Şair ömrü - Vaqif Yusif yazır

VAQİF YUSİFLİ
912 | 2024-10-10 09:53

(Adil Cəmilin – 70 yaşına)

 

İllər nə tez gəlib keçdi.Onunla tanışlığımızdan az qala əlli il keçir. Keçən əsrin yetmişinci illərində gənc şair kimi tanıdığım (sonralar bu tanışlıq əsil dostluğa çevrildi) Adil Cəmil 70 yaşına gəlib çatdı. Ancaq mən ona  nə yaşlı, nə də ağsaqqal – qoca şair deyə bilmərəm. Mənim nəzərimdə Adil Cəmil hələ də cavandır.  Ümumiyyətlə, əsil şairin yaşı onun şeirlərinin yaşı ilə ölçülməlidir.

 

Adil Cəmil 1954-cü il oktyabrın 8-də Kəlbəcərin Kilsəli (sonradan Günəşli) kəndində anadan olub. BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. “Yazıçı” nəşriyyatındaçalışıb,  “Həqiqət”, “Binəqədi”, “Maarifçi”, “Bakı” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. 2002-ci ildən isə “Ədəbiyyat qəzeti” redaksiyasında  çalışır və indi də o qəzetdə baş redaktor müavinidir. İyirmidən artıq şeir,  publisistika və tərcümə kitabları işıq üzü görüb.

Adil Cəmilin ilk şeiri– “Bahar” 1970-ci ildə “Mingəçevir işıqları” qəzetində dərc  edilib. İlk şeirlər kitabı – “İşıqlar, pərvanələr” isə 1980-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb. İlk şeiri 16 yaşında, ilk kitabı  isə 26 yaşında... Bir şairin ədəbiyyata gəlişi və etiraf olunması üçün bu 10 il kifayət qədər yetərlidir. Yəni Adil Cəmil hay-küylə, “mən varam ha”  iddiası ilə ədəbiyyata gəlməyib. Onu poeziyaya gətirən  daxili bir inam olub, poeziya sevgisi olub.

Adil Cəmil kənddə, gözəl təbiət qoynunda doğulmuşdu və ilk şeir kitablarında (“İşıqlar, pərvanələr”, “Gündoğandan günbatana”, “Aylı Gecə nağılı”, “Sözümün canı var”) toplanan şeirlərin əksəriyyəti də onun kənd, təbiət, ocaq duyğularını  ifadə edirdi. O illərdə kəndə, təbiətə aid çoxlu şeirlər yazılırdı.

Adil Cəmil də o şeirlərdə  təbiətə səyahətə çıxır, aylı gecələri, zirvələri, buludları, yağışı, dağı, vəsf edirdi.

Alça çiçəyitək ağappaq yağış,

Mənim pəncərəmdə puçurlayıbdır.

İldırım çırpdıqca boz buludları

Torpağın “dodağı” uçuqlayıbdır.

 

Boz bulud üzümə bozarıb mənim,

Ağ yağış yamanca ağ eləyibdir.

Bulud damcı-damcı tökülüb yerə,

Yağış çəmən-çəmən çiçəkləyibdir.

 

Bir bəyaz  gözəllik məni ləngidir,

Burda uşaqlaşıb nağıl gəzirəm.

Qayalar Şəmşirin qıfılbəndidir,

Sirrini açmağa oğul gəzirəm.

 

Adil Cəmilin şeirləri ədəbi mühitdə müəyyən əks-səda doğurdu. Xalq şairi – ustad Bəxtiyar Vahabzadənin “Söz məcaza çevriləndə” məqaləsini xatırlayıram. (səksəninci illərdə yazılmışdır). “Kitabını oxuculara təqdim etdiyimiz Adil Cəmil nə gözəl deyib: “Yüksüz  kəlmələrin yükü ağırmış”. Əvvala, fikrin bu şəkildə deyilişi qeyri-adi olduğu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axı, bir şey ki, yüksüzdür, o, necə ağır ola bilər?

Bu ağırlıq fiziki ağırlıq deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə deyil, hisslə ölçürlər, o şeir ki,  hisslə, mənəviyyatla ölçülür – bu özü şeirdir.

Adil Cəmil istedadlı şairdir, xalq şeirini, folkloru bilir, ifadələri səlis və obrazlıdır”.

Adil Cəmil bu gözəl təbiət şeirlərini Azərbaycanın nadir gözəllik mənbəyi olan Kəlbəcərə həsr etmişdi. Amma doxsanıncı illər gəldi,  Kəlbəcər işğal olundu  və Adilin şeirlərində ovqat dəyişdi. Poeziyamızda Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı çoxlu şeirlər yazıldı, xüsusilə, Qarabağ həsrəti, şəhidlik mövzusu Adil Cəmil də səsini “poeziyanın” səsinə qatdı. “Qan borcu” poeması  20 Yanvar faciəsinə həsr olundu:

Qarabağın hər qarışı,

Ruhumuzun vətənidir.

O, çırpınan bir ürəkdir,

Azərbaycan – bədənidir.

 

Şəhidlərin ayağı

Dəyən yerdə gül bitib.

Harda ki, qan tökülüb

Orda qərənfil bitib.

Adil də öz şeirlərində qələbəyə böyük inam bəsləyir. Və bir çox şeirlərində bu inamı ifadə edirdi:

Daha bəsdir bu göz yaşı,

“Ayağa qalx, Azərbaycan!”

Səni belə yandıranı

Yandırıb yax, Azərbaycan!

Adil Cəmil müasir şairdir, yəni şeirlərimizin yeniliklərini duyur. Onun müasirliyi təkcə həyat hadisələrinə, dünyada və məmləkətdə baş verən hadisələrə özünəməxsus yanaşır.

Həm hecada, həm də sərbəstdə təzə söz deməyə, yəni sözə ehya verməyə  can atır. Onun xalq şeiri formalarına müraciəti cinaslı bayatılarında da nəzərə çarpır:

Aranı,

Gün yandırır Aranı.

Vətən qürbətdə qaldı,

Açan varmı aranı?

 

O da yağı,

Bu dostdur, o da yağı.

Haqq əyilməz sütundur,

Kim əyər o dayağı.

Adil Cəmil qırğız xalqının möhtəşəm eposu – “Manas”ı dilimizə tərcümə edib. O,   “Manas”mövzusunda namizədlik dissertasiyası da müdafiə edib, elmlər namizədidir.

1995-ci ilin avqust ayında Ulu öndər Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Qırğızıstanda keçirilən “Manas – 1000” beynəlxalq yubiley tədbirinin iştirakçısı olubdur.

70 yaşlı Adil Cəmilə yeni yaradıcılıq uğurları arzulayıram

TƏQVİM / ARXİV