Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
1814 | 2024-10-16 10:44

Ona “gənc şair” demək istəmirəm. Həm yaşına görə (40 yaşı astanasındadır), həm də şeirlərinin artıq  gənclik sınağından keçdiyinə görə. Vasif Əlihüseyn fikrimcə, şairliyin yetkinlik dövrünə qədəm basıb. O, şeirin poetik cazibəsində özünü rahat hiss edir, nə yazdığının və həm də necə yazdığının fərqindədir.  Məsələ ondadır ki, Vasifin hər hansı şeirini oxuyanda narahatlıq hissi keçirmirsən,  çünki şeirə məxsus ab-hava səni özünə çəkir. Olsun ki, bəzi şeirlərində ifadə olunan fikirlərlə və bədii ifa baxımından nəzərə çarpan ara-sıra qüsurlarla.

Vasif Əlihüseynin şeirləri onun  yaşadığı hisslərin, keçdiyi həyat yolunun bəlirtiləridir desək, doğru olar. Şair özünü, öz duyğularını ifadə edir, – fikri nə qədər doğru olsa da, bu özünüifadədə bizim də həmrəy olduğumuz məqamlar olur.

Vasifin “Azmış kimi” şeirlər kitabında Ana itkisiylə bağlı neçə-neçə şeirlə qarşılaşdıq. Doğrudan da, bu həm bir insanın ana itkisidir, həm də anasızlığı yaşayan çoxlarının. Ana itkisiylə bağlı şeirlərdə oğul həsrətini necə ifadə etmək olar?

Sən də belə getdin, ana,

Sakitcə, fağır-fağır.

Göylərin üzündən yağı,

Mənim gözümdən yaş yağır.

 

İndi susmaq budu mənə,

İndi ayrılıq budu.

Sənin yoxluğun mənə

İtkilərin böyüyüdü.

 

Çox yatdın, deyəsən, burda,

Gələn var e evimizə.

Nə var bu qaranlıq yerdə?!

Dur, çıx gedək evimizə.

Bu hissi, bu ana həsrətini təkcə Vasif Əlihüseyn çəkməyib, elə şeirimizdə də və təkcə şeirimizdə deyil, ana itkisinə məruz qalan çoxumuzda yaşayırıq. Böyük şairimiz Məmməd Arazın bu misrasını xatırlayaq: “Ana itirmişəm ana yaşında”. Vasif Əlihüseynin analı şeirlərində Ana obrazı mərkəzi xəttdir. Yənitəəssürat budur ki, ana itkisi heç də ana yoxluğu demək deyil. Əgər bu itki oğul ürəyində, hissində, duyğusunda yaşayırsa, demək, ölümdən yox, əbədilikdən söz açıla bilər. Çünki ana evin hər küncündə, övladlarının sevgisində, onu tanıyanların xatirələrində yaşayır və yaşayacaq. Baxın:

Anamın bişirdiyi yemək kimidi yaşamaq indi.

...anamdan sonra

heç kimin gedişinə ağlaya bilməyəcəm, onsuz da

bütün qadınların çıxıb getməyi imiş

anamın getməyi...

...yadımdadıanam öləndə

ən çox o təndirin başında ağlamışdım...

anamdan sonra heç bir qadın

o təndirə çörək yapmadı...

Deyək ki, son illərdə Ana haqqında bu qədər yaşantılı, ürəyə yol tapan şeirlər yazılmayıb.

Ancaq onu da qeyd edək ki, Vasif Əlihüseyn xatirə (uşaqlıq, gəncliklə bağlı) motivlərinə daha çox müraciət edəndə uğur qazanır.

Vasifin  kitabına ön söz yazan şair – “Ulduz”un baş redaktoru Qulu Ağsəs yaxşıca qeyd edir ki, ana itkisi təkcə ana itkisi deyil, digər mövzularda da öz bədii həllini tapır.

Müharibə şeirlərində güllə əsgərə dəyir,

Amma ana şəhid olur,

Sevgidən yazanda atılan oğlandı,

ancaq üzünü iztirabdan həlak edən anadı,

ataya həsr etdiyi nəzmdə də anadan söhbət gedir – duaları  düşməni cavab atəşilə susduran anadan!

Əlbəttə, Vasif Əlihüseynin şeirlərini təkcə bir mövzu ilə məhdudlaşdırmaq olmaz. O, müharibədə həlak olan atalardan, şəhidlərdən, yaralı əsgərlərdən, kəsilmiş ayaqlardan və sevgidən (uğursuz sevgidən) yazanda da içindəki o ağrı hissini bizimlə bölüşə bilir.

Vasif İkinci Qarabağ müharibəsinin şairidir və bir çox yaşıdları kimi müharibənin doğurduğu itkilərdən söz açır. Həm də bu şeirlərdə ritorikaya, pafosa yol vermir, daha çox metaforalara üz tutur. “Atamın ayaqları” şeirinə üz tutaq.

Evimizin üstündən uçan “vertalyot”lar

müharibəni xatırladar

ona görə, əllərini

ağızlarına vura-vura qışqırar kənd uşaqları.

 

əmim incik düşdüyü adamlarla,

“protez” əli ilə görüşər.

 

Barmağını

müharibədə itirmiş atalardan

yarımçıq saymağı öyrənər uşaqları.

 

Atamın “protez” ayağı

ən sevimli oyuncağım olub

nə olduğunu bilməyənə qədər.

 

O vaxtdan anamın səsi qalıb qulağımda:

- Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!

Vasif “Çimnaz xala”, “Yaralı əsgərin ilk addımları”, “Şəhid Tural”, “Şəhid Həsən”, “Xocalı faciəsinin qurbanlarına” şeirlərində də eyni bədii priyomla hərəkət edir, yəni sadə poetik təhkiyə yolunu seçir, amma şeirin vacib bədii təsvir üsulları ilə şeirə naxış vurur. “Qızım Şuşa” şeiri belə başlayır ki,  “şəhid kapitan Elçinin yeni doğulan qızına Şuşa adı verilib”:

Mən Şuşanı çox sevirdim, qızım,

Şuşaya gedib çıxa bilmədim...

yolda şəhid oldum,

amma ölmədim...

Məndən sonra adını

Şuşa qoydular, qızım,

mən sənə gələ bilmədim...

Şuşanın qəhrəmanı olmağı düşünürdüm,

amma atası oldum,

uzanıb torpağında

yatası oldum, qızım,

Şuşa qızım,

yanaqların Cıdır düzüdü,

bulaqları gözündü,

küləyi nəfəsindi...

Vasif Əlihüseynin poetik leksikonunda üçüncü itkinin mahiyyəti sevgi ilə bağlıdır – bu sevgi  ailə həyatındakı ayrılıqla müvazidir. Qadın evi tərk edib (səbəbləri açıqlanmır), dünya, mühit, hər şey onu sevən insan üçün xaosa – zindana, hətta mənasız həyat tərzinə çevrilib. Bu tipli, bu mövzulu şeirlər bizim poeziyada həddindən artıq çox yazılıb. Hamısı ayrılıq adlı bir müstəvidə birləşir. Amma Vasif Əlihüseyndə bir fərdin –lirik “mən”in yaşadığı hisslərin ifadəsi kimi mənalanır.

Təbii ki, bu ayrılıq “Qurtuluş bayramı”  kimi “qeyd olunsa da”, əslində, belə deyil. Çünki bu ayrılığın kökündə sevgi dayanıb, əsl sevgidə anlaşılmazlığa və nəticədə şairlərimizin “dar ağacı” kimi mənalandırdığı ayrılığa da asanca yol var. Əsl sevgi (lap əsl olmasın)  unudulmur.  Vasif Əlihüseynin  poetik lüğətində də “Unutmaq” sözü tez-tez təkrar olunur. Baxın: bu ayrılıq sevən insanın ümidsizliyinə yox, ümidinə, nikbinliyə aparır.

O qədər darıxmışam ki,

sevdiyi qıza qovuşmaq üçün

təqvim qaralayan əsgər kimiyəm

 

heç nə bilmirəm,

bir dəfə gələsən,

özü də bir dəfə.

və görəm ki, gəlmisən,

hiss edəm ki, qazanım qaynayacaq

evim təmiz olacaq,

daha deyinməyəcəm

boğazı qartmaq bağlamış

köynəklərimi yumaqdan

 

Hiss edəm ki, yaşayacam,

ömrüm uzun olacaq....

Və bir də:

Sevgiyə tamarzı ürəklərimiz

Əlini açıb dua etdi Allaha

sevmək üçün

Ümumiyyətlə, Vasif Əlihüseynin  sevgi şeirlərində o ali hissin ucalığı, müqəddəsliyi də təbliğ olunursa, ayrılığa sədd çəkməli fikri özünü doğruldur.

Bu yazıda Vasif Əlihüseynin  bir şair kimi poetik istedadı ilə rastlaşdıq. Onun şeir texnikasına yaxşı bələd olduğu məlum oldu. O, müasir şeir mədəniyyətinə yiyələnə bilib. Təkcə itkilərdən yazmır, həm də ömür-gün,  Allaha inam, həyatın reallıqları haqda da düşüncələrini ifadə edə bilir.

 Amma bəzi iradları da bildirək.

1.Vasif Əlihüseyni bədbin  şair adlandırmaq olmaz. Amma itkilər məyyusluq da doğurur. İstər-istəməz onun bəzi şeirlərində bu məyusluq bədbinliyə də,  üzücü hissə qapılmağa da yol açır.

2.Vasif Əlihüseynin   bir şeiri var – “Qadınsız kişilər”. Fikrimizcə, bu mövzuda 3-4 şeir kifayət idi. Qalan bu mövzulu şeirlərdə umu-küsü həddini aşmasın gərək.

3. Sevgi şeirlərində daha çox “qadınsız kişi”nin evinin içi görsənir. Pəncərəni açsın, çölə, işıqlığa boylansın.

4.Bəs bu günün həqiqətləri? Yaşadığımız bu dünya, mühitimiz necə? Bunları görmək  gərək?!  “Qadınsız kişilərdən” 100 şeir yazmaq olar, amma atanın protez ayaqlarından, şəhid Turaldan şeir yazmaq daha önəmli!

Vasif Əlihüseynin 40 yaşına 1 il qalır. Ona indidən yaradıcılıq  axtarışları ilə yoluna davam etməyi arzulayıram!

TƏQVİM / ARXİV