adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DEPRESSİYA

FƏRİDƏ RƏHİMLİ
29774 | 2016-12-17 00:48
Müalicəsi həkimlərin işidir amma səbəbi bizlikdir...


Psixoloqlar hesab edir ki, depressiya insanda olan ruhi anomaliyadır ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra ortaya çıxdığında, normal bir hal olaraq qəbul edilə bilər.
İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu, depressiya halıdır. Depressiyalı adamı yemək-içmək maraqlandırmır, Günəşin çıxması, yağışın yağması, ümumiyyətlə, heç nə ona sevinc gətirmir. O, qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər dəyilməmiş fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır.
Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə göruşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s.
İlkin mərhələlərdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə, işə gedir. "İstəmirəm, lakin bunu etməyə məcburam" arasındakı halın özü də insanı qıcıqlandırır.
Depressiya, infeksiya kimi, başqa bir xəstəliyin simptomu olaraq da görülə bilməkdədir. Ancaq 2 həftədən uzun sürməsi - əhəmiyyətli bir çətinlik və funksional çatışmazlıq səbəbi olan depressiv xəstəlik ehtimalı ağıla gəlməlidir. Depressiv pozğunluq insanların 10-15 faizində həyatlarının bir dövründə görülməkdədir. İnsanların və cəmiyyətin bu xəstəliyi yaxşı tanımaması nəticəsində çox sayda insanlar depressiyadan əziyyət çəkirlər. Hətta iş o yerə çatır ki, bəziləri intihara belə əl atırlar. Elə isə, depressiyanın hansı əlamət və xüsusiyyətlərlə ortaya çıxdığından xəbərdar olaq.
Bu əlamətlər sizdə də varsa, deməli, depressiyaya düçar olmusunuz:
Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumatımızın olması lazımdır.
Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa bu onun depressiyada olduğunu göstərir.
Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması
Qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu
Ddaha əvvəl zövq alınan iş və fəaliyyətlədən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək
İşdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək
Digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq
Enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə
Yuxu pozğunluğu
İştahsızlıq və yaxud əksinə çox yemək
Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək
10- son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək
Özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək
Gələcəyə ümidsizlik
İşdən əli üzülmək və heç bir iş görə bilməmək
Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb, çox uzun müddətdə çəkə bilər (hətta bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər.
Bu şikayətlərin bir neçəsi sizdə varsa, həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil, başqa xəstəliklərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki ya da psixoloji xəstəliklərdən biri ola bilər. Psixi xəstəliklərin çoxunda görülə bilər. Depressiyadan əziyyət çəkən xəstələr yuxu pozğunluğundan şikayət edirlər. Başqa sözlə, belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya öz başına aldığınız yuxu dərmanını istifadə etmək yerinə, bir ekspertə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadalanan əlamətlər eyni anda kimdəsə varsa, deməli həmin şəxs çox ağır depressiyadadır.
Depressiya ciddi bir xəstəlikdir. Bundan müalicə olunmaq üçün ciddi tədbirlər görülməsə, zamanla düzəlməyə bilər. Hətta ümumiyyətlə uzun müddət davam edib, daha da ağırlaşa bilər.
Depressiyanın xüsusiyyətlərinə əsasən xəstələr ümumiyyətlə, özbaşına kömək istəmirlər. Bu səbəbdən də depressiyası olan xəstələr ailələri, dostları və ya digər həkimləri tərəfindən psixiatra istiqamətləndirilməlidilər. Əgər yaxınınız intihar barədə danışırsa, təcili olaraq psixiatra müraciət etmək lazımdır. El arasında belə bir fikir var ki, özünü öldürəcəyini ifadə edən şəxslər heç də özlərinə qəsd etmirlər. Ancaq edilən araşdırmalar bunun əksini göstərir. Əgər sizə yaxın olan insanlardan belə sözlər eşidirsizsə, ən qısa zamanda bir ekspertə müraciət etməsinə kömək etsəniz yaxşı olar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə... Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz iradəsi gücündədir.

TƏQVİM / ARXİV