Legionerin Murad Musayev kimisi… - Aydın Bağırov yazır

AYDIN BAĞIROV
3000 | 2023-02-12 13:04

“Qarabağ”la “Sabah” arasında matçlar artıq Azərbaycan çempionatının bəzəyinə, mühüm oyunlarına çevrilir

Azarkeş bu oyunlardan zövq alır.

Quru, sönük görüşlərdən bezən media üçün yeni mövzular yaranır.

Futbol idarəçiləri isə əlbəttə ki, məmnun qalır və əllərində əsas olur ki, baxın, bizdə də yaxşı oyunlar var. Yekun nəticədə isə belə keyfiyyətli qarşılaşmalar Azərbaycan futbolunun, çempionatının zədəli vizionunun bərpasına yardım edir.

Gərək ki, bir neçə ay əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hətta “Sabah”la matçlarını (4:3) Avropa kuboklarında keçirdiyi oyunlarla müqayisə etmişdi. Məntiqli baxışdır. Və belə oyunların səbəbkarları həm də məşqçilərdir. 

Qurban Qurbanovdur. 

Onun rusiyalı həmkarı Murad Musayevdir.

Murad Musayev… 

Onun bir çox həmkarından fərqli olaraq peşəkar futbolçu karyerası olmayıb. 22 yaşında tələbəykən birbaşa məşqçiliyə başlayıb. “Krasnodar”ın uşaq futbol akademiyasında köməkçi məşqçilikdən ta əsas komandanın baş məşqçisi vəzifəsinə kimi yüksəlib. 2018/19 mövsümündə  “Krasnodar”ı Avroliqada 1/8 finala qədər gətirib, 2019/20 mövsümündə isə bu klubu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Və indi bu mütəxəssis “Sabah”, deməli, həm də Azərbaycan futbolu üçün çalışır. Nələr edir, necə çalışır, biz bunu “Sabah”ın oyunlarında görürük. Yəni Musayevin vizit kartı onun komandasının meydandakı oyunudur və əlbəttə, həm də özünün təmkinli və təvazökar davranışı, soyuqqanlılığı, publikaya hesablanan yersiz açıqlamalar verməməsi. 

Bəli, 39 yaşlı mütəxəssisin bacarığı, yüksək futbol intellekti sayəsində biz futbolumuzda sabahı işıqlı görünən bir kollektiv görürük. Komandanın oyun dəsti-xətti, ümumən doğru və keyfiyyətli futbolçu seçimi ona ümid yaradır ki, “Sabah” zamanla tək ölkədaxilində deyil, Avropada da uğurlu çıxış edəcək. Klubun bugünkü maddi təminatı, infrastrukturu, şəraiti Azərbaycan reallığı üçün yaxşı səviyyədədir. Amma daha vacib olan həm də “Sabah”ın sahibləri və rəhbərliyinin Musayevə indiki inam və dəstəklərinin davam etməsidir. Yəni rəhbərlik tək uğurlar yox, uğursuzluqlar zamanı da məşqçisini qorumalı, onun yanında durmalıdır. Yoxsa yaxın gələcəkdə küyə və mümkün nəticə(sizli)yə aldanıb istedadlı məşqçinin işinə mane olmaq, yaxud onunla yolları ayırmaq ciddi səhv, çəkilən əziyyətin üstündən xətt çəkmək olar. Necə ki, Qurban Qurbanov zamanında “Qarabağ” rəhbərliyindən bu dəstəyi gördü, yekunda uğurlu bir komanda formalaşdırdı. Eyni ilə “Sabah”da da rəhbərlik-məşqçi birliyi daimi olmalıdır. Murad Musayev isə bunu uğurlu nəticələri ilə cavablandlrmalıdır. Onun potensialı sabit oyun sistemi və nəticələri olan komanda yaratmağa imkan verir. O komanda da hazırda formalaşma mərhələsindədir.

İndilikdə isə Musayevlə bağlı qeydləri bu fikirlərlə tamamlamaq istərdim: biz heç vaxt kütləvi olmamaq şərti ilə legionerlərin (məşqçi ya futbolçu) ölkəmizə gətirilməsinin əleyhinə çıxmamışıq. Çünki hamı dərk edir ki, bizin özümüzünkülər kimi, legionerlərin içində xeyirverici və ziyanvericilətər olur.

Berti Foqts, Nikola Yurçeviç, Yurgen Gede (və sair) kimilərin bizə yalnız ziyanı dəydi. Amma Roman Qriqorçuk “Qəbələ”ni dalbadal iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla xeyir verə bildi. Yəni ölkəyə əcnəbi məşqçi gətirilirsə, onun nəticələri, faydası da aldığı maaşa layiqli olmalıdır.

Bugünkü gündə Murad Musayevin işinin faydası kimi.

Və sonda. Musayevin hazırkı mövsüm inanıb qapını etibar etdiyi futbolçu Yusif İmanovdur. O, Premyer Liqada 22 matçın hamısında start heyətdə meydana çıxıb. Yusifin 20 yaşı var və ad-soyadından göründüyü kimi, bu gənc istedad azərbaycanlıdır…

 


TƏQVİM / ARXİV