Nicat Novruzoğlu: Kiçik məmurun ikiminlik Gəncə səbəti 

NİCAT NOVRUZOĞLU
5484 | 2021-11-24 14:16

  Elə bilməyin ki,  gələn ilin istehlak səbətinin qiymətindən yazmışam. Yox! Nəyimə lazımdı?! 205 manata görə kimdi əlin klaviaturaya uzadan?!  Həm də ki, pələng ilinin səbət qiyməti 2022-nin adına uyğun gəlmədiyi üçün onu qələmə almağına dəyməz. Yoxsa səbət nərildəyər.

Bu səbət xalq arasında Gəncə səbəti kimi tanınan səbətdir. Onun haqqında çoxlarınız eşitmiş olarsınız. Bəlkə də kiminsə qapısında və ya maşının yük yürində görmüş də olarsınız. Amma inanmıram ki, sizin qapınıza belə bir səbət gələ. Və yaxud da siz kimin üçünsə belə bir səbət bağlatdırasınız. Heç mən də o xoşbəxt anı yaşamamışam. Səbəbi sadədir. Bu yazını yazan da, oxuyanlar da göydən səbətlə düşənlərdən deyil. Yalnız səbətlə göydən düşənlər bu Gəncə səbəti ilə bağlı bütün incəliklərə bələddirlər.

Deyirlər ki, bu səbəti indi müxtəlif yerlərdə  doldururlar. Amma harda doldurulmasından asılı olmayaraq adı elə yenə də Gəncə səbəti adlandırılır. Çünki neçə illər bu səbətin içi Gəncə bazarında doldurulub.

Həyatım boyu bir dəfə görmüşəm Gəncə səbətini. O da babat bir məmurun dövlət maşınının yük yerində. Səbət yük yerinin demək olar ki, tamamilə tutmuşdu. Bir nəfərin işi deyildi deyə ikimiz köməkləşib onu bir maşının yük yerindən digərinə daşıdıq. Məni kömək üçün çağırmışdılar.  O gün bu dövlət maşınının “baqaj”ına paxıllıq etdim. Bu “baqaj”ın gördüklərini heç təsəvvürümə gətirə bilmədiyim üçün. Bu “baqaj”lar nələr yaşayıb, nələr daşıyıb. “Baqaj”a baxanda adam özündən utanır. Biz də maşınımızın “baqaj”ına bir ağız dolusu “baqaj” deyirik ey... İl uzunu soğan iyi verir.

Hər nə isə. Sürücüdən səbətin ağırlığının səbəbini soruşdum. O da başladı səbətin içindəkilər barədə danışmağa. Dolların 78 olan vaxtlarında rəqəm gəldi çıxdı təxminən 1000-1100 manata. Gəncə səbətinə təxminən bu qiymətlik bazarlıq yığılmışdı.  Necə deyərlər, quş iliyi, can dərmanı. 

O gün yeriniz məlum, başınıza gəlsin, vəzifə sahibi olan birisi ilə söhbətləşirdik. Söhbəti ili dəyişən bayramdan salıb  bildirdi ki, gərək 3 dənə Gəncə səbəti bağlatdıram. Birin rəhbərin müavininə, birin “kurator”a, birin də ki, idarə rəisinə.  Tələsik soruşdum ki, neçəyə başa gələr o səbət? Guya ki, mən də kiməsə yollamaq fikrindəyəm. Neyniyim? Adam sıxılır da. Gərək yağmasan da guruldayasan. Dedi ki, 2 min manata. Boğazım necə qurudusa heç udquna da bilmədim. Necə udquna bilərdim ki, mənim hesabımla yeməyib, içməyib 4 ayın pulunu yığmalısan ki, bir səbət eləsin. Bu bir yana heç göndəriləsi vəzifəlim də yoxdu. Səbət bir dərddi, vəzifəlisiz qalmaq bir dərd.

 Amma söhbətləşdiyim kiçik məmur bu səbətin üçünü birdən bağlatdırmağı planlaşdırır. Deyir ki, hər il səbət bağlatdırmasam rahat ola bilmərəm. Bu mənim sığortamdı. Yolladıqlarım başa düşür ki, diqqətciləm.

Sonra səbətşünas həmsöhbətimlə dərdləşə-dərdləşə söhbəti saldım səbətin içinə. Dirəşdim ki, iki min manata bura nə qoyurlar ki? Məlum oldu ki, mənim 2 min manatı yerləşdirə bilmədiyim səbətin içindəkilər elə həqiqətən də iki minlik imiş. Sadəcə, mən onlardan nə vaxtdı yemirəm deyə yaddaşımdan siliniblər. Məsələn, balıq kürüsü. Yəni ikra. Bu səbətə iki cür kürü qoyulur. Mələməmiş quzu qoyulur. Pulu qızıl olan balıq qoyulur. Təzəcə qar dimdikləmiş hinduşka, yanında da kənd çolpası, qarışıq ləpələr, qaymaq, camiş qatığı, motal pendiri, nehrə yağı, Gəncə goyərtisi, mürəbbə, bal, meyvələr cürbəcür, dağ çiçəkləri, meyvə quruları və s.(Bu “və.s” üçün Sizdən üzr istəyirəm. Sadəcə saydıqlarını beynimdə tam saxlaya bilmədim.)   Goy kətəsi də öz yerində. Bir küncdən də babat qiymətə spirtli içki. Diqqətçil məmur bildirdi ki, o viski qoydurur.

Uzun sözün qısası səbət içində bir bazar. Səbət özü boyda bir dünya imiş. Hesablamaqdan beynim şişib oldu səbət boyda...

İstədim vəzifə sahibinin maaşını soruşum, gördüm ki, bu artıq sualdı. Maaşla Gəncə səbəti olar?! Təxmin etdim ki, bunun işi  qaz vurub qazan doldurmaq deyil ey, bu nədirsə səbət doldurmağa hesablanan işdi.

Day nə yazım ey?! Özünüz hesabınızı götürün də. Hesablaya bilsəniz...

Əgər yazım mədənizi quruldatdısa oxuduğunuz üçün üzr istəyirəm. Üzrü səbətlə əvəzləmək isə mənlik deyil.

 

 

TƏQVİM / ARXİV