adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

AD GÜNÜ

FƏRİDƏ RƏHİMLİ
62260 | 2013-02-16 10:30
İnsana qoyulan ad onun gələcək taleyinə təsir edir, deyirlər. Adımın mənasının "tək", "nadir", tam mənada isə "okeanın dibində balıqqulağının içindəki tək mirvari dənəsi" olması doğurdan taleyimə üz verən təkliyin, tənhalığın uyğunluğudur. Özü də okean təlatümündə, balıqqulağı darlığında. Əmim bu adı məndən böyük bacıma qoymaq istəmiş, amma böyüklərin sözündən çıxa bilmədiyindən ad mənə qismət olmuşdu.
İndi də hərdən adın doğrudan da həyata təsiri olub-olmadığını fikirləşərkən sevinirəm ki, nə yaxşı ki, bu adı bacıma deyil, mənə qoyublar. Çünki adam sevdiklərinə üz vermiş bəlanı özü çəksə daha asan olur, nəinki onları üzgün görmək...
       Hər doğum günümdə ürəyimdə qəribə hisslər yaranır. Mən doğularkən valideynlərim seviniblərmi, kədərləniblərmi? Yoxsa  şükür edib: Allah övladı verib ağlını, bəxtini, ruzisini də verər, inşaallah! - deyib özlərinə təskinlik veriblər? Həmin gün hava necə olub? Görəsən o illərdə doğum günümə təsadüf edən "müqəddəs Valentin" günü ilə bağlı kəndimizdə kimdəsə təsəvvür var idimi?..
 Bir oğuldan sonra dördüncü qızın doğulduğuna görə atama "başsağlığı" verənlərə ağzı dualı, oruclu-namazlı nənəmin təpinərək: qızı da, oğulu da verənə şükür!-deməsilə söhbətin "bağlanması" haqda da eşitmişdim. (O vaxtlar kənddə çox qızı olan valideynə, yenə qız doğularsa: canın sağ olsun!-deyərdilər... ) Sonradan yenə iki oğlan övladları dünyaya gəlsə də, "qız yükü, duz yükü, yazıq bunların yükünü necə çəkəcək?" - deyə, bizi göstərərdilər. Şükürlər olsun ki, ömür boyu heç də yük olmadıq onlara... məncə...
 Ad günümdə tanışların hamısından uzaq bir yerə çəkilmək istəyirəm. Hədiyyə almaq, təbrik etmək məcburiyyətində qoymaq istəmirəm heç kimi. Eyni sözlərə eyni cavabları verməkdən yoruluram. Həmin gün təbii qəbul elədiyimiz sevinmək, şənlik, qonaqlıq təşkil etmək, hədiyyələr, təbriklər qəbul etmək adətə çevrilsə də, buna alışa bilmirəm. Adam bir anlıq öz içindən çıxıb kənardan özünə, ümumuyyətlə həyata, yaşama nəzər sala bilsə, bunun nə qədər mənasız olduğunu görər. Bəlkə də bu günün ölümə bir az da yaxınlaşdıran adi bir gün olduğunu unutmaq üçün ortalığa atılmış bir başqatmadı bunlar...    
Ad günü deyəndə bizdə insanın ağlına ilk olaraq onun doğulduğu gün gəlir. Amma Dədə Qorqud böyüyüb o adı qazanmağa haqqı çatmamış, hər hansı bir qəhrəmanlıq göstərməmiş cavanlara ad verməzdi. (Mənə uşaqlıqdan maraqlı olub. Görəsən o vaxtlar ömrü boyu adsız qalan olurdumu?..) Elə Dədənin sözü keçməyən indiki zamanda da az-az adamlar olur ki, doğulan kimi uşağın adını qoysun. Düzdü, aylar, hətta illər öncə övladına ad düşünənlər olur, amma adqoyma mərasimi həmişə doğum gününə təsadüf etmir. Bəzən bizdə inanclara görə qırx gün tamam olandan sonra ad qoyulur. Bəs belə olduğu halda nədən Türkiyədə olduğu kimi ad günü deyil, doğum günü demirik? Axı doğum haqqında şəhadətnaməyə yazılan gün də ad qoyulan gün deyil, doğulan gündür.
Bu yerdə Nazirlər Kabineti yanında  Terminologiya Komissiyasının adlarımızın milliləşdirilməsi sahəsində siyahı tərtib edərək VVAQ şöbələrinə göndərilməsi barədə çıxardığı qərar yadıma düşdü. Qərara əsasən bir çox rus adlarının və "zamanının nəbzini tutan"  adların yeni doğulmuşlara qoyulmasına icazə verilməyəcək. Zamana görə uydurulan adlar köhnəlsə də, xarici ad həvəskarı olan soydaşlarımız çox olduğundan bu qərarın qəbulu bir az çətin kimi görünür. Əslində yer üzündəki xalqlar adət-ənənəsi, mədəniyyəti, geyimi, musiqisi, adları kimi milli xüsusiyyətləri ilə bir-birindən seçilirkən bizim yabançılara məxsus olanları əxz eləməyimiz bir yanlışlıqdı. Adını tolerantlıq qoyduğumuz qarışıqlığa o qədər uymuşuq ki, özümüzə aid olanları unutmağa başlamışıq. Nə qədər inkişaf, qloballaşma, Avropaya inteqrasiya olsa da, bu inkişafın içində milli xüsusiyyətlərin qorunub saxlanması, xalqımıza məxsus nələrisə gələcək nəslə apara biləcək nümunələrimizin qalması vacib məsələlərdəndi. Bir xalqı yox etmək üçün onu dilindən, dinindən, mədəniyyətindən, adət-ənənəsindən uzaqlaşdırmaq lazımdı. Avropa, okeanın o tayısa Şərq ölkələrində bu məqsədlərinə məmnuniyyətlə nail olmaqdadırlar. Və təəssüf ki, o ölkələrdən biri də bizimkidir. O mənada Terminologiya Komissiyasının qərarı bəyəniləndi. Bu yolla Rus, ingilis dilində danışmağa üstünlük verən soydaşlarımızın heç olmasa adlarından, bizdən olduğunu anlaya bilərik. Çünki başqa millətlər yabançı adlar qoymağa bizim qədər həvəsli deyillər. Olsa - olsa, bu adları itlərinə qoyarlar... Onlarda Həsən, Məmməd, Ağakərim... adlarını eşidə bilməzsən. Amma bizdə Robert, Artur, Marks, Mikaello, Oksana, Raksana, Tamara və sair kimi adlar milli adlarımızın sırasına çoxdan pərçimlənib...
Ad günü dəsgahı bircə gün çəkir. Amma qoyulan və sonra qazandığın adı ömür boyu daşımağa məcbursan. Ad nə olur olsun, doğulduğun günə lənət oxunmasın, onu daşıya bilmək üçün Allah insanı peşiman etməsin, inşaallah!
Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV