SEVGİSİNİ, KƏDƏRİNİ ŞEİRƏ ÇEVİRƏN ŞAİR - Fəridə Rəhimli yazır

FƏRİDƏ RƏHİMLİ
4105 | 2023-12-22 15:34

Bu gün ədəbi müstəvidə  özünü təsdiqləmiş, şair-publisist  Əbülfət Mədətoğlu şeirlərinin ilk oxucularından biri kimi əminliklə deyə bilərəm ki, o, şeir yazmaq fikriylə şeir yazmır, gündəlik təəssüratlarını, duyğularını, etirazlarını, sevincini, kədərini, heç kimlə etmədiyi, edə bilmədiyi öz-özüylə etdiyi söhbətlərini vərəqə köçürür.

Mən o qədər tənhayam ki,

Bunu ancaq Allah bilər...

Mən elə bir səhrayam ki,

Burda ancaq kədər bitər…

 

  Bu şeirlər eyni zamanda sanki onun  biriylə ömrü boyu  davam edən söhbətidi. Ona görə də şeirlərini bəzən redaktə etmədən digərinə keçir. Və təbii ki, biz  hər  birimiz  söhbət edərkən sözlərimizi redaktə etmədən danışırıq...

Onun güclü müşahidə qabiliyyətini həmişə sezmişəm. Və bunu şeirlərinə yansıtarkən maraqlı, fərqli bir hiss yaranır. Hər kəsin baxdığı, amma hər kəsin görmədiyi, kiçik saydığımız, amma oxuduğumuzda düşündürən fikirlər. Məsələn,

 

Oxşadığın hər gülün

Bir-birindən tər gülün...

Yazındakı vergülün -

Butağına qısqandım...

 

 Vergüldə buta olduğuna mən şairin bu şeirinə qədər diqqət etməmişdim. Və yaxud,

Bəxtəvər ipək qurdları

Ölür evinin içində...

  Bu, qaçqınlıq illərində ev-eşiyindən didərgin düşmüş, ruhunun iki yerdə - biri bədənində, digəri yurdunda qalan şairin o ipək qurduna həsədi idi...Və o böyük qibtənin bir qurdla müqayisəsi bizim görmədiyimiz ağrılı müşahidə idi...

Şairin şeirlərindəki çoxlu bənzətmələr diqqət çəkir və film kimi insanın gözü önündə canlanır.

Susmuşam... öz içimin

Divarının dibində...

Gülür mənə uzaqdan -

Təklik, əli cibində!..

 

“İçinin divarlarının dibini” və “uzaqdan ona gülən əli cibində olan təkliyi” siz də görə bildinizmi!?.

Şeirlərində tez-tez dialektləri istifadə etdiyini oxucuları bilir. Əvvəllər bunu ona irad tutardım, sənin bölgəndəki insanların anladığını başqa oxucuların anlamaya bilər deyə. Amma o, “biz bu ayrıcalıqlarımızla birik, zəhmət çəkib öyrənsinlər” dedi və mən bir daha bu söhbəti açmadım.

Əbülfət müəllimin şeirlərini şənlənmək, “tost” demək üçün əzbərləmək fikrinə düşməyin, çünki onun şeirləri daha çox əlçatmaz sevgiyə,yalnızlığa, düşünməyə, kədərlənməyə, hicrana, həyatın sevincli tərəfinin qəmli tərəfindən az olduğuna, insanların məzar ziyarətindəykən qəbul etdiyi - həyatın fani olduğu düşüncəsinə olan əminlik çalarlarıyla zəngindi.

Bir  təklikdi, bir  sükutdu, birdə  ki

Dörd  divardı - söhbət  edir  bu  adam!..

Çiynindəki   günahlardı,  yerdəki -

Öz-özünü  töhmət   edir   bu  adam...

 

Amma son zamanlar otuz il qaçqın həyatı yaşamış, torpaq, yurd həsrətinin ağırlığını çiyinlərində daşımış şairin şeirlərində,şəhidlərimizə rəğmən, az da olsa nikbinlik, qürur, sevinc çalarları da hiss edildi şükürlər olsun! Otuz illik kədərini içində daşıyan Əbülfət müəllimin bir an üzündə sevinc görmək dəyişik bir təəssüratdı...

 

Bu payız, ömrümün baharı oldu,

Gözü aydın olsun torpağın, daşın!..

QƏLƏBƏ əbədi vüqarı oldu -

Sildi Qarabağım gözünün yaşın!..

 

 Amma bu sevinc də hələ  son  deyil – 65  yaşını qeyd  etdiyimiz  şair yenə Məcnun libasını geyinib, xəyali Leylasını aramağa getməkdədi...

TƏQVİM / ARXİV