SON DƏQİQƏ:

DƏRDİN ÜSTÜNƏ YERİYƏN ADAM

  71524   |  
Şriftin ölçüsü  
...Adam var ki, ona heç bir şey olmayıb, həmişə kefi kök yaşayıb, amma nə vaxt dindirəndə "ağlayıb". Baxıb görmüsən ki, onun hər şeyi var: evi, eşiyi, maşını, pulu-parası... Ancaq zalım oğlu "göz qaytarmaq" üçün hər cür dona girib və hətta deyib ki, evdə pul yoxdu bazarlıq eləyim, kartof, soğan, ət alıb qazanımızı qaynadaq. Beləsinə heç bir söz demək istəmirsən. Sadəcə olaraq susursan və hər şeyi onun ixtiyarına buraxırsan. Deyirsən ki, bir özün bilərsən, bir də Allahın...
Mən də dərdimi heç kimə deyən deyiləm. Ən azından ona görə ki, bu dərdi kiməsə deyib onun qanını qaraldacaqsan və dilxor eləyəcəksən. Əksinə, çalışmışam ki, sevincimi kiminləsə bölüşüm və ona müsbət enerji ötürüm. Hətta ağrıyıb-acıyanda belə bunu doğmalarıma, yaxınlarıma bildirməmişəm və soruşanda da demişəm ki, kefim kökdü, heç bir çətinliyim də yoxdur...
Dərdin üstünə gedən adamları həmişə sevmişəm. Sevmişəm ki, onlar başqaları kimi sızlayıb-ağlamır və ağırlığını-uğurluğunu kiminsə üstünə tökmürlər. Onlar sal qaya kimi, uca dağ kimi dərdin qarşısında dururlar və o dərdə sinə gərmək istəyirlər. O qədər iradələri möhkəmdir ki, çox vaxt dərd də onları sal qaya kimi yerindən tərpədə bilmir. Bir də deyirlər ki, Allah çox sevdiyi adamları sınağa çəkir; yəni onlara xəstəlik verir, ehtiyac bəxş edir və ən nəhayət, sıxıntılar içərisində saxlayır. Elə ki, insan səbrli olub buna dözür, hər şeyə zaman-zaman ümid bəsləyir və günlərin bir günün də Allah-təala da onları sevindirir...
Mənim bir tələbə yoldaşım var - Rəhman Salmanlı! Qrupumuzun ağsaqqalı olub. Həmişə kimliyindən asılı olmayaraq, dostlarımızın ən ağır günündə özünü onlara çatdırıb. Rəhman Şəmkirdən hansı ürəklə, hansı qəlblə Bakıya gəlmişdisə, elə o ürəklə də, o qəlblə də bu gün dostlarına qarşı çox səmimidir. İstər tələbəlik illərində, istərsə də böyük jurnalistikaya qədəm qoyduğu ilk anlardan bu günə qədər onu səmimi və bir sifətli dost kimi tanımışam. Rəhman bir tikə çörəyini iki yerə yox ha, üç yerə, dörd yerə bölən oğlandı. Özü ac qalar, qismətini kiməsə verər. Bunu hər adam, hər kişi bacara bilməz. Bunu Salman kişinin oğlu Rəhman Həsənov bacara bilər.
Həsənov dedim yadıma tələbəlik illəri düşdü. Onda bizim bir fəlsəfə müəllimimiz vardı - Qəmbər Əsgərov. Çox istedadlı və dövrünün də fərqli düşünən alimlərindən idi. Əksər vaxt açıq-açığına sovet hökumətini yıxıb sürüyərdi. Nə KQB-dən qorxardı, nə də universitetin rektorundan. Sözümün canı odur ki, bir dəfə Rəhman ona bir məktub yazmışdı. O məktubda da öz imzasını qoymuşdu: Rəhman Həsənli. Qəmbər müəllim də bu Həsənli soyadını xüsusilə vurğulayırdı. Qəmbər müəllimin yaddaşında qalmaq və onun qəlbini ələ almaq hər tələbənin işi deyildi. Amma Qəmbər müəllimin Rəhmana çox böyük hörməti və istəyi vardı. Bu da rəhmanın istedadından, səmimiyyətindən yaranırdı...
Sonradan Qəmbər müəllimə bir şər atdılar və onu ölüm cəzasına məhkum elədilər. Bu bizim hamımızı təəccübləndirdi. Amma o, yadımızda əyilməyən, sınmayan bir alim olaraq qaldı.
Hamımızın ağsaqqalı, qrupumuzun sevimilisi Rəhman Salmanlı çoxlarımızdan fərqli olaraq həmişə dərdini, qəmini, kədərini öz içində və öz dünyasında saxlayıb. Mən həmişə onun bu böyüklüyünə, bu kişiliyinə və bu dözümünə heyrətlə yanaşmışam. Və bəzən də çalışmışam ki, elə mən də ona hardasa bənzəyim. Onun çiynində çox ağır yük var. Amma bu yükü, bu dərdi mənim qardaşım heç kəsə, heç kimə bildirmir. Zarafat deyil, ən çətin xəstəliklə vuruşmaq, ona qarşı mübarizə aparmaq üçün insanda son dərəcə bayaq dediyimiz kimi iradə lazımdı. Allah da Rəhmanı çox istəyir. Ona nə veribsə, hansı yükü çiyninə qoyubsa və o yükü daşımağa, aparmağa çox böyük qüvvə də verib. Bir dəfə görməmişəm ki, Rəhman desin mənim başım uşağa, ailəyə qarışıb... Bir dəfə eşitməmişəm Rəhman desin ki, hansısa dərd məni sıxır... Bir dəfə görməmişəm Rəhman başqaları kimi "ağlasın" ki, filan şeyim çatışmır...
O, uca sal qayaya, uca dağa bənzəyir. Zamanın küləyi, dənizin dalğası bu qayanı, bu dağı nə qədər silkələsə də, onsuz da ondan bir şey qopara bilmir. Mən ona də məəttəl qalmışam ki, çiynindəki ağır yükə baxmayaraq, Rəhman çox istedadlı bir alim, çox istedadlı bir publisist və çox istədadlı bir jurnalistdi. Rəhman tələbəlik illərindən Əhməd Cavadın yaradıcılığı ilə bağlı elmi araşdırmalar, tədqiqatlar aparıb və axırda da filologiya elmləri üzrə fəlsəfə doktoru adını qazanıb. O, arxivlərdə, kitabxanalarda, toz basmış sənədlərdə çox şeyləri axtarıb tapa bilib. İradəsinin gücüylə öz istəyinə və məqsədinə də qovuşa bilib. Rəhman həm də son dərəcə gözəl dost, yoldaş, qardaş və ailə başçısıdır. Və öz ailəsinin üstündə həmişə yarpaq kimi əsib.
Tələbəlik illərində onun yaxın dostları olub: Loğman Rəşidzadə, Şünasif Məmmədov, Nizaməddin Rəfiyev, Qismət Babayev, İbrahim Mehdiyev, Tofiq Yusifov, Abdulla Məcidov, Gövhər Rzayeva və bu sətirlərin müəllifi. Mənə çox şeyləri Rəhman qardaşım öyrədib. Elə yazı yazmağı da, jurnalistikanı da ondan öyrənmişəm. Daha doğrusu, ağsaqqal kimi bizə həmişə arxa olub və kömək göstərib. Ondan bəzən yeyib-içməyi də öyrənə bilmişəm.
Bir dəfə elə oldu ki, beş mərtəbənin altındakı kafedə onunla çörək yeyirdik. Bu vaxt tələbə dostumuz Şünasifin qardaşı gəlib çıxdı. O da bizə qulluq elədi, üstəlik də stolumuza bir şüşə araq göndərdi. Mənim də ömrü boyu içki dilimə dəyməmişdi. Amma Rəhmanın şirin dili məni yoldan necə çıxardısa, qalın, yekə stəkanda onunla birlikdə arağı axıra qədər içdik. Mənə ləzzət elədi. Sonra da Rəhman tez-tez Şəmkirdən çaxır, konyak gətirəndə Xarici Dillər İnstitutunun yanındakı kirayə qaldığı evdə Loğman Rəşidzadə, Vaqif Əliyev möhkəm yeyib-içərdik. Düzdü, mən az içirdim, ancaq onlar içkinin lap "küpünə" girirdilər. Heç indi nə Loğman, nə də Rəhman elə içən deyil. Rəhmətlik Vaqif Əliyev də bir neçə ildir dünyasını dəyişib.
Gör hardan gəlib hara çıxdım. Bu yazını on gün müalicə olunub qayıdandan sonra qələmə alıram. Çünki bu on gündə bir daha hiss etdim ki, mənim Rəhman Salmanlıya ən azından bir yazı borcum var. Mənim Rəhman Salmanlıya, bu böyüklüyə, bu ağsaqqallığa görə, böyük sevgim, məhəbbətim bir qədər də artıb. Ən azından ona görə ki, o, dağ boyda dərdə, kədərə, ələmə baş əyməyib. Ona görə baş əyməyib ki, Rəhman Salmanlı özü o dərddən də dağ boyda böyükdür, qaya boyda iridir və güclüdür. Güclü və səbrli, ağıllı adamları isə dərd heç vaxt yıxa bilmir. Və bir daha Rəhman qardaşıma deyirəm ki, həmişə belə güclü və qüvvətli olsun!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK