adalet.az header logo
  • Bakı 13°C

FƏTULLAHDAN AVROPAYA

SEYFƏDDİN ALTAYLI
61864 | 2016-11-26 09:31
Bundan öncəki yazımda Tanrının xıristiyan və yəhudilərlə bağlı iki ayətini təqdim edərək yazıma başlamışdım. Diyəsən həmin ayətlərə təkrar nəzər salmalıyıq, ancaq sonda. Bugün Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri dondurmaq qərarına yetişdi. Türkiyə və Türk xalqı qaralar geyinib yas tutmalıdı...! Yüz illərdən bəridir türklərin yediyi çörəyi Avropa xalqları verirdi, indi onu kəsəcəklər. Onlar nəinki bizim, qapımızdakı itlərin də azuqəsini yollayırdı...! İndi çörəyi hardan tapacayıq bilmirəm, Allah sən kömək eylə...! Axı biz onlar yat deyəndə yatmalı, dur deyəndə durmalıydıq... Onlar bizim qədim dostlarımızdı, xıristiyanları küsdürmək olmaz... Bizim siyasətçilər niyə bəle etdilər başa düşmək mümkün deyil... Pahooo..! Xıristiyanları və yəhudiləri dost tutanlara yuxarıdakı sətirləri bağışlayıram.
Hələ orta məktəbdə oxuduğum zamanlardan başlayaraq Azərbaycanın Müstəqillik Hərəkatında iştirak etdim. Tələbəliyimdə də, məmurluğumda da Türkiyədə və Avropada gücüm nəyə çatır onu həyata keçirdim. 1991-ci ildə Azərbaycanı Tanıtma Dərnəyini dostlarımla yaratmış rəhbərliyini yeridirdim. Bir il sonra xəbər aldım ki, Fətullah Gülənin adamları Azərbaycana gəlib. Burada valideynlərlə görüşərək, "uşaqlarınızı aparıb Türkiyədəki ali məktəplərə daxil edəcəyik, bütün xərclərini biz çəkəcəyik" deyiblər. Onlar da evladlarının Türkiyədə ali təhsil alması kimi bir fürsətin yarandığını görüb həyəcanla bu təklifi qəbul ediblər. Onsuz da Azərbaycanlı bacı-qardaşlarımızda Türkiyəyə və Anadolu Türklüyünə qarşı platonik bir sevgi vardı. Bu sevgi, "meşə çaqqalsız olmaz" atalar sözünü nəzərə alaraq əminliklə deyirəm ki, bütün cah-cəlalı ilə bugün də davam edir. Fətullahın tələsinə düşən yazıqlar (bəlkə də onlar da Fətullah kimi idi bilmək olmaz) Azərbaycanın gələcək kadrları olan bu uşaqları götürüb aparıblar Türkiyəyə. Onları yataqxanalara yerləşdiriblər, bir müddət yaxşı rəftar ediblər, ancaq yavaş-yavaş başlayıblar bu uşaqların qarşısına şərt qoymağa. 1-Fətullah Gülənin audiokasetlərinə qulaq asacaq və onun dediklərini mənimsəyib-öyrənəcəksiniz. 2-Onun kitablarını və danışıqlarının yer tuttuğu vərəqləri oxuyub-öyrənəcəksiniz. 3-Namaz qılacaqsınız. 4-Fətullah Gülən Xoca Əfəndi Peyğəmbərimiz Hz. Məhəmmədin varisidir (???) ona hörmətdə qüsur etmiyəcəksiniz, nə deyir onu edəcəksiniz, adı çəkildiyi zaman özünüzü yığışdıracaqsınız və s., və s.
Bu uşaqlar ilk dəfə qürbətə, Türkiyə kimi bir ölkəyə getdiklərinə və hər hansı sığınacaq yerləri olmadığına bir müddət onların tələblərinə görə hərəkət ediblər. Ancaq "əlhamd" surəsini belə oxumasını bilməyən bu uşaqlar Fətullah Gülənin qəliz sözləri ilə dolu çıxışları və yazılarını hardan başa düşəcəkdi? Ömrü boyu namaz nədir bilməyən bu uşaqlar onu nə cür qılacaqdı, nə cür mənimsəyəcəkdi...?! İş elə bir mərhələyə çatır ki, bəzi uşaqlar onların təzyiqlərinə dözə bilmir, deyilənləri etmirlər və təbii olaraq yataqxanalardan qovulurlar. Onlar da başlayırlar parklarda ya da başlarını girləyə biləcəkləri yerlərdə ac-yalavac gün keçirməyə. Dərnəyimiz həddən artıq fəal idi və Türkiyə səthində tanınırdıq. İdarə heyətindən bir əməkdaşım gəlib Adanada olan bir qohumundan, Fətullahçıların Azərbaycandan universitetdə oxutmaq bəhanəsiylə gətirdikləri uşaqların bəzilərini yataqxanadan qovduqlarını və bu uşaqların çətin halda olduğu haqda bir xəbər aldığını söylədi. Mən də o saat məsələnin dalına düşdüm. Adana, Mersin, Antalya, İzmir, Bursa, İstanbul, Trabzon və Samsun kimi şəhərlərdə bu cür uşaqların varlığını öyrəndim, müəyyən vasitələrlə onlara xəbər yolladım ki, Ankaraya gəlsinlər. Beləliklə 18 uşağı Ankaraya gətirtdim və səkkiz ay onların hər bir ehtiyacını təmin etdik.
O vaxt Yüksək Öyrətim Qurumu başqanlığına Samsun 19 Mayıs Universitetinin Rektoru Məhmət Sağlam bəy təyin olunmuşdu. Gözəl bir gül bağlatdım və idarə heyətindən Baycan Şakı adlı əməkdaşımı götürüb Məhməd Bəyin qəbuluna getdim. Özünü təbrik etdikdən sonra mənə ilk sözü bu oldu: Sizin üçün, Azərbaycan üçün nə edə bilərəm? Mən də bu uşaqlarla bağlı məsələni ətraflı şəkildə özünə çatdırdım. Neçə uşaq var dedi, mən də əlli dənədir, ancaq 18 dənəsinin sənədləri əlimdədir qalanlarını da iki həftəyə kimi təmin edəcəyəm, dedim. Bu 18 uşaqla birlikdə daha çox Azərbaycanlı gəncin Türkiyədə təhsil almasını istədiyimdən Məhməd Bəyə rəqəmi bilərəkdən bu cür söylədim. Yanımda götürdüyüm bu 18 uşağın siyahısını təqdim etdim və o da alıb üstünə "Başbakanla görüşüləcək, hallediləcək" deyə yazdı. Digər 32 uşağın da sənədlərini məzuniyyət götürərək gəlib Bakıdan, Milli Təhsil Nazirliyindən alıb apardım və bu əlli uşağın tamamını istədikləri universitetlərə yerləşdirdim, aylıq təqaüdlərini, avtobus bilətlərini və yataqxanalarını təmin etmək şərtiylə. Azərbaycanın bu cəfakar evladlarının bir çoxu bugün Azərbaycan dövlətinə şərəflə xidmət edir. Tanrı Məhmət Sağlam Bəydən də, Türkiyə Cümhuriyyətindən də razı olsun.
Fətullah Gülən isə Amerikada bir villada yaşayır, villanın mühafizəsini də FBI polisləri öhdəsinə götürüb. O, Amerikanın dostu deyildirsə Amerika onu niyə qoruyur? Bəlkə mənim başım işləmir bəzi şeyləri başa düşmürəm...! Belədirsə xahiş edirəm bu yazımı oxuyanlar mənə məsələnin kökünü başa salsınlar... "Allah düz olanları, düzlükləriylə mükafatlandırsın, riyakarlara istəsə əzab etsin; və ya tövbələrini qəbul ətsin. Əhzab surəsi, 24-cü ayət". "Ey möminlər! Yəhudi və xıristiyanları dosd tutmayın. Onlar bir-birlərinin dostudur. Sizdən hər kim onlardan dost tutarsa şəksiz ki o da onlardandır. Maidə surəsi 51-ci ayət".


TƏQVİM / ARXİV