adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ONUN RUHU SEVİNİRDİ...

FƏRİDƏ RƏHİMLİ
417492 | 2016-08-06 09:04
"... Kişi qəfil başladığı kimi, qəfil də gülüşünü kəsdi. Çevrilib bir-birinə sığınmış, körpə, üz-gözlərindən yazıqlıq tökülən qızlarına baxdı. Qızların yuyulmaqdan bozarıb, üzülmüş dizlikləri, solğun sifətləri, yetim görkəmləri onu kövrəltdi...
...Ay Allah, bunların axırı necə olacaq? Yurdsuz-yuvasız hara gedib çıxacaqlar? Mən bunlara nə vaxt bir gün ağlayacağam?".
Vahid Əlifoğlunun "Görənlərdən xahiş olunur" kitabından...
Toy dəvətnaməsini nəşriyyata gətirmişdilər. Atasının dostlarının - yaxın, doğma bildiklərinin şad günlərində onlarla olmasını istəmişdilər. Həmişə qəmli gördüyüm qızların çöhrələrində azca təbəssüm sezilsə də, gözlərinin dibindəki qəm eləcə də qalmışdı... bu qəm içimi dağlayırdı.
Onları ilk dəfə tamam fərqli görmüşdüm. Onda Vahid Əlifoğlu sağ idi, özünün dediyi kimi, "kölgəsində qızları böyüyürdü". Bütün atalı-analı qızlar kimi, o da bu böyüyən qızları üçün özünü oda-közə vururdu. Hər yazısında övladlarından - qızlarından birbaşa da olmasa, dolayısıyla nəsə yazırdı. Onları həm də oğul kimi böyütdüyünü vurğulayırdı.
Vahid müəllimin özünü şəxsən bircə dəfə - xəstəxanada gördüm. Amma ürəyini, ruhunu, xarakterini yazılarından tanıdım, duydum, anladım. Sonra ara-sıra telefon zəngləri ilə səsini də eşitdim. Fikrinin şablon sözlərdən uzaq, bəzək-düzəksiz, birbaşa deyilən, içindəki ağrı-acının ironiya, sarkazm, kinayə, satira şəklində ifadəsi onun yazısını oxunaqlı edirdi. Oxucuya onu sevdirən əsas səbəb isə yazıların səmimi, içdən olması idi.
Güclü daxili qanaxmadan koma vəziyyətində Bakıya xəstəxanaya gətiriləndə ilk dəfə gördüm onu. Yeganə rəsmində gördüyüm dolu adamdan əsər-əlamət qalmamışdı. Yalnız salamlaşdıq. Boğazımda düyümlənən qəhər başqa bir söz deməyə imkan vermədi. Səsində bir titrəyiş vardı, amma zarafatından da qalmırdı. Ömür-gün yoldaşı boynubükük başının üstündə dayanmışdı. Bu ziyarətdən sonra onun yaxşılaşdığını, evinə, ocağına qayıtdığını eşitdim...
Məni heç görmədiyini sanmışdım. Amma sağalandan sonrakı yumor dolu yazısında "yanına gələn qızın onu görüb ağlamasından şübhələnib, xanımından güzgü istəməsini" oxuyanda yanıldığımı anladım.
Sağaldığına sevinənlər çox oldu bu sadə, vicdanlı insanın. Amma uzun çəkmədi bu sevinc. Qara xəbər gəldi... qapqara... tanıyanları, sevənləri büründü bu qara xəbərə. Ən yaxın dostu Əbülfət Mədətoğlunun xəbəri eşidərkən əlini dizinə çırparaq: Belim qırıldı! - deməsini, yəqin ki, heç vaxt unutmayacam...
Orda tapdaq olmuş torpağım qalıb,
Yazda xəzəlləmiş yarpağım qalıb.
Başı gətirmişəm, papağım qalıb...
Kürəyim var idi, Füzuli boyda...
O, "Füzuli boyda, Qarabağ boyda dərdi" özüylə o biri dünyasına apardı. Ruhu qayıtdı Füzuliyə. Biz isə onun dostları, doğmaları sözüylə, xatirələriylə, bir də oğul kimi böyütdüyü qızlarıyla qaldıq.
Vahid müəllimin ən böyük arzusu Qarabağa - Füzuliyə, doğma od-ocağına dönmək idi. Amma başqa böyük arzusu da vardı - qızlarının təhsil alması. Allah onu bu arzusuna çatdırdı. Günelin tələbəliyini də gördü, diplomunu da, Elgünün isə tələbə biletini... amma toy dəvətnamələrini yazmadı - fələk imkan vermədi. Dostları, qohumları iştirak etdi bu toyda. Qızlarınsa üzlərində təbəssüm olsa da ... yarım qalan bir arzuları vardı. Ata xeyir-duası ilə yola salınmaq. Ən kövrək an isə qızının çıraq ətrafında dolandırılması idi. O an - qoca əminin göz yaşlarıyla zəif səslə xeyir-dua verməsi və operatorun kitab rəfinin üstündəki çərçivədən "baxan" Vahid Əlifoğlunu kadra salmasıydı...
Toy Füzulidə, Qayıdış qəsəbəsində, "Sədaqət" şadlıq evində çalınırdı. Məclisə göz yetirdim, ən yaxın adamlardı - ailə üzvləri, qohumlar, Vahidin dostları - vahidsevərlər. Burda toyun olduğu yalnız musiqidən duyulurdu. Gözlərin birində kədər at oynadırdı, birində sevinc. Məclisin masabəyindən tutmuş işçilərinə qədər hər kəs bu nota köklənmişdi, çünki iki sözdən biri Vahid, iki misradan biri Vahidin şeirləri idi. Və adamların iyirmi beş ildən artıq öyrəşdikləri "lazım gəlsə" ifadəsini, torpaq, Vətən, Qarabağ üstündə köklənən sözləri Vahidin misralarıyla elə qanadlanmışdı ki, sanki o şeirləri ilk dəfə eşidirdim, - heç çapa hazırladığım kitablarda əlimdən keçməmişdi. Sanki hər kəs də onu ilk dəfə eşidirdi. Şablon sözlərdən cana doymuş, yurd həsrəti çəkən hər kəsin içində bir kövrəklik yaratmışdı Vahid Əlifoğlu şeirləri. Həm də ələ mikrofon alanlar da evlənən cütlüyə arzularından əvvəl və daha çox Vahid Əlifoğlu haqda danışırdılar, həm də söylənilən sözlərin hamısı səmimiydi. Açıq-aşkar hiss olunurdu ki, bu məclis Vahidin ruhunun məclisidir. Sanki o da bizimlə məclisdə idi. O idarə edirdi məclisi. Deyilənlərə, səslənən fikirlərə özünəməxsus ironiyasıyla münasibət bildirirdi. Mənə elə gəldi ki, bu gün Vahidin ruhu çox şad idi...


TƏQVİM / ARXİV