adalet.az header logo
  • Bakı 19°C

Sindrom

FƏRİDƏ RƏHİMLİ
25171 | 2016-12-10 09:25
Kimsəni qırmayım deyirəm,
bir də baxıram ki, özüm paramparçayam

Dədə-babadan gələn bir alqış var: "Allah insanı şərü-şeytandan, quru böhtandan qorusun". Bunu kiçik yaşlarımdan yaşlılardan tez-tez eşidərdim. Mahyyətini anlamasam da, onun deylişindən böhtanın nə qədər qorxunc olduğunu hiss edirdim. Bu gün isə o qorxu ötüb, çünki böhtan hər addımda qarşımıza çıxır. Ondan qurtulmağın yolları da qalmayıb...
Böhtan və ya iftira - olmayan bir şeyi olmuş kimi təqdim etməkdir. Böhtanın, qeybətin, yalanıng nə qədər böyük günah olduğu haqda çox deyilsə, yazılsa da, belə vərdişlərindən əl çəkməyənlər var ki, hətta müqəddəs kitabımızda bu haqdakı xəbərdarlıqlara belə məhəl qoymadan cəhənnəm əzabının müştəriləri siyahısına yazıldıqlarını unudurlarg Bu müştərilərin siyahısında isə haram pulla Həcc ziyarətinə gedənlər də var, "məşədilər", "kərbəlayilər", mollalar ... və işsizlikdən, bekarçılıqdan, layiqli insanlara həsəddən, kindən, gözügötürməzlikdən qeybətlə, böhtanla gününü keçirənlər.
Biri haqqında söylənən böhtanın o insanın həyatını qaralda biləcəyini, yaşamını alt-üst edəcəyini düşünmədən (bəzən düşünərək) onu cəmiyyət arasında nüfuzdan, hörmətdən salmaq üçün, onun paxıllığını çəkdiyindən, ya kimlərəsə xoş gəlsin deyə, yaxud özünün haqlı olduğunu sübut etmək üçün içindəki aqressiyanı püskürərək deyilən bir kəlmə söz bəzən saf qəlbli, təmiz vicdanlı bir insanı intihara da sürükləyə bilir...
İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır". "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı".
Hz.Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."
Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyib barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər".
Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub. Məsələn İslam peyğəmbəri (s) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar".
"Günahsız adama böhtan atmaq (günah baxımından) səmadan da böyükdür."
İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur: "Günahsız adama böhtan atmağın günahı möhkəm dağlardan da ağırdır."
Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi). Nur 12-20;
Böhtan atan cənnətə girə bilməz. Hədisi Şərif.
Böhtanın nə qədər yaralayıcı, əzab verici bir təsir olduğunu ona düçar olanlar yaxşı bilir. Müqəddəslərin sözlərindən sonra dahilərin bu haqda yazdıqlarını bir daha oxuyun:
İnsanlara ox atmaq, dil ilə danışmaqdan daha yüngüldür. Çünki dil ilə daşlaması hədəfdən yayınmaz. Süfyan Es-Sevri.
Qar kimi olsan, yenə də böhtandan xilas ola bilməzsən. Şekspir.
Böhtan pis it kimidir, qaçanın ardından hürər, pərvazsızlıqla üzünə baxdınmı səsini kəsər. G.Ceski.
İkiüzlülüyü, yaltaqlığı bacaran böhtan atmağı da bacarar. N.Bonopart.
Böhtan eşşək arısına bənzəyir, onu ilk vuruşda öldürə bilməyəcəksinizsə, heç toxunmamaq daha yaxşıdır. Bernard Şou.
Böhtan qılıncdan daha zalım silahdır, çünki böhtanın açdığı yaralar heç vaxt bağlanmaz. H.Fildinq.
Bir böhtan başqa böhtan doğurar və yerləşdiyi yerdə əbədi olaraq qalar. Şekspir.
İnsan böhtanı ancaq əhəmiyyət verməməklə məğlub edə bilər. Böhtan atılanı deyil, atanı çirkləndirər. Odur ki, ürəyinizi Allahımızla düz tutaraq, böhtançılara, qeybətçilərə əhəmiyyət vermədən yaşayın. Onlara cəza verməyə, cavab verməyə çalışmayın. Çünki ən böyük cəzanı Yaradan özü verəcək - gec, ya tez...

TƏQVİM / ARXİV