"Könül ortağım mərhaba” - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
6243 | 2021-12-06 11:14

Adam var qonşun, qohumun , iş yoldaşın olur, tez-tez görürsən, illərlə tanıyırsan, amma haqqında heç nə deyə bilmirsən, əslində demək istəmirsən. Heç bir yaxınlıq hiss etmirsən.

 O fərqlidir. İmzasını çoxdan tanıyırdım, amma şəxsi tanışlığım yoxdu.   İllər öncə tanış olduq. Elə görüşdük elə bil yüz ildi dostuq. Doğma gəldi. Sonralar da olurdu görüşlərimiz. Bu yazını yazmağa qərar verəndə onunla yazışırdıq. "Bir doğmalıq hiss edirəm sənə qarşı, nədi bu?”-dedi. Təəccübləndim,çünki bir gün öncə onu xatırlayırdım. Hətta sosial şəbəkədə bir-neçə yazısını tapıb oxumuşdum. Bu ruh yaxınlığıdı məncə. Hər gün görüb-görməməkdən asılı deyil.Yaddaşında yeri varsa, doğmalaşır.

 Zəhmətsevərdi. Daim rəngarəngliyə can atır.

Onun vətən sevdalı yaradıcılığı da çox doğmadı mənə. Azərbaycanı İrəvanlı, Qarabağlı, Ərdəbilli sevir Nəzakət xanım Məmmədova.

 "Bölünüb yüz yerə gör bir nə vaxtdı, yurdumun yanında qaradı üzüm” deyən ürəklim başqa cür ola bilməz.

Torpaq deyil , Vətəndi bu,

Çınqılı, daşı doğmadı.

Atamdan, babamdan qalıb,

  Alın qırışı doğmadı .

Vətən obrazı var şeirlərində. Vətən sevgisi onun misralarından ürəyinə axır:

Elə bil səngərtək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu.

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misram döyüşən bir əsgər yolu.

 

Bir insan, bir vətəndaş, bir ana kimi sevir.  Bir qarış torpaq üçün canını fəda edən, bayrağına, himninə, şərəfinə and içən zabit anasıyam mən.- deyir vətən sevdalım. Zabit oğul Ramilin anasıdı-bir qarış torpaq üçün canından keçməyə hazır olan zabitin anası olmaqdan qürur duyur. Ramilə yazdığı "Zəfər nəğməsi” şeirində bir vətəndaşın, bir ananın məğrurluğu, qələbə sevinci var:

Vətən sevgisidir sönməz ocağın,

Qeyrət köynəklidir sənin hər çağın.

Bu vətən boydadır  indi qucağın,

Zəfərin mübarək, komandir oğlum!

 

Arzum ələ yaxıb sevinc hənası,

Dəyərdən ucadır ömrün mənası.

Vətənin qızıyam-zabit anası,

Zəfərin mübarək, komandir oğlum!

 

 

"Mən zabit anasıyam”-deyə qürur duyan ananın oğlu Vətən oğludur elə:

 

Düşmənə "göz dağı"san, gücümsən, qüvvətimsən.

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin "dar günü"ndə səsinə hay verənsən,

Bu torpağa, bu elə, bu Vətənə bağlısan.

Səni Vətənə verdim,

Sən Vətənin oğlusan!

Nə qədər ki, belə analarımız var, bu Vətən yaşayacaq. Vətən pərvanəsi olan anaların oğulları yaşatdı bizə qələbə sevincini.

 

İtginlərə- adsız qəhrəman dediklərimizə  həsr elədiyi şeirin kədəri də özünəməxsusluğu ilə yadda qalır:

 

  Oğul, Vətən sənə təzə ad verib,

Adın mübarəkdir, adsız qəhrəman!

Təpədən-dırnağa vətənləşmisən,

Önündə diz çökür, baş əyir zaman.

Poetik dünyası zəngindir: gözəl duyğulardan, payızdan, qışdan, dağdan-daşdan, həyatımızdan yazır. BIr də ana sevgisi var.O müqəddəs sevgi dil açıb misralarda:

Xəyala sığmayan ilahi eşqin,

Külli-kainata aynadır, Allah.

Analar bir az da sənə bənzəyir,

Bəlkə də bir adın anadır, Allah.

 

Vətən uğruna canından keçənlər də onun qəhrəmanlarıdır,bu qəhrəmanları dünyaya gətirən analar da.

            Vətən”, "ana” sözü tən yaranıb, tən,

Bu inam üstünə qoy enməsin çən,

Qoy baxıb üzünə sevinsin Vətən,

Sil göz yaşlarını, şəhid anası.

 

Şəhid analarına "sil gözünün yaşını” deyir, çünki ilin qış fəslində Qarabağa bahar gətirən oğulların anası gözü yaşlı ola bilməz.

Sevincə bax bulaqların gözündə

Qəlbi gülür dərənin də düzün də

Şəhid qanı çiçəkləyir üzündə

Qarabağa bahar gəlir , İlahi

 

Yaradıcı insanlar fərqli olur məncə. Eynu duyğuları hamı yaşaya bilir. Amma hamı bir musiqiyə, tabloya, bir şeirə çevirə bilmir. Əslində bu təkcə istedad deyil, xoşbəxtlikdi. Bu xoşbəxtliyi yaşayanlardandı Nəzakət Məmmədova.  Nəzakət xanım "Mərhaba” şeirində yazır:

Ruhun gəzər cahan-cahan

Cahanlara sığmaz bu can

Mətləblərə qapı açan

Könül ortağım mərhaba!

Bir-birimizi ünsiyyətlə tanıyırıq. Şairlərisə görmədən şeirləriylə tanıyırıq. Onu oxuduqca yenidən tanıyırsan və demək istəyirsən "Könül ortağım mərhaba”.

 

TƏQVİM / ARXİV