adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

KART MƏDƏNİYYƏTİ

FƏRİDƏ RƏHİMLİ
47441 | 2016-09-24 09:31
Mədəniyyət - insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" - becərmək, bəsləmək, yaxşılaşdırmaq deməkdir. Bu sözün ilkin mənası - torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü həmçinin "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır":Mədəniyyət - işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır".
Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiət" adını vermişdir. Mədəniyyət - təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət - hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir. Mədəniyyət - insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir. Planetimizdə mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir; buna, bəzən, inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti olduğunu dərk edir.
Amerikalı yazıçı Ernest Heminquey "Zəng kimin üçün çalınır" əsərində yazır: "Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəsg qitənin, torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır".
Mədəniyyətin bu qədər geniş tərifini bura yerləşdirməklə, onun çox insanlarımızda çatışmadığının, hətta ən adi münasibətdə belə, ona ehtiyac duyulduğunun əzabını nəzərdən qaçırmamaqdır məqsədim.
Bildiyimiz kimi, ictimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə başlanılıb. İctimai nəqliyyatda vahid kart sisteminə keçid bu sahədə nizam-intizamın yaranmasına xidmət edir. Ekspertlər bu sistemə keçidin bütün ictimai nəqliyyat vasitələrinə şamil edilməsinin daha çox fayda verəcəyini güman edirlər. Hesab olunur ki, məhz kart sisteminə keçidlə avtobusların ötüşməsinə, sürücülərin nəqliyyatı dayanacaqdan kənarda saxlamasına, vergidən yayınma hallarına son qoyulacaq.
Kartların qiymətləri isə 3 manatdır ki, bunun 2 manatı sığorta depozitidir, 1 manat isə karta gediş haqqı kimi yüklənir. Əksəriyyətin düşündüyü kimi, vahid ödəmə kart sisteminə keçid ictimai nəqliyyatda mövcud olan bir sıra problemlərin həllinə imkan verəcək.
İllərdir, əksər hallarda avtobusların ötüşməsi, ayrılmış intervalda məlum məsafəyə çatmaq və eyni zamanda yollardan müştəri "toplamaq" yarışı, bu yolda insanlara verilən əziyyətlər insanları çox qorxudur. Daha çox müştəri yığmaq bəhsiylə sürücülərin bir-biriylə savaşması, nalayiq söyüşlər, avtobusdakı insanların narahatlığını nəzərə almadan necə gəldi sürmək və dəfələrlə qəza vəziyyəti yaratmaq da adi hala çevrilib (Hər bir avtobusun müəyyən yerlərində də "Sürücü təhlükəli sürərsə..." yazılıb və əlaqə nömrələri qoyulub!!!). Sürücülərin qəza törətməsinə səbəb elə avtobusların qəpiklərlə işləməsidir. Sürücülər sərnişinə insan kimi deyil, dəmir 20 qəpik kimi münasibət göstərirlər. Bu səbəbdən də qəzalar qaçılmaz olur.
Kart sisteminə keçiddə isə sərnişinlər bu problemlərdən qurtarmış olarlar. Sürücülər "plan vermək üçün" tələsərək avtobusu təhlükəli idarə etməzlər, hər addımda müştəri görən kimi qəflətən əyləci basmazlar, pulu ödəmədən yayınanların arxasınca qaçmalar, yaxud tərbiyəsiz ifadələr səsləndirməzlər və insanlar da rahat hərəkət edərlər. Yeri gəlmişkən, bu gün nəqliyyat vasitələrinədn istifadə zamanı rastlaşdıqlarımı nəzərə alaraq əminliklə deyə bilərəm ki, bu gün ölkəmizdə "sürücü mədəniyyətinə" çox böyük ehtiyac var.
Kart sisteminə keçid hər yaşdan olan insanlar üçün münasibdir, eyni zamanda sürücünün fikrini də yayındırmır: Hər dayanacaqda sürücü yığılan pulları hesablayır, bəzən iri pulları avtobusu idarə edə-edə xırdalayır və diqqəti yayınır. "Çörək pulu arxasınca" yollara çıxan bu insanları müəyyən mənada anlamaq olar. Kart sistemi onlar üçün də rahat və sərfəli olar, əgər aldıqları maaş yetərincə olarsa. Çünki, sürücülərin çoxunun söylədiyi kimi, planla işləmək maaşla işləməyə nisbətən daha sərfəlidir, çünki veriləcək əmək haqqı heç də ailə dolandırıla biləcək maaşa bənzəmir...
Sürücülərin məvacibini Nəqliyyat Nazirliyi deyil, avtobus xətlərini işlədən sahibkarlar müəyyən edəcəklər. Amma avtobus sürücülərinin burada, deyəsən, bəzi problemləri olacaq. Çünki gün ərzində ən azı 50 manat qazandıqlarını bildirən sürücülər ayda onlara veriləcək məvacibin az olacağından ehtiyat edirlər. Demək, ailəni dolandırmaq şansı sahibkarların insafına qalıb.
"Nəqliyyatçı hüquqları" İctimai Birliyinin sədri Anar Əsgərovun sözlərinə görə, Azərbaycan nəqliyyat sistemi kart sisteminə keçmək üçün hələ hazır deyil. O, bunu ölkədə sürücü və sərnişin mədəniyyətinin hələ inkişaf etməməsi ilə əlaqələndirir. Həmsöhbətimiz bununla belə, hesab edir ki, avtobusların kart sisteminə keçməsi sürücülər üçün heç də ürəkaçan vəziyyət yaratmayacaq. "Kart sisteminin tətiq olunması üçün avtobusların girişində müəyyən qurğular qoyulmalıdır. Sərnişin avtobusdan düşəndə deyil, minərkən gediş haqqını ödəməlidir. Bu vəziyyət sürücülərin başını ağrıdacaq. Həm də düşünmürəm ki, sürücülərə əvvəlki qazancları qədər əməkhaqqı verilsin".
Ekspert bildirir ki, kart sistemi bəzi sərnişinlər üçün də çətinlik yaradacaq. Belə ki, müəyyən bir təbəqə var ki, kart sisteminə alışmaq onlar üçün çox çətin olacaq. Kartların alınması, müəyyən məbləğin karta yüklənməsi, kartların itirilməsi, kart itirilərsə, balansın necə geri qaytarılması və s. kimi məsələlər sərnişinlər üçün çətinlik yaradacaq.
Əsgərovun sözlərinə görə, əgər avtobuslarda kart sistemi tətbiq edilirsə, bununla yanaşı, hələ uzun müddət gediş haqqı qəpik olaraq da alınmalıdır. "Əhalinin kart sisteminə uyğunlaşması hələ uzun zaman alacaq".
Ekspertin sözləri gündəlik rastlaşdığımız mənzərəni əks etdirir. Əksəriyyət insanların kart sisteminə keçiddən xəbəri yoxdur və tələsik istədiyi marşruta minə bildiyinə sevinən sərnişinə: "Kartın yoxdursa, aşağı düş!" demək əsəb yaradan haldır. Onlar da anlamaq istəmir və anlaşılmazlıq yaranır. Əvvəllər daha çox sərnişin yığmaqla yarışan sürücünü artıq sərnişin maraqlandırmır. Sürücülər kartı yoxdursa, adamları laqeydcəsinə aşağı endirməyə, yolda, bəzən dayanacaqda avtobusun yenicə tərpənməsinə baxmayaraq saxlamamağa, yolda saxlaması üçün əl qaldıran sərnişinə əhəmiyyət verməməyə belə tez alışdılarsa, sərnişinlər də kart sisteminə, nizam-intizama eləcə alışacaqlar. Çox gülməli haldır ki, çoxuna bəsit bir qaydanı - ön qapıdan kartla girib, arxa qapıdan düşməyi bəzən mübahisəsiz başa salmaq mümkün olmur...
Məncə, müəyyən müddətə qədər sürücü özü, yaxud yanında əvvəllər "konduktor" adı ilə gəzdirdikləri bir nəfər, müəyyən məbləğ vurulmuş kartla sərnişinlərdən gediş haqqını alaraq həmin kartla keçirə bilərlər. Birinci dəfə məlumatı olmayan sərnişin gələn dəfə hazırlıqlı olar. Beləliklə də müəyyən bir vaxtdan sonra kart sistemi qəbul olunmuş olacaq. Amma dayanacaqda ayaq üstə güclə dayanan, bu avtobusa cəmi bir dəfə ehtiyacı olan rayondan gəlmiş bir ağsaqqalı yerə düşürmək nə dərəcədə qəbul olunandır (Təbii, ki mən ağsaqqalı öz kartımla keçirdim)?..
Təbii ki, bütün avtobusların vahid kart sisteminə keçməsi bu sahədə nizam-intizamın, qayda-qanunun tətbiq olunmasına gətirib çıxaracaq ki, bu da hamının maraqlarına uyğundur. Amma hər bir iş mərhələlərdən keçərək olğunlaşır və bunu nəzərə almaq mütləq lazımdır. Çünki bu yenilik proqramlaşdırılmış robotlarla deyil, canlı insanlara tətbiq olunur.
Bununla belə, kart sisteminə keçidin müəyyən narazılıqlara səbəb olsa da, gec və ya tez bu sistem bütün avtobuslarda tətbiq olunacaq və insanlar geniş halda bu sistemdən istifadə etdikdə bunun nə dərəcədə onların maraqlarına uyğun olduğunu görəcəklər. Paytaxtda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonunadək tam yekunlaşacağı söylənilir. Prosesin tətbiqinin gecikməsində bir sıra obyektiv və subyektiv səbəblərin olduğundan sistem tam təkmilləşdirildikdən sonra bütün avtobusları əhatə edəcək.
Hər bir yenilik, keçid ilk addımda xoş qarşılanmır. Ona görə də nəqliyyatda mədəni inkişaf sisteminə - varvarlıqdan, basabasdan, "vəhşi qaydalar"dan kart sisteminə keçidi qəbul etmək üçün sürücülərin səbrə, sərnişinlərin də bu sistemə alışması üçün zamana ehtiyacları var - kiçik bir mədəniyyət nümunəsinə...

TƏQVİM / ARXİV