Sosial mediada ara-sıra süpürgəçi qadınların videoları paylaşılır. Məqsəd də bu olur ki, insanlara halal çörək qazanmağın dəyəri aşılansın. Biri yazır ki, şükür, pozğunluq etmir, alın təriylə qazanır. Digəri yazır ki, ölkədə vəziyyət budur. Və sairə və ilaxır.
İnsanların süpürgəçiliyə bu münasibəti haradan qaynaqlanır?
Bu işə bu cür yanaşan insanların 99 faizinə süpürgəni uzatsan ki, çıx, küçələri süpür, etməz. Bəlkə də bu səfərlik edər, amma ömrünü süpürgəyə bağlamaz. Heç vaxt!
Çünki cəmiyyət üçün ən aşağı iş süpürgəçilikdir. Süpürgəçi olmaq üçün universitet bitirməyə gərək yox, dünya görüşü lazım deyil. Süpürgə və küçələr, vəssalam!
Amma...
Təmizlik ən ali şeylərdəndir bu həyatda. Süpürgəçilər isə hər gün bu ali anlayışa xidmət edir. Səhər sübh çağı, günorta, axşam. Maşın vurub ölənlər də olur, iş başında ürəyi tutub ölənlər də, xəstəlik tapanlar da.
Cəmiyyət əvvəlcə özü natəmiz olmaqdan çəkinməlidir. Küçələrdə haraya gəldi zibil tullamamalı, mədəni həyata qədəm qoymalıdır. Ki, şəhərin təmizlik işi ağırlaşmasın. Məncə süpürgəçilərə ən böyük hörmət bu olar, nəinki “duyğu sömürüsü” etmək. Dövlət də bu sahəyə texniki dəstək verməlidir. Ən azından böyük prospektlərin, parkların təmizliyini texnika yerinə yetirməlidir.
Təmizlik ən ali şeylərdəndir bu həyatda...
Ən ali...