adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QARLI XATİRƏLƏR

FƏRİDƏ RƏHİMLİ
44443 | 2016-11-26 09:01
Bakıda yağan ilk qar məni uşaqlıq illərimə - doğulub böyüdüyüm, xatirələrimin ən şirinini yaşadığım kəndimə apardı. Hansı kəndə ki, insanın insana inamı, güvəni, etibarı, sədaqəti vardı. Güvənsizi, yalançısı, xəyanətkarı da hamıya bəlli idi, onlara münasibət də...
Hansı kəndə ki, uşaqlıq, ilk gənclik xatirələrimi yerlə-yeksan etdi qarı düşmən, silib atdı, yerinə qaçqınlıq illərinin dəyişdirdiyi insanların geri dönüşü ilə yeni mühit, yeni görkəm gəldi.
Kəndlə bağlı qarlı xatirələrim o birilərindən daha çoxdur deyəsən. Yazı, yayı tarlada, həyət-bacada, evdə çalışaraq gündəlik ruzisini qazanan insanların, o zəhmətin xoş yorğunluğundan sonra dincəlməyə, istirahət etməyə geniş evi, həyəti, ciyər dolusu ala bildiyi təmiz havası, bol suyu, təbii, dərmansız meyvə-tərəvəzi, indi bədəninə gel vurularaq insanlara sırınan broylerlərdən fərqli olaraq, bişirildikdə iştahaçıcı iyi ətrafı bürüyən, dadından doyulmayan toyuq-cücəsi, qazı, hinduşkası, yayı təbii sərinliyi - ağacların kölgəsi, qışı odun, kömür sobası vardı. Hələ əlləri ilə əkdiyi buğdasını, kəndin dəyirmanında üyüdülüb təndirdə bişirilən çörəyini demirəm. Ətri o qədər xoş olardı ki, o çörəklərin... Bişirən qadın: "Sən Allah, gəl çörək kəs!"- deyərək nəfsi qalmasın deyə, hər yoldan keçənə çörək təklif edərdi. Amma hər kəsdən əvvəl bu çörək payı təndir qalanandan zəncirində atılıb-düşən, çörəyin iyi çıxandan isə səbirsizliklə zingildəməyə başlayan itə düşərdi.
Bu xatirələrin təzələnməsi Bakıdakı qarla başladı. Kənd uşağı olarkən böyük şəhərlərdə hər şeyin ideal olduğunu düşünərdim - insanlarının da, şəraitinin də... İndi qazı kəsilmiş, işığı sönmüş evdə, bir çimdik duz qədər səpilən qarın soyuğundan donarkən o uşağn nə qədər sadəlövh olduğunu bir daha anladım.
Kəndimizdə qar çox yağardı. Hətta rəhmətlik babamın açdığı - həyətin müxtəlif səmtlərinə gedən cığırlarla addımlayarkən qarın boyumdan hündür olduğuna o qədər sevinərdim ki, əriməsini heç istəməzdim (bu xatirə təxminən 1972-ci ilə təsadüf edir). Axşamdan yağmış qarın ağaclar üzərində yaratdığı gözəl mənzərə insanı məst edirdi. Bu heyrətamiz gözəllikdən bayılmaq olardı. Bu mənzərəni hey gözlərimə yığmaq istəyərdim. Qar küləksiz yağdığından ağacların, kolların, evin, tövlənin, hasarın, it damının, toyuq damının ağ örpəyə bürünmüş fiqurları yaranardı. Axşamdan həyəti xəlvəti gəzən tülkü-çaqqalın, qonşunun, zəncirini açıb buraxdığı itin, isti ölkələrə uçmağa macal tapmamış başının üstünü şaxta kəsən quşların ayaq izləri onları "ələ verirdi". Sabah o izlərin ardınca düşərək toyuq damına, tövləyə, anbara tərəf gedər, onların axşam yemək tapıb-tapmadığını anlayardım. Ayaq izləri elə gözəl görünərdi ki, qarın üzərində. Bəzən o quşlar qarın içində donub qalar, son nəfəsində ovlanaraq ləzzətli yemək olardı (təbii ki, bunu mən edə bilməzim...).
Çöldən əl-ayaq yığışdığından kənd adamlarının qışda tarlada, həyətdə elə də çox işləri olmazdı. Yayda hazırladıqları qış azuqəsindən məmnun halda, odun, yaxud kömür sobasının istiliyində qışın romantikasını yaşayardılar (amma bu gözəlliyə də "Allah kəssin!" deyənlər vardı...). Ən maraqlısı isə kəndin "İməcilik" deyilən yazılmamış qanunu idi. Yayda toplanıb kolxoza verilən pambıqdan hər kəs öz ehtiyacı üçün də ayırardı. Qışda qadınlar hər gün birinin evinə yığışaraq o pambığı didər, çiyidlərini çıxarar, sonra cəhrədə əyirib ip edərdilər. Bu, xalça toxumaq üçün əriş, arğac hazırlamaq üçün idi. Xalça dəzgahına kəndimizdə "hana" deyərdilər. O hananı da hər kəs qura bilməzdi. Bunun üçün bacarıqlı qadınlar vardı. Yundan əyirilən ipliklərlə qış uzunu hər evdə xalçalar toxunardı. Beləliklə, hər evdə yaza qədər bir-iki xalça toxunmuş olardı. Bu, həm cehiz üçün, həm satılaraq gündəlik dolanışıq, güzəran üçün yarayardı. Təbii ki, kəndlinin əti, südü, yumurtası, pendiri, qatığı, şoru, payızdan ehtiyatı tutulmuş meyvəsi, turşusu, mürəbbəsi və sair öz zəhmətinin bəhrəsi olardı. Amma nağd pul üçün başqa işlərdə çalışmayanların dolanmaq yolları mal-heyvan və xalça, kilim satmaqla həyata keçərdi. Hər bir ziyalı ailənin də üzvləri bu işlərlə məşğul olardı. Kənddə təbəqə ayrı-seçkiliyi az sezilərdi. Orda insanlar yalnız hörmətlərinə görə fərqlənərdilər.
O illərin odun sobasını isə Bakının qışı heç unutdurmur mənə. Üstündə yemək bişirmək, çay qaynatmaq, əl-ayaqda işlənən suyu qızdırmaq, aldındakı közdə kartof, ət, heyva və s. kabab etmək, ətrafında isə iliyə qədər işləyən istiliyin rahatlığını hiss etmək olurdu o sobanın. Yaydan toplanaraq səliqə ilə anbara yığılan, soba ölçüsündə odunlar yaza qədər evi isitməyə yetəcək qədərdi...
Nəysə, romantik xatirələr çox uzandı. Sanki bir anlıq bir az qızındım o xatirələrin istisində.
İndi göyün üzünə bulud gəlməmiş "sel gələr" deyə, suyumuzu kəsən, qış normasını verib istiliyi artırmaq əvəzinə qar yağanda qazı kəsən, qazdan, sudan əlimiz üzüləndə elektrik samovarında çaya ümid bəsləyərkən işığımızı kəsən - Qışa hazırıq!- kəlməsini hər il tutuquşu kimi təkrar edən məmurlar, nə etmək fikrindəsiniz!!! Eşidin, özümü o uzaq kənddəki qarın içində donmuş quş kimi hiss edirəm...


TƏQVİM / ARXİV