Poeziyanın "S klası"nda "S-klas"ların yarpaq tökümü - Aydın Canıyev yazır

AYDIN CANIYEV
3811 | 2022-10-06 10:43

Poeziyanın "S klası"nda "S-klas"ların yarpaq tökümü:

Nə qədər gözlərdə görünməz oldum,

Məni gəzən gözlər islanır harda? - Sabir Yusifoğlu

Azərbaycan poeziyasına nəzər yetirəndə həmişə bu fikirdə olmuşam ki, "bütöv şeir" olan şairi çox azdır - hər misrası olmasa da, hər beyti ayrılıqda sənət əsəri olan yəni! Amma şairlərin tam əksəriyyəti bir misra, bir beyt, bir bənd (qədərincə) şairlərdir. İndi ad çəkməyin yeri və məqamı deyil! İndi poeziyanın "S klası"nda - Sumqayıt cameəsində "S-klas"lardan söhbət gedir.

Şəhərə işıqlar gözündən düşüb,

Sığallı xanımlar nazından düşüb,

Çoxunun arvadı gözündən düşüb, -

Hara aparırsan bu gözəlliyi, -

yazan şairin sorağını almışdım Sumqayıtdan. Sabir Sarvanı deyirəm - Lənkəranda bölgə müxbiri olanda tanımışdım uzaq 90-cı illərdə. "İtmişdi". Məlum olmuşdu ki, AYB-nin Sumqayıt bölməsinə sədr gəlib!

Elə bircə dəfə görüşdük - AYB-də. Onda da xəstəhal idi!

Heç xoşum gəlmir şairin, jurnalistin xəstəhal olmasından! Axırı... sağalmaq olmur, sağollaşmaq olur... həyatla!

Hələ də Səməd Vurğundan üzübəri xəstələnən bir şairi, bir jurnalisti görmədim ki, sağalsın, həyata qayıtsın!

Daha çox demək istədiyim odur ki, adam olun, şairləri, jurnalistləri xəstələndirməyin, "xəstələnməyə qoymayın" demirəm, çünki sizlik deyil!

"S klas"dan bir "S-klas" getmişdi - Sabir Sarvan!

... Mən dəngə-düzəni pozulmuş adamam, güc-bəla axarını tapmışam, birtəhər-bircür yuxumu normal hala gətirmək istəyirəm - əgər bircə gecəni normal yatmaq istəyirəmsə, bu gün tutaq ki, yuxudan saat 13-14 arası durmuşamsa, gərək sabah axşam saat 22-23-ə kimi yatmayam! Belə gecələr üstünlük təşkil etdiyindən, fb-də dostların yazdığını oxuyuram, bəyənirəm, rəy yazıram.

Sabir Yusifoğlu - "S klas"ın daha bir "S-klası" - gecənin hər vaxtı şeir, status paylaşanlardan idi, bəyənən kimi də yığırdı! 2-də, 3-də, 4-də...

Əməllicə rahatlıq gətirirdi zəngi, söhbəti - şirin və özünəməxsus səsi, Cəlilabad şivəsinin cazibədarlığını itirməyən və hələ də itməyən ləhcə çaları, ömrün və gecənin yorğunluğu, xırıltısı dediklərini bir az da ecazkar edirdi!

Sabir Yusifoğluyla nə danışmaq olardı ki, gecə saat 2-də, 3-də, 4-də? Emil Rasimoğlu dəqiq dəyərləndirib: "içindəki ağ işıq" zərrələri ərməğanıydı, şair payıydı!

Artıq səhərə-sabaha əməlli pozitiv enerji ilə qalxmaq qarantiydi! Heç Leyla xanımın da səhər tezdən oyanıb telefona baxanda "Sabir Yusifoğlu" kimdi, gecə saat 2(3, 4)-də danışmısan? Bu da ərinə dərman verib yatırdıb, ərinin telefonuyla sevgilisiylə danışanlardandır?

- Yığardın da təzədən! Gör hansı...ndandır?

- Yığdım, kişi götürdü!

- Hə, Kişi götürüb sənin zəngini! Azərbaycan poeziyasının Kişi imzası!

Bu qısqanclıq krizi də heç gecəki pozitiv enerjinin rəngini qaraltmırdı!

ÇÜNKİ söhbət ağ işıq zərrələrindən ibarət olmuşdu!

Biz hər dəfə söhbət edəndə hər şeydən danışırdıq - bircə uşaqlarımızdan başqa: "Biz ikimiz də uşaqlarımızdan danışacaq qədər xoşbəxt deyildik" demək olmasa da, heç o qədər də rahat deyildik!

Sabir Yusifoğlu elin dahi saydıqlarındandır, evin...

Sabir Yusifoğlu sözün sevdiklərindəndir, evin...

Və... maraqlı olanı buydu ki, Sabir Yusifoğlu elə mənim özüm üçün yazdığım bu fikirlərə görə daha çox simsar olmuşdu mənimlə: biz evi unutduq, eli tutduq!

Az imza var bu ölkədə əvvəlki iki abzasda yazdığımı ona şamil etmək olsun: hamının EVİ fikirləşdiyi ölkədə ELİ tutsun!

Bəzən bizi - o tip adamları heç evində başa düşmürlər (day bu anlaşılmazlığın fəsadlarını demirəm)!

Sabir Yusifoğlunun da, elə mənim üçün Sabir Yusifoğluya görə təsəllim də oydu ki, onun gözəl balaları vardı - şirin nəvəsi və sevimli şair oğlu!

Emin Piri fb-də "dil pəhləvanı" olan "xəşəm balıqları"nın kürülədiklərindən yox, səngərdə silah, sözdə qələm əjdahası olanlardandır - Xəlil Rza Ulutürkün Təbrizi kimi!

Sabir Yusifoğlu bax o qədər böyük kişi, həm də böyük imzadır: oğlunu səngər bir yana, əsgər paltarı geyinməmək üçün gizlətməyə variantlar axtarmayan, dispanserdən xilas etməyə söydüyü kişilərin qapısında boyun əyməyən Böyük Kişi!

Əslində... Sumqayıtı "S klas" saymağımın ilk nədəni odur ki, cəmi Azərbaycan 1945-ci ildən bura toplanıb, hər regiondan təmsilçi var: "mini-Azərbaycan" da demək olar! Və... burada böyük olmaq hər kişinin işi deyil!

Sabir Yusifoğlu Sumqayıtda böyük kişilərin - böyük imzaların etiraf etdiklərindən idi!

Ruhuna sevgilər və səcdələr!

Gerisi də o ki Sabir Yusifoğlunun (səlahiyyətli, hozu, yekəxana, dana, titulu, şöhrəti qabiliyyəti ilə tərs mütənasib olan) heç kimi gerisinin dərisinə almayan özgür Adam olmaqlığı!

Ömrü belə sonlandırmaq hər imzaya da nəsib olmur!

Pərviz Cəbrayıl demiş, gərək ölümə də göyçək doğulasan!

Ölümə göyçək doğulan Oğlan, qəbrini canınla doldurmağın sevincimiz yox, dərdimizdir!

Bir ömrü dostları sevindirməyə imkan tapmadığın ölkənin üstündə bəlkə Yaradanın yanında yeraltı sərvət olmağın O-nun özünə təsəlli ola!

Biz bu acını Sənə qovuşana qədər yaşayacağıq - Sənin çox cazibədar olan gecə zənglərin həm də çox çəkicidir!

Göylərdə görüşənədək!

p.s. Sənin bəyəndiyim bütün şeirlərindən hansını paylaşım ki, ruhun şad olsun, ay Sabir Yusifoğlu?

Yenə də o köhnə ömür, -

səhər evdən, axşam evə.

Ömür boyu yol gedirik, -

oxşar evdən oxşar evə!..

TƏQVİM / ARXİV