adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

UŞAQLAR NİYƏ İNTİHAR EDİRLƏR?!.

FƏRİDƏ RƏHİMLİ
44411 | 2016-11-19 09:33
İntihar - insanın özünə qəsd etməsi, öz həyatına son qoyması və bunu planlaşdıraraq həyata keçirməsidir. İntihar insanların yalnız özlərini cəzalandırması deyil, problemlərdən çıxış yolu tapa bilməməsinin nəticəsidir. Yəni, intihar psixoloji durumla bağlı olan bir hadisədir və insan bilərəkdən özünü həyatdan məhrum etmək istəyir. İntiharın səbəbi əsasən ümidsizlikdir. Ümidi varsa, insan hər sınaqlara, əziyyətlərə, dözülməz ağrılara qatlaşır.
Statistikaya görə, dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə uğursuz intihara cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. İntihar, bir qayda olaraq, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar önəmli rol oynayır. Həmçinin insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən depressiya da mənfi təsir göstərir.
İntihar edən şəxsi bəzən aciz və məsuliyyətsiz adlandırırlar. İntihar, ən sadə seçimdir. Ailə başçısı özünü öldürür və qadını, uşaqları möhnətə salır. Məgər bu çıxış yoludurmu? Ailə başçısı yerində isə pis-yaxşı ailəsini dolandıracaq. Amma intihar edən kişi, yaxud qadın ailəni ondan sonrakı həyatlarında hansı əzablara düşəcəklərini də düşünməlidirlər. İntihar heç vaxt çıxış yolu olmayıb!
Son zamanlar intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında daha çox baş verməsi narahatlıq doğuran məsələlərdəndir. Rəsmi məlumata görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 28 azyaşlı müxtəlif üsullarla həyatına son qoyub. Bəs onları həyatlarının fidan vaxtında, öz şirin canlarının cəlladına çevrilmələrinə vadar edən səbəblər nədir?
Sosial şəbəkələrin mövcud olduğu dövrümüzdə bütün məlumatlar hər kəs üçün əlçatan olub. Yaş məhdudiyyəti olmadan hər bir şəxsin virtual məkana giriş imkanları var. Bütün bunları nəzərə alaraq, valideynin internetdə uşağın maraq dairəsinə nəzarət etməsi, televiziyalarda nümayiş olunan filmlərin hansı yaş kateqoriyasına uyğun olduğunu bildirən işarələrə uyğun olaraq bu işə xüsusi diqqət ayırması vacibdir. Bəzən uşaq baxdığı bir filmin və ya verilişin təsiri altına düşə bilər ki, bu da sonda pis halla nəticələnə bilər. Məsələn, bizim uşaqlıq illərimizdə "Nu, poqadi" cizgi filmi çox məşhurdu. Həm gülməliydi, həm tərbiyəvi əhəmiyyətli. Yüzlərlə seriyası keçməsinə baxmayaraq Canavar Dovşanı tutub yeyə bilmirdi. Niyə? Çünki, uşaqlara dəhşət, faciə, vəhşilik və s.aşılanmırdı. İndiki cizgi filmlərində şiddətə, dəhşətlərə, tərbiyəsiz danışıq formalarına kimsə nəzarət etmir. Bu da kiçik yaşlarından uşaqlarda şüuraltı təsirsiz qalmır. Bəzən isə valideyn istəmədən də olsa, uşağını nəzarətdə saxlaya bilmir və uşaq, yaşından böyük, ağlının tam qavramadığı hadisələrin şahidi olur və bu da onun psixikasında müəyyən vaxtdan sonra mənfi təsirini göstərir. Bəzən valideyn diqqətsizliyi, ailədə sevgisizlik, düzgün olmayan tərbiyə formaları, şiddət uşaqları intihara sürükləyən səbəb ola bilir.
Yaxın günlərdə çok hörmətli, tərbiyəli, ziyalı bir ailənin 12 yaşlı qızı dərsindən "3" qiymət aldığı üçün intihar etdi. Bu körpə fidanı bu addımı atmağa nə vadar edə bilərdi ki?!. Bu yaşda uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən bunu sadəcə ətrafındakıların diqqətini cəlb etmək üçün edirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır. Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırırlar. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatının belə davam edəcəyindən qorxanlar üçün ölüm ən asan yol kimi görünür.
Cəmiyyətimizdə adətən sevgiylə, ağılla yox, hədə-qorxu ilə tərbiyə metodu üstün tutulur. "İki alsan evə gəlmə" kimi kəlmədən dərman içib, həyatına son qoyan şagird, "Bu qədər hazırlıqdan sonra bu il də kəsilsən, get öl!" fətvasından sonra universitetin pəncərəsindən özünü atan abituriyent, müəlliminin, valideyninə şikayət edəcəyi hədəsindən qorxub, özünü asan məktəbli və s... bəzən məktəbdə tərbiyə metodikasını düzgün öyrənməyən müəllimin və ailədə övladına qarşı sevgisiz davranan valideynin günahından baş verə bilir.
İntihar halları get-gedə çoxalmaqdadır. Bu halların qarşısının alınması üçün əsasən maarifləndirmə işlərinə xüsusi əhəmiyyət verilməlidir. Uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda maraq yaradacaq məşğuliyyətlərə cəlb olunması, uşaq hüquqlarının təmin edilməsi, onların poblemlərinin həlli, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün dövlət tərəfindən tədbirlər həyata keçirilməsi belə hadisələrin qarşısını ala bilər. Azərbaycanın hər bir regionunda yaradılmış Heydər Əliyev mərkəzləri, Gənclər evi, Uşaq-Gənclər Yaradıcılıq mərkəzləri istifadəyə verilib. Ancaq ondan istifadə qaydaları qənaətbəxşdirmi? Bu binalar yalnız qonaq üçün bəzədilmiş otağı xatırlatmırmı?..
Hər bir uşağın qəlbi gizli bir dünyadır. O dünyaya daxil ola bilmək valideynin, müəllimin borcudur. Valideyn özü övladına dost olmalıdır və düzgün dost seçməsində də uşaqlarına yardımçı olmalıdır. Çıxılmaz vəziyyətə düşən uşağın müraciət etdiyi valideyni, yaxud dostu doğru çıxış yolu göstərməzsə, həyatın kələ-kötür yolunda ayaqları bərkiməmiş uşağın yanlış addım atacağı qaçılmazdır. Bu yolda pedaqoq, psixoloq və sosioloqların maarifləndiricilik missiyasına böyük ehtiyac var. Uşaqlara, gənclərə bir qədər səbirli olmaq, talelərinə sahib çıxmaq, gələcəklərini çətinliklər arasında qurmaq bacarığı öyrədilməlidir.
Beynəlxalq Assosiasiya, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti, intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə insanlarda məsuliyyət hissinin gücləndirilməsinə, bu istiqamətdə konkret tədbirlərə əl atılmasına cağırış kimi, 10 sentyabr - Ümumdünya intiharın qarşısının alınması günü elan edib.
Dinimizdə də intihar, özünəqəsd günah sayılır.
Bizə əmanət olaraq verilmiş ömrü doğru yaşamaq və başqalarını da yaşada bilmək üçün insanın hər an sevgiyə ehtiyacı var. Sevgi varsa, yaşamaq da asanlaşır. Boşuna demirlər ki, dünyanı sevgi xilas edəcək. Bu, həm Allah sevgisi ola bilər, həm insana sevgi, həm Vətən sevgisi, həm əks cinsə qarşı sevgi - əsas odur ki, içinizdə sevgi olsun!

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV