adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

VİCDANINIZ NƏ DEYİR?..

FƏRİDƏ RƏHİMLİ
44261 | 2016-11-12 09:40
Tarixi şəxsiyyətlərə hörmətlə yanaşmaq kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Xüsusilə, dövlətin yüksək postlarında qərar tutmuş, yüksək dərəcəyə layiq görülmüş insanlarda bu borc ikiqat artır və həm də məsuliyyətlə, təmkinlə, dərin düşüncə ilə, millətin, xalqın və təmsil etdiyi postun mənafeyini düşünərək fikir yürütməlidirlər. Oturduğu kreslodan bərk-bərk yapışaraq özündən yuxarıdakının ağzından nə çıxacağını gözləyən, "bəli, baş üstə"dən başqa fikri olmayan, çiynində gəzdirdiyi başı istifadə etmədən "yuxarının" istəyinə uyğun hərəkət cığırından kənara çıxmayan yaltaq, riyakar, ikiüzlü adamlar məmur postunu tutduqca, dəyərli şəxsiyyətlərimiz "unudulmaq" məcburiyyətində olacaq!
Bu fikirlər Bayraq Günümüzdə Məhəmməd Əmin Rəsulzadənin adının çəkilməməsinə olan daxili etirazımdan doğdu. Bütün ömrünü xalqının azadlığına, müstəqilliyinə həsr edən, bu yolda təqiblərə, sürgünə, haqsızlıqlara məruz qalan, bütün ailəsini bu yolda qurban verən və ən əsası Şərqdə ilk Demokratik Cümhuriyyəti yaradaraq, bugünkü müstəqilliyimizin təməlini qoyan bir mücahid haqqında Bayraq Günündə bir kəlmə belə, deməmək qəbuledilməzdi. Bayrağımız barədə ADPU-nun müəllimi, ondan artıq tarixi kitabların və 60-dan çox məqalələrin müəllifi, dosent İbadulla Məmmədovla müsahibəni oxudum. Müsahibə "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlməsi ilə bitirdi, amma Məhəmməd Əmin Rəsulzadənin adı bir dəfə də olsun çəkilməmişdi.
Bəzən iqtidara yarınmalar kreslo aşiqlərini bu hala gətirir. Amma unudurlar ki, Ulu öndər hər vaxt tarixi şəxsiyyətlərimizi hörmətlə yad edib, onların haqqında gələcək nəslə nümunə olacaq faktlar söyləyib. Məhz dövlət təmsilçiləri, məmurlar, xalqın seçdiyi nümayəndələr və ümumiyyətlə özünü ziyalı sayan hər kəs ümummilli liderimizin həyatını, onun fəaliyyətini dərindən öyrənməlidirlər ki, sonda nöqsana yol verməsinlər. Çox təəssüf ki, bəzən yerində olmayanlar bu məktəbdən öyrənməyi də unudur və sonra da xalqın, ictimaiyyətin qınağına tuş gəlirlər.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridr. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu, o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.
1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər.
Cebeci Asri Mezarlığı qəbiristanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə, Ankara bələdiyyəsi tərəfindən ucadılmış memorialın yanında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanır. Bəs sizə noolub, niyə hər vəchlə bu insanın haqqını tapdamağa çalışırsınız? Yarınmalarınızın kimə isə xoş gələcəyinimi düşünürsünüz?
Müdriklər yaxşı deyib: Dünənini unudan, bu gününü əks etdirməyən sabahını düşünməyənlərdi. Dünənimiz təməlimiz idi, bu gün biz onun üzərində daş qoyuruq, sabah isə dünənin və bugünün təməli üzərində qurulacaq. İnsan əslini, keçmişini inkar edirsə, onun vətənpərvərliyinə də şübhə etmək lazımdı. Vətənpərvərliyi olmayanlarsa xalqını, dövlətini, millətini, qanununu, adət-ənənəsini... sevə bilməz.
Məmmədəmin Rəsulzadəni də, Heydər Əliyevi də, eləcə də bütün aydınlarımızı, dünyanın tanıdığı və qəbul etdiyi, həmçinin xalqımızın yaddaşında əbədi yaşayan şəxsiyyətlərimizi Allah millətimizə dövlətçiliyimizin banisi, xilaskarı, yaşadanı və həm də böyük dünyaya çıxaran nümayəndələr olaraq verib və bunları heç bir qadağa ilə nə unutdurmaq, nə də hansısa bir qanunla xalqın yaddaşına yazmaq, mümkün deyil. Çünki keçmişimizin dayağı nə qədər möhkəm olarsa, gələcəyimiz də o qədər aydın olar. 

TƏQVİM / ARXİV