuma qarşı döyüşdü, qələbəyə yol açdı. Dəqiq, sərrast zərbələri, məğrur duruşunda qələbəyə inam vardı həmişəki kimi. Bu döyüşdə yeddi şəhid versələr də, Ərgünəş azad olundu. Onu snayperlə vurdular...

- İki oğlum var. İkisi də Tovuz hadisələrindən sonra könüllü yazılmışdılar. İkisinə də “halal olsun” demişdim.Qardaşını çağırmadılar. Kamrana qismət oldu vətən uğrunda döyüşmək. Arada danışırdıq. “Özünüzə yaxşı baxın, mən yaxşıyam. Sən rahat ol. Həmişə oğlunla fəxr edəcək,“Mən kişi böyütmüsəm” deyəcəksən”- sözü bu idi. Bir də demişdi ki, mənə təzə geyim dəsti alarsan, Gələndə geyinəcəm. Dedim”narahat olma, ən gözəl kostyumu alacam sənə”.Ən gözəl geyimi özü seçdi. Bayrağa bürünüb gəldi. Oktyabrın 21-də danışdıq son dəfə. Mənim oğlum üzbəüz, təkbətək döyüşdə erməniyə can verməzdi, snayperlə vurublar namərdlər-bunları deyə bildi ata.

Oktyabrın 22-də isə bütün Şüvəlan camaatı yollarda idi. “Şəhidlər ölməz, vətən bölünməz” sədaları Xəzərin səsinə qarışmışdı. Hamının əlində vətən bayrağı vardı;Onu qarşılayırdılar..: O da bayraqla gəlirdi-Kamran Füzuli oğlu Hacıyev.

1994-cı il yanvarın 16-da Bakının Şüvəlan qəsəbəsində anadan olmuşdu 2020-ci il oktyabrın 22-də qəhrəman kimi  kəndinə qayıdan Kamran.

2000-ci ildə məktəbə gedib. Şüvəlandakı İlqar Muradov adına 237 №li tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə 9 illik təhsil aldıqdan sonra maşın ustası olur. Amma bir peşəylə kifayətlənmir, daşı daş üstə qoyub ev tikir, suvaq edir, bütün təmir işlərini  öyrənir Kamran.Tanıyanların dediyi kimi” bacarmadığı iş yox idi”. Onu hamı sevirdi:dost-tanış, müəllimlər, qohum-əqraba.Sevgiylə böyüdü Kamran. Amma vətən acısı, işğalda olan torpaqların ağrısı, Xocalı yanğısı da böyüdü onunla birgə.

2012-2013-cü illərdə Tovuzun Ağdam kəndində həqiqi hərbi xidmətdən çavuş kimi qayıdanda hərbiçi olmaq istədiyini söyləmişdi valideynlərinə.

Cəbrayıl, Xocavənd, Füzuli, Hadrud uğrunda döyüşlərin iştirakçısı idi qəhrəmanım.

“Çox diqqətli, məsuliyyətli, vətənsevdalıydı oğlum. Əlindən hər iş gəlirdi, amma döyüş yoldaşları danışdıqca düşünürdüm ki, oğlumu tanımamışam. Necə qorxmaz imiş. Övlad itgisindən dözülməz heç nə yoxdu. Çox ağır, ağrılı olsa da,  belə oğulun anası olmaq qürurvericidi.”- deyirSevinc xanım.Göz yaşı da danışır. Oğlunun igidliyindən söhbət açanlara qulaq asdıqca “mən başqa cür oğul böyüdə bilməzdim” deyir ananın göz yaşları.

2016-cı ildə Tapqaraqoyunlu istiqamətindəki əməliyyatların iştirakçısı olub. İgidliyinə görə növbəti rütbəylə təltif olunub Sonra ehtiyatda olub. Qarabağ müharibəsinin qazisi olan kapitan Rauf Əliyev müharibə başlayanda tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavini kimi döyüşlərə qatılıb:Kamrandan nə qədər danışsam azdı. Uşaqlar hərəsi bir igiddi mənim üçün, amma o bir başqaydı. Bizim təminatçımız idi elə bil. İnsanlığı,mərdliyi ilə hamımızın sevimlisi idi.Elə olub bir-neçə gün mühasirədə qalmışıq.  Ərzaq bir yana, susuz əziyyət çəkmişik. Bir də görürdük Kamran su bitonları ilə gəlir. Ermənilər olan əraziyə gedirdi, ərzaq gətirirdi. Kamran vardısa, kimsə ac-susuz qalmazdı. Sehrbaz kimiydi. İnsan nə qədər qorxmaz, cəld, bacarıqlı olar.Ən çətin tapşırıqları ona verirdik. Əsil hərbiçi idi. Minamyotun səsindən harda olduğunu müəyyən edirdi. Taborun ürəyi idi. Bir dəfə birlikdə su gətirməyə getmişdik. Orda bayrağımız  dalğalanırdı. Getdi dayandı bayrağın yanında dedi: Bu bayrağa bax, bu bayraq üçün şəhid olmağa dəyər...

Səyavuş Saleh oğlu İmranov 1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Texniki universitetində həm də hərbi təhsil alıb. Baş leytenantdı. 1996-2000- ci illərdə hərbi xidmətdə  Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışan Səyavuş İmranov fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir. Baş leytenantla danışdım, döyüş xatirələrini bölüşdüyü kadrlara baxdım: 20 ildi ehtiyatdaydım.Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Hər şəhid, hər qazi, müharibədə olanhər bir oğul, hər döyüşçü mənim üçün qəhrəmandı. Amma Kamran tamam fərqliydi. Bölüyün qoruyucu mələyi idi. Bir də görürdüm Kamran yoxdu. Bir-neçə saatdan sonra ərzaqla, su ilə qayıdırdı. Düşmən tərəfə necə keçirdi, o ərzaqları necə gətirirdi...Bir dəfə də yeməyə heç nə qalmamışdı, çox əziyyət çəkirdi uşaqlar. Yenə Kamran yoxa çıxdı. Ermənilərin olduğu kəndə gedib. Ərzaq tapa bilməyib. Qurutmaq üçün sərdikləri qozu iki kisəyə yığıb gətirmişdi. İnanırsız möcüzə kimiydi. Bizdə kəşfiyyat manqası olur. Döyüşdə, hücumda onlar öndə gedir. Yəni bu ən təhlükəlidi, candan keçməkdi.O, həmişə kəşfiyyat manqasında olurdu. Kamran əsil milli qəhrəman idi.

 Təsəvvür edəndə belə heyrətlənirsən bu cəsurluğa.

- Vətənin ərazi bütövlüyü uğrunda döyüşmək, bu döyüşlərdə qalib olmaq, şəhid olmaq şərəfdi. Kamran kimi döyüşçü, dost, insan olmaq da şərəfdi. Hadrut uğrunda döyüşlər idi. Dörd gün idi ərzaq bitmişdi. Düşmən əsgərinin paltarını geyib, ermənilərin arasına getmişdi, ərzaq gətirmişdi. Çox qorxmaz idi. Yemək gətirərdi, özü yeməzdi, su gətirərdi özü içməzdi. Biz güclə verirdik ona bir içim suyu da. Çoxumuz son dəfə onun əlindən su içmişik, yemək yemişik. Bölüyün tacıydı –deyir döyüş yoldaşı Kərim Şərifov.

Döyüş yoldaşlarının “ikinci Mübarizimiz”, “Mixaylo” dedikləri Kamranla bağlı söhbətləri dinləyirəm, görüntülərə baxıram. Adi günlərdə, onun anım günlərində olan çəkilişləri izləyirəm. Onlarla döyüş yoldaşı, zabitlər Sevinc ananın qarşısında baş əyir, əllərindən öpür, həyatı üçün Kamrana borclu olduğunu deyir. Düşünürsən ki, vətən elə belə oğullar böyüdən analardı. Elə Sevincdi vətən. Onlara görə ana demişik vətənə.

Sevinc xanımın aramla dedikləri səslənir ürəyimdə: Elə əvvəldən hərbiyə marağı vardı. Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Maxe olmaq istəyirdi. Müraciət etmişdi. Tovuz hadisələri baş verəndə hərbi komissarlıqdan əl çəkmirdi. Polad Həşimovun ölümündən çox sarsılmışdı. Ümumiyyətlə,Qarabağın, Xocalının adı çəkiləndə dözə bilmirdi. Müharibə başlayan kimi dedi ki, ana, mən gedirəm. 29-da tezdən getdi hərbi komissarlığa, həmin gün də yola düşdü.Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Bu döyüşlərdə də manqa komandiri idi oğlum.

Bir də Leyla xanımın sözlərini eşidirəm: Bütün şəhid ailələrinə başsağlığı verirəm, həm də onlara səslənirəm: Oğullarınızla fəxr edin. Necə ki, mən nəvəm Kamranla fəxr edirəm.Analar dünyaya oğul gətirir. Oğul nə üçündür? Vətənin dar günündə sinəsini sipər eləsin düşmənə. Onlar da sipər oldular.

Təkcə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”. “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmayıb Kamran. O bir dastan yazıb:Kamran dastanı.

2022-ci ilin Zəfər günündə 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif olunub. Bu il isə Kamran Hacıyev “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarına təqdim olunub.

İndi ölkəmizdə igidlərimizin adını daşıyan  küçələr var.Bu küçələr həm də bizim ömür yolumuzdu. Gələcək nəsillərin ömür yoludu-Şüvəlandakı Kamran Hacıyev küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik.

P.S. Sevinc xanım tanışlığımıza, oğlu haqda yazacağıma çox sevindi. Oxucum imiş. “Sizi nə qədər sevdiyimi bilsəniz...-dedi. Şəhid ailələrindən çox xoş sözlər eşidirəm. Ən böyük mükafatdı onlar.

 

TƏQVİM / ARXİV