Şükür - Nicat Novruzoğlu yazır
 

NİCAT NOVRUZOĞLU
4927 | 2022-04-30 12:05

Bu günümüzə min şükür. Hər gün şükür. Gündə min kərəm şükür. Şükür demiyən dillər qurusun.

Şükür ən çox sevdiyimiz, tez-tez səsləndirdiyimiz, güvəndiyimiz, dua kateqoriyasına aid olan və təşəkkürlük missiyasını yerinə yetirən bir zaddı. Həqiqətən zaddı. Və bu şükür elə bil zaddı ki, bu zada hər kəs müraciət edir. Qalib də uduzanda, döyən də döyülən də, udan da uduzan da, alan da satan da, yıxılan da yıxılmayan da və s

Şükür elə belə zad deyil. Bütün söhbətləri şükür bağlayır. Bağlanan söhbətdə bağlanan da şükür edir bağlayan da. Demək olar təxminən bizim şükürümüz avtoritet kimi bir şeydi.

Şükür həyatımızın bir hissəsidi. Elə ağız yoxdur ki, ordan şükür çıxmasın. Hərə şükürü bu dünyada bir cür görür. Hərə şükürə bir cür yanaşır.

Belinə daş düşür deyirlər ki, şükür ki, başına düşməyib.

Evin yanır deyirlər ki, şükür ki, canın sağdı.

Çörəyin qiyməti qalxır. Deyirlər şükür et ki, tapa bilirsən. Vaxt var idi gecədən çörək növbəsinə dururduq.

Meyvə-tərəvəzin qiyməti qalxır. Elə ölkələrdən qiymətlər sadalayırlar ki, deyirsən bu qiymətə şükür.

İnfilyasiya baş verir. Elə statistika misal gətirirlər ki, min şükür deyirsən.

Ər arvad boşanır. Arada uşaq varsa da şükür deyirik, yoxsa da şükür deyirik.

Maşın adam vurur. Sağ qalanda da şükür, öləndə də şükür.

Ölümdən söz düşmüşkən şükür o qədər girib ki həyatımıza, hətta ölümümüzdə də şükür var. Özü də cürbəcür variyantda. Yatıb durmursan deyirlər ki, yenə şükür ki, əziyyət çəkmədən gedib. Yatıb durub ölürsən deyirlər ki, yenə şükür ki, son dəfə əzizlərin görüb getdi. Uşaqları evləndirməmiş ölürsən deyirlər ki, yenə şükür ki, yerbəyer etdi. Yatıb durub subay variyantda ölürsən yenə də deyirlər ki, şükürki subay öldü, uşağı olsaydı yetim qalasıydı. Hansı formada ölməyindən asılı olmayaraq şükür ordan üzü ağ çıxır.

Elə mənim özüm də az şükür deyən deyiləm.

Bax elə bu yazını yaza-yaza şükür edirəm ki, nə yaxşı ki, MEDİA var. O bizə pul ayırmasa harda işləyib maaş alardıq?! Şükür ki, vaxtında evlənmişəm. Yoxsa indi evlənmək olar?! Şükür, siqareti atmışam, çörəklə vidalaşmışam ki, bahalığı bu variyantla sığortalayım. Şükür ki, bu çörək pulu var, ümumi büdcəmizə köməkdi. Şükür k, rayon işğaldan azad edildi. Yəqin ki, bir geniş ev verərlər canımız qurtarar bu beş nəfərin yaşadığı birotaqlı mənzildən. Şükür ki,...

İşğaldan söz düşmüşkən bu, günün ən böyük ŞÜKÜRÜ Qarabağdı.

 

TƏQVİM / ARXİV