adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İDMANÇI, YOXSA QOÇU...

FƏRİDƏ RƏHİMLİ
42654 | 2016-07-16 00:54
Əksər gənclərimiz idmana meyillidirlər. Ölkəmizdə idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir, həvəsləndirir.
Gənc nəsildə vətənpərvərliyi gücləndirən amillərdən biri, bəlkə də birincisi idman qələbələridir. İdmanda qazanılan qələbələr insanları coşdurur, onların ürəyi qürur hissi ilə dolur, sevincdən göz yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir, qürur duyur.
Müxtəlif idman yarışlarında, olimpiadalarda idmançılarımız sevinc dolu o günləri bizə bəxş edirlər. Hər dəfə bayrağımız qaldırıldıqda, dövlət himnimiz səsləndiriləndə o qüruru yaşamamıza səbəb olan gənclərimizi ən əziz yaxınımız kimi bağrımıza basıb təşəkkür etmək istəyirik. Bu, böyük və nailiyyətlərdir. Bu, böyük və tarixi qələbədir. Əminəm ki, bu qələbələrin sayı daha da çox olacaq. Bunu deməyə kifayət qədər əsaslar da var. Uğurlarımız sadəcə olaraq, zəhmətin, görülən işlərin məntiqi nəticəsidir. Ancaq bu, idmandır. İdmanda məğlubiyyət də, ədalətsizlik, gözlənilməz hadisələr də, zədə ola bilər.
Amma bu, ən halal qələbədir, çünki hər kəsin gözü qarşısında halallıqla əldə edilən qələbədir.
Artıq illərdir ki, idmançılarımız Azərbaycanın idman şöhrətini, Azərbaycan dövlətinin gücünü bu fəaliyyətləri ilə yüksəklərə qaldırırlar. Bütün dünyaya nümayiş etdirirlər ki, gənc müstəqil Azərbaycan dövləti böyük uğurlara nail olmaq üçün tam hazırdır, güclü ölkəyik, qələbəyə çatmaq üçün güclü iradəmiz var.
Hər ölkədən qızıl, gümüş, bürün medallarla vətənə dönmək Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyan idmançılarımız var.
Ümidvarıq ki, bizi gələcəkdə də medallar, qələbələr gözləyir və bu qələbələr bütün xalqımızı sevindirəcək. Təbii ki, dövlətin xüsusi diqqət mərkəzində olan idmanımızdan, idmançılarımızdan bunu hər dəfəsində ümidlə gözləyrik.
Amma cəmiyyətimizdə insanları narahat edən bir fikir formalaşmaqdadır. İdmançılarımızın əksəriyyəti qələbə qazandıqdan sonra dəyişməyə, yanlış yollara düşməyə başlayırlar. Buna hər kəsin yaxşı tanıdığı bir neçə idmançımızın sonrakı taleyi misal ola bilər. Bəlkə ad çəkmək doğru deyil, amma ölkəmiz kiçikdir və hər tanınmış adam haqqındakı söz-söhbətlər gizli qalmır.
Unutmadığım bir hekayə var: Bir el qəhrəmanı xalqını mövhumatçılıqdan, xurafatdan qurtarmaq üçün çox narahat olur, çox çalışır, amma bir şeyə nail ola bilmir. Çıxış yolunu, onların yalvarıb dilək diləyərək budaqlarından iplər, parçalar asdıqları ağacı kəsməkdə görürür. Bu da onları yoldan çıxarmaq istəyən Şeytana xoş gəlmir və o, igidin yoluna çıxaraq mane olmaq istəyir. Xalqı üçün çalışan igid qollarında el gücünü hiss edərək bir həmlədə şeytanı məğlub edir. Balta ilə başını kəsmək istəyəndə Şeytan yalvarır ki, o ağacı kəsməklə nə qazanacaqsan ki, kəssən xalqın səni düşmən gözündə görəcək. Gəl məni dinlə, o ağacı kəsmə, hər sabah yuxudan oyananda yatağında yüz axca pul görəcəksən. İgid Şeytana uyur və razılaşır. Bir müddət səhər oyananda balışının altında axçaları gördükcə artıq millət, el-oba düşüncəsi onu tərk edir. Bir sabah pulları görməyəndə bərk əsəbləşir və - pullarım hanı? - deyə, Şeytanın üstünə cümür. Əlbəyaxa olurlar və Şeytan onu məğlub edir. İgid məğlubiyyətinə inana bilmir və bunun səbəbini Şeytandan soruşur. O deyir ki, sən əvvəl xalqın, elin üçün döyüşürdün və onların hamısının gücünü biləyində hiss edirdin. İndi isə pul üçün döyüşürsən...
Bu hekayənin idmançılarla nə əlaqəsi olduğunu anlayanlar anladı. Təəssüflə söyləyim ki, günümüzdə qələbə çalıb məşhur olandan sonra reketçiliklə, mafiozluqla məşğul olan, pulla "adamdöymə" işlərinə başlayan, özündənrazılıq nümayiş etdirən nə qədər məşhur idmançılarımız oldu. Sonları da ya ölümlə, ya həbslə bitdi.
Nə böyük arzuyla, amalla, həvəslə idmana gəlirlər, ağır məşqlər, böyük zəhmətlər hesabına o zirvəyə çıxırlar (təbii ki, burda dövlətin dəstəyi, məşqçilərin gərgin əməyi danılmazdır) və qələbə əldə olunan kimi... sanki bir boşluq yaranır, başqa, daha fərqli bir işə əl atmaq, özünü sübut etmək üçün, mənəmlik iddiasına düşürlər. Və təəssüf ki, o Şeytanın diktəsiylə xalqın sevgisi yavaş-yavaş nifrətə çevrilir.
Dünyanın gözü qarşısında alqışların coşqusu altında qazandığı uğurun sevincindən, qaldırdığı bayrağın, səslənən himnin qürurundan göz yaşını saxlaya bilməyən bu məsum gənclərə sonradan nə olur? Doğrudanmı pula, şöhrətə, məşhurluğa davam gətirmək belə çətindi?
Hələ tatami üzərində düşmən ölkənin idmançılarına qalib gəlmək... bu başqa bir qürurdu. Onlara uduzmağı özlərinə yaraşdırmayan, Vətən, torpaq təəssübkeşliyindən içinə ikiqat güc, qüvvət gələn insanın sonradan dəyişməsi üzücü bir haldır. Yəqin ki, şöhrətin, hamının bilmədiyi ən uca bir zirvəsindən sonra insan üçün maraqlı olan heç nə qalmır. Və yaxud, uşaqlıqdan marağında olduqları "oğru aləmi"nin, reketlərin əfsanəvi həyatlarının necə olduğunu da bilmək istəyir, yaşamağı sınayırlar. Qolunun gücünə arxalanaraq ağlını işlətməyə gərək duymayan belələri gözləmədikləri anda o zirvədən kəlləmayallaq aşağı gəlməyə məcbur olurlar.
İnsan həyatında hər nəyə nail olursa, ona görə Yaradanına minnətdar olmalıdı. İmkanlısansa, sağlamsansa, gözəlsənsə, istedadlısansa buna görə öyünə bilməzsən, çünki səni sən yaratmadın. Başqasının durumuna, vəziyyətinə lağ edirsənsə, deməli yaradanına asisən. "Mən, mən" deməklə Allahın istəyini və səni bu zirvəyə gətirənlərin gərgin zəhmətini heçə saymış olursan.
Bir çeçen idmançı ilə bizimkinin qələbədən sonra hərəkətlərini izlədim. Çeçen əllərini göyə qaldırıb: "Allahu Əkbər!"- dedi. Bizimki muskullarını göstərdi...
Bir sözlə, bəzi idmançılarımız qələbədən sonra hər şeyə nail olduqlarını düşünürlər. Əslində, gərək idmançı karyerasını mümkün qədər çox davam etdirsin. Qələbə artıq tarixdi. İdmançı irəli baxaraq qarşıdakı yarışlar barədə düşünməlidi. Erkən yaşında karyerasını başa vuranları görəndə təəssüf hissi keçiririk. Çünki, potensialı yüksək olan idmançı hələ çox yarışlarda qələbə qazana bilər. Amma üzərlərində işləməməklə özü özünə problem yaradırlar, məşqlərin bərpa olunmasının vacibliyini anlamalıdırlar.
Bəli, bu gün adını çəkmədiyim, qələbəsinə, gücünə, texnikasına az-çox bələd olduğum və son durumuna heyifsiləndiyim çox idmançılarımız var. Təəssüf ki, peşman olan birinin aqibəti digər idmançılarımıza dərs olmur.
İdmançı ona verilən mükafatların və pulların qarşılığında harınlayıb reketə, qoçuya çevrilməməlidi! Onları bu ad-sana, səviyyəyə, mərtəbəyə gətirənləri, onların qələbəsi ilə qürurdan göz yaşı axıdanları məyus etməməlidi...

TƏQVİM / ARXİV