Yeni il və O BÖYÜK INSAN - Kəmalə ABIYEVA yazır

KAMALƏ ABİYEVA
4547 | 2021-12-28 11:40

Yeni ili qarşılamağı çox sevirəm. Çoxları sevir bu bayramı. Hətta Novruz bayramından çox sevdiyini deyənlər də var. İndi kimsə bunu "milli xəyanət” kimi düşünməsin. Bu təbiidi, hər kəsin daha çox sevdiyi bayramı, ya bütün bayramlardan üstün bildiyi əziz, özəl günü var. Novruzun çox gözəl adətləri var. Bilirik, bunları saymaq amacım yoxdu, amma Novruzda da bir yaşıllıq-təzəlik, bərəkət rəmzi var: SƏMƏNİ. Evlərimizdə masamızda mütləq səməni olmalıdı Novruzda ürəyimizi, gözümüzü oxşayan, təravət dolu, özünəməxsus qoxulu səməni. Yeni ildə də bu var: soyuq qışda, ağacların çılpaqlığının üşütdüyü günlərdə həmişəyaşıl küknarı bəzəyirik. Məncə, bu yaşıl rəng – yaşıllıq rəmzidir, sadəcə insanların sabahlarını, gələn günlərini yaşıl, bərəkətli, yaz qoxulu görmək istəyidi . Əminəm ki, belədi. Ona görə yolkanı-yamyaşıl küknarı bəzəyirik. Sonra al-əlvan gözəl oyuncaqlar asırıq. Bunu xüsusi zövqlə, həvəslə edirik. Yəni gələn günlərimiz al-əlvan, bərli-bəzəkli olsun deyə. Hələ işıqlar... Necə gözəl görünür. Mən işıqları yanan yolkaya baxmaqdan doymuram, uşaq sevinci yaşayıram. Sonra Şaxta baba, onun saflıq, bəyazlıq rəmzi kimi Qar qız nəvəsi. Özü də xoşniyyətli, xeyirxah və mütləq hədiyyəlidi Şaxta baba.

Uşaqlıqda Şaxta babaya inanırıq. Bunun da özəlliyi-gözəlliyi var: "Şaxta babaya məktub yaz, istədiyini gətirəcək” inamı yaradır. Ata-analar da uşaqların arzusunu öyrənir və onu yerinə yetirməyə çalışırlar. Yaşından asılı olmadan əziz biri üçün də bunu edənlər olur. Yeni ilin ilk səhərində onlara sevinc yaşadırlar. Əslində arzunun gerçək olacağına, ən əsası buna kömək edəcək bir babanın – birinin olduğuna inanmaq çox önəmlidi. O qədər arzuların olur ki, gözəl-gözəl. Və inam əsasdı. İstəyirsən dünyaya-bütün insanlara ünvanlayasan. İstəyirsən hamı xoşbəxt olsun, ürəkləri gülsün.

İstəyirsən gerçəkləşsin arzuların. Beləcə yeni ili gözləyirsən. Yolkanın işıqlarını yandırıb, işıqlı günlərin olacağına inanırsan. Doğmalarçün hədiyyələr qoyursan küknarın altına, yeni ilin ilk sabahı əliboş olmasın deyə. Kədərli olsa da, heç hədiyyə ala bilməyənlər olduğunu, isti ocağı olmayanları da düşünürsən. Özünə təsəlli verirsən. Ümumilikdə biz təsəlli sevən millətik. Təki dərd olsun. Sevinc deyil ki, nəsə bir "əmma” axtaraq. 2021-ci ili də düşündüm. Onu kədər və sevinclə qarşıladıq. Böyük Qələbə sevinci və şəhidlər…Heç bir müharibə itgisiz olmur. Bu oğuldu, qardaşdı, sevgilidi, atadı. Onu itirmək ağrılıdı. Təsəlli etməyə söz tapmadığındı. Amma bu oğullar niyə qurban getdilər? Göz qırpmadan niyə canlarından keçdilər? Vətən uğruna. Ana dediqləri torpaq uğruna. Hər gələn günü, hər gələn ili rahat yaşayaq deyə. Bizi illərin ağlayıb-sızlamasından, göz yaşından qurtarsınlar deyə. Biz gələn ilimizi qürurla, sevinclə qarşılayaq deyə.

 

Düşündm ki, kaş Şaxta baba gəlib bizə səslənəydi: EHEHEY...Mənim əziz balalarım, afərin sizə. Sonra sehrli çubuğunu yerə vuraydı və bütün evlərdə işıq yanaydı.

Beləcə yeni ili düşünürdüm. Tamam. Böyüyəndə Şaxta babanın saxta olduğunu anlayırıq. Amma hədiyyə gətirən, arzularımızı yerinə yetirməyə çalışan kiminsə olmasındadı mahiyyət. Sadəcə böyüdükcə Şaxta babanın saxta olması deyil, rastlaşdığımız babaların kömək etmək duyğusunun olmaması ağrıdır bizi. Arzularımızı, xəyallarımızı məhv edənlər, məhv etməyə çalışanlar ağrıdır bizi. Aldadanlar, aldandıqlarımız, saxtalar, saxtakarlıqlar xəyallarımızı söküb dağıdır. Kaş ki, içimizdə Şaxta babaya inam ölməsin. Məncə ölmür də. Balacalara da, əzizlərimizə də imkanımız çatınca arzuladıqlarını almağa çalışırıq. İstər-istəməz Yeni il ərəfəsində ürəyimizdə Şaxta babaya məktub yazırıq, pıçıldayırıq: ”arzularımı yerinə yetir” deyə. Arzularımız yerinə yetsin. Təki qapımızı bir Şaxta baba açsın. Biz də nələrə qadir olduğumuzu göstərək, bacarığımızla, bacardıqlarımızla öyünək. O da gülərək desin: Afərin, balalarım. Bax, bu gözəl işlərinizə görə hər birinizə hədiyyə gətirmişəm.

Biz də layiq olduğumuz hədiyyələri alıb sevinək. Nə fərqi, o Şaxta baba kimdi? Yeni iliniz mübarək. HƏ, bir də Həmrəylik bayramınız mübarək. O böyük İnsan bilirdi ki, bizim həmişə həmrəyliyə ehtiyacımız var. Ona görə bizə bu bayramı da miras qoydu. Bildiz kimi deyirəm? O böyüyü - Heydər Əliyevi.

TƏQVİM / ARXİV